EN

Xalqla Rəhbərin möhtəşəm birliyinin ən gözəl nümunəsi – qazandığımız Zəfər!



Əziz Ələkbərli
Qərbi Azərbaycan İcmasının sədri,
Milli Məclisin deputatı

1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, bir milyondan artıq azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir. Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salmaqla yanaşı, ölkəmizin iqtisadiyyatına və mədəni irsinə də ağır zərbə vurmuşdur. Ermənistan 30 il ərzində işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə salmış, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv etmiş, Azərbaycana milyardlarla dollar dəyərində maddi ziyan vurmuşdur.
Azərbaycan xalqı 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini və zəfərlə sona çatan Qələbəni gözləyirdi. Ermənistanın 2020-ci il 27 sentyabr tarixli təxribatları bu əmrin verilməsi və işğalçılara qarşı qətiyyətli mübarizəsinin əsası oldu. Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verildi.
44 gün ərzində davam edən və sonda Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən II Qarabağ Müharibəsi tariximizin ən şanlı səhifəsinə, xalqımızın iftixar və qürur mənbəyinə çevrildi. Həmin günlərdə xalqımız öz liderinin – Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək müzəffər Azərbaycan Ordusunun gücünü-qüdrətini və yenilməzliyini dünya qarşısında nümayiş etdirməyə müvəffəq oldu.
Hamımızın cəbhədə gedən döyüşləri həyəcanla izlədiyimiz 44 gün ərzində Prezidentimiz İlham Əliyev müzəffər sərkərdə kimi həm hərb meydanında, həm də diplomatik cəbhədə öz yenilməz iradəsini ortaya qoydu. Sonda ölkəmiz 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevrildi və ərazilərimizin çox böyük hissəsi düşmənin qanlı caynaqlarından xilas edildi. “Qarabağ Azərbaycandır!” reallığı 44 gündə mümkünsüzü mümkün etdi.
Beynəlxalq hüquq normalarına, BMT-nin Nizamnaməsinin 51-ci maddəsinə əsaslanaraq əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə həyata keçirən müasir və qüdrətli Azərbaycan Ordusu işğalçı hərbi birləşmələrə sarsıdıcı zərbələr endirdi, ard-arda yaşayış məntəqələrimizi, strateji yüksəklikləri azad etdi, bununla da adını tarixə əbədi həkk etdirdi. 300-dən çox yaşayış məntəqəsini bilavasitə döyüş meydanında işğaldan azad edən Silahlı Qüvvələrimiz daha bir tarixi missiyasını müvəffəqiyyətlə yerinə yetirdi. Noyabrın 8-də əzəli və əbədi Azərbaycan torpağı – dünyanın mədəniyyət incilərindən olan qədim Şuşa şəhəri Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitlərinin xüsusi məharəti, böyük şücaəti və nümunəvi rəşadəti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində hərbi-siyasi əsarətdən xilas edildi. Düşmənin Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz tərk etməsi Azərbaycanın hərb meydanında qazandığı möhtəşəm qələbənin diplomatiya müstəvisində davamı olmaqla Zəfər tariximizin ən mühüm və parlaq səhifələrindən birinə çevrildi. Azərbaycan ərazi bütövlüyünü hərbi-siyasi yolla təmin etməklə öz qüdrətini bütün dünyaya nümayiş etdirdi. Böyük Zəfər təkcə Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin deyil, eyni zamanda, milli qürurun bərpasının təzahürü idi.
Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. Həmin Bəyanata uyğun olaraq, Ermənistan noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi. 2022-ci il avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. 2023-cü ilin 19 sentyabrında başlanan bir günlük antiterror əməliyyatı isə düşmən qüvvələrin son qalıqlarının darmadağın edilməsi ilə nəticələndi və Azərbaycanın suveren ərazi bütövlüyü tam təmin edildi.

Müharibə dövründə Prezident İlham Əliyev tərəfindən səsləndirilən nitqlər öz emosionallığı ilə fərqlənirdi. Ürəkdən səslənən, xalqın hisslərini əks etdirən hər bir söz, hər bir fikir xalqın hafizəsinə əbədi həkk oldu, dillər əzbərinə çevrildi. Dövlət başçısının gələcəyə ümid dolu sözləri insanları itkilər qarşısında sönməməyə, əksinə qürurla durmağa ruhlandırdı. Vətəndaşlar müharibə dövründə Prezidentin simasında artıq ölkəni idarə edən rəsmi şəxslə bərabər, doğma insan, xalqının yenilməz övladını görürdülər. Prezident İlham Əliyevin müharibə ilə bağlı nitqlərini və çıxışlarını bütün ölkə əhalisi təqdir etdi.”
Bu tarixi Zəfər Azərbaycan tarixinə qızıl hərflərlə yazılmaqla millətin qürur və şərəf simvoluna çevrildi, xalqla rəhbərin möhtəşəm birliyinin ən gözəl nümunəsi kimi əbədiləşdi.







Chosen
52
50
aia.az

10Sources