EN

8 Noyab Zəfər Gününü böyük təntənə ilə qeyd edir

Azərbaycan xalqının əzmi və iradəsi, güclü ordusu və xalq-iqtidar birliyi İkinci Qarabağ müharibəsində qələbənin təmin edilməsində ən mühüm amil oldu. 30 illik yurd, Vətən həsrəti, hamını bir amal ətrafında birləşdirirdi.

27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini intensiv atəşə tutdu. Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə əmr verildi. 28 sentyabr 2020 ci ildə ölkəmizdə qismən səfərbərlik elan edildi. Ermənistanla 44 gün davam edən müharibə ərzində 4 oktyabr 2020-ci il, Cəbrayıl, 17 oktyabr 2020-ci il, Füzuli, 20 oktyabr 2020-ci il, Zəngilan, 25 oktyabr 2020-ci il, Qubadlı və 8 noyabr 2020-ci il, Şuşa şəhəri işğaldan azad edildi. Moskvada imzalanan müqaviləyə əsasən, 10 noyabr 2020-ci il Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edildi.
2020-ci il noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonları azad edildi.

Azərbaycanda Zəfər Gününün təsis edilməsi haqqında 02 dekabr 2020-ci ildə prezident fərman imzalandı. Bu sərəncama əsasən ‘’Zəfər Günü’’hər il noyabrın 10-da keçirilməli idi. Lakin 03 dekabr 2020 ci il noyabrın 10-nun Türkiyədə Mustafa Kamal Atatürkün anım günü olduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Zəfər Gününün tarixinin dəyişdirilməsi barədə qərar qəbul etdi. Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq qələbə - Zəfər Günü hər il noyabrın 8- təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır. Əslində, Azərbaycan xalqı iki gün əvvəl - noyabrın 8-dən qələbəni qeyd etməyə başlamışdı. ‘’Dövlət Bayrağı Günü’’ ərəfəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Azərbaycanın tarixi şəhəri, bütün Qafqazın mədəniyyət mərkəzi hesab edilən, öz hərbi-strateji önəmi ilə yanaşı, həm də mənəvi əhəmiyyəti olan Şuşanın şanlı ordumuz tərəfindən azad edildiyini bildirmişdi: "Əziz həmvətənlər, əziz bacılar və qardaşlar! Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir!"

Milli həmrəylik, xalqın etimadı və dəstəyi sayəsində ölkə başçısı bütün diplomatik təzyiqlərə də sinə gələrək, mürəkkəb məsələlərin öhdəsindən uğurla, ləyaqətlə gəlməyi bacardı. Azərbaycan bütün dünyaya həm döyüş, həm də diplomatiya meydanında münaqişənin hərb yolu ilə həllinin mümkünlüyünü sübut etdi.
Bir sözlə, “Qarabağ Azərbaycandır və nida işarəsi”-söyləyən Prezidentimiz hər zaman olduğu kimi bu dəfə də vədinə əməl etdi. 08 Noyabr 2020 ci il xalqımızın tarixinə şanlı, qızıl hərflərlə yazıldı! 30 ildən sonra Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sübuta yetirdik ki, bir qarış torpağımızı belə heç kəsə verən deyilik.

Ancaq düşmən tərəfi bundan da dərs götürmədi və 2023-cü il sentyabr ayının 19-da, təxminən saat 13:00-da Azərbaycan ordusu antiterror əməliyyatı başlatdı. Bununla bağlı məlumat yayan Müdafiə Nazirliyi bildirdi ki, həyata keçirilən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır. O da vurğulanırdı ki, Azəbaycan Ordusu tərəfindən bu əməliyyatın gedişində mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır. Prezident İlham Əliyev antiterror əməliyyatı barədə demişdir: «Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi».

Təsadüfi deyil ki, Prezident İlham Əliyev işğal altında olan torpaqlarımızın mütləq qaytarılacağını hər zaman böyük əminliklə ifadə edirdi: «Mən işğal dövründə deyirdim, bir neçə dəfə deyirdim, hər birimiz azadlıq gününü, bu müqəddəs günü öz işimizlə yaxınlaşdırmalıyıq, yaxınlaşdırırdıq və yaxınlaşdırdıq.Prezident kimi 2003-cü ildən bu günə qədər bütün addımlarım Azərbaycanın gücləndirilməsinə yönəldilmişdir. Vətən müharibəsinə qədər bütün addımlarım bir amala xidmət edirdi ki, biz torpaqlarımızı azad edək, düşməni torpağımızdan qovaq və biz buna nail olduq».

Ən qürurverici məqamlardan biri də 44 günlüg Vətən Müharibəsində Azərbaycan Ordusunda bir dənə də fərarininin olmaması faktı idi.

Müharibədən sonrakı dönəmdə də Müzəffər Ali Baş Komandan dünya dövlətlərinin ədalətsiz münasibəti müstəvisində özünün və xalqımızın humanizm siyasətini belə sərgiləyirdi: «Biz sülh istəyirik, biz müharibə istəmirik. Sülh, amma ədalətli sülh. İrəli sürdüyümüz şərtlər ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və sülh müqaviləsi bu şərtlər əsasında imzalanmalıdır».

Prezident İlham Əliyev milli birliyin daimiliyinin zəruriliyini xüsusi vurğulayırdı: «Milli birlik daimi olmalıdır, çünki Azərbaycanın önəmi artır, dünyada oynadığı rolu artır».

Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin ailə üzvlərinə dövlət və milli dəstək hər daim ölkə başçısının diqqət mərkəzində olub. Bu mənada Prezident İlham Əliyev demişdir: «Vətən uğrunda öz canlarını fəda etmiş qəhrəman övladlarımızın ailə üzvləri dövlət tərəfindən qayğı ilə əhatə olunmalıdır və biz bunu bu gün əyani şəkildə görürük. Öz sağlamlığını itirmiş, yaralanmış qazilər bütün dövlət orqanları tərəfindən daim qayğı ilə əhatə olunmalıdır və biz bunu təmin edirik»

Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı həyata keçirilən genişmiqyaslı sosial dəstək paketinin icrası uğurla davam etdirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin sosial dəstək paketi çərçivəsində postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə veteranları olan 106 min şəxsə 119 min aylıq sosial ödəniş, 24 min şəxsə birdəfəlik ödəmə təyin olunub. Şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib, onlara 6 200 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 528 avtomobil təqdim edilib. Bundan başqa, şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 11 min şəxsə 67 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib, müharibə ilə əlaqədar əlilliyi olan 2 204 şəxs 60 min reabilitasiya vasitəsi, o cümlədən 488 şəxs 594 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub, həmin kateqoriyaya məxsus 23,2 min şəxsin məşğulluğu təmin edilib, o cümlədən 11,2 min şəxs özünüməşğulluq proqramına cəlb olunub. Ümumilikdə, postmüharibə dövründə qeyd olunan sosial dəstək paketi 130 min şəxsi əhatə edərək, onlara dəstəkyönümlü 358 min xidmət göstərilib.

Təhmasib Rüstəmov
YAP Qubadlı Rayon Təşkilatının sədri

Chosen
21
sia.az

1Sources