EN

AMEA Zəfər Gününə həsr edilmiş futbol turnirində təmsil olunur

AMEA Azad Həmkarlar İttifaqının, Yasamal rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının və Yasamal rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Bakı Dövlət Universitetinin futbol meydançasında 8 Noyabr - Zəfər Gününə həsr olunmuş mini futbol idman yarışının açılış mərasimi baş tutub.

Açılış mərasimində AMEA-nın Azad Həmkarlar İttifaqının sədri siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənov, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru dosent Hüseyn Hüseynov, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri kimya üzrə fəlsəfə doktoru Elmir Babayev, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov, Bakı Dövlət Universitetinin rektor köməkçisi Hüseyn Hüseynli, YAP Gənclər Birliyinin üzvü İlqar Quliyev, AMEA-nın YAP ərazi partiya təşkilatlarının və həmkarlar təşkilatlarının sədrləri iştirak ediblər.

Mərasimdə, həmçinin Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov, AMEA-nın Azad Həmkarlar İttifaqının sədri Sənan Həsənov və YAP Gənclər Birliyinin üzvü İlqar Quliyev çıxış edərək Ali Baş Komandının liderliyində Vətən müharibəsində qazanılan tarixi Qələbənin önəmindən danışıb, Prezident İlham Əliyevin adının Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını söyləyiblər. Çıxışların sonunda komandalara müvəffəqiyyətlər arzulanıb.

Açılış mərasimindən sonra Azərbaycan Milli Elmlər Akademiyası ilə Azərbaycan Memarlıq və İnşaat Universitetinin komandaları arasında oyun baş tutub. Oyunda Azərbaycan Milli Elmlər Akademiyası 6-0 hesabı ilə qalib gəlib.

7 noyabrda 2024-cü ildə qalib komandalar arasında final yarışı keçiriləcək.

Chosen
10
ikisahil.az

1Sources