EN

Müasirləşən Bakı: davamlı inkişaf və tərəqqiyə doğru!

Prezident İlham Əliyev Böyükşor-Pirşağı yeni avtomobil yolunun və Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib

Müasir dövrümüzdə texnologiyalar təkmilləşir, görülən işlərin hər biri insanların rahat, firavan, sağlam həyat sürməsinə yönəldilib. Azərbaycan dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilib. Azərbaycan Prezidentinin yürütdüyü siyasətin məqsədyönlüyü, ardıcıllığı hər bir vətəndaşda gələcəyə daha da böyük inam və əminlik yaradıb. Dövlət başçısının dövrün tələbi kimi qarşıda duran vəzifələri düzgün müəyyənləşdirib, həyata keçirdiyi islahatlarla inkişaf mexanizminin daha da çevikliyinə, işləkliyinə nail olub. Davamlı inkişafa, xalqımızın rifahının yüksəlişinə xidmət edən, sürətlə yeniləşən və müasirləşən yol infrastrukturu da müstəqil dövlətçiliyimizin çox mühüm nailiyyətlərindəndir. Bu sahədə Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanı Prezident İlham Əliyev uğurla davam etdirərək, onu dövrün tələblərinə, zamanın çağırışına uyğun olaraq, daha da zənginləşdirib. Bunun bariz nümunəsidir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son 21 ildə Azərbaycanda sürətli və davamlı sosial-iqtisadi inkişafa nail olunub. Bu inkişafın əsas elementlərindən biri olan yol infrastrukturunun müasir səviyyədə yenidən qurulması istiqamətində ölkəmizdə tarixi layihələr icra olunub. Azərbaycan Prezidentinin Sərəncam və göstərişlərinə əsasən, ölkəmizin hər yerində - paytaxtımızda, eləcə də, regionlarda kənd və qəsəbələri birləşdirən yolların, həmçinin, yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına ayrılan diqqətin nəticəsidir ki, avtomobil yol şəbəkəsi genişlənir, infrastruktur təzələnir və müasirləşir.

Görülən işlərin davamı olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Böyükşor-Pirşağı yeni avtomobil yolunun açılışında iştirak edib. Böyükşor-Pirşağı yeni avtomobil yolunun uzunluğu 12,7 kilometrdir. Yeni yol başlanğıcını Balaxanı qəsəbəsinin ərazisindən (Böyükşor gölü) götürməklə, Digah və Məmmədli qəsəbələrindən keçərək Kürdəxanı və Pirşağı qəsəbələrinə qədər uzanır.

MÜASİRLƏŞƏN YOL İNFRASTRUKTURU

Paytaxtda nəqliyyat axınının tənzimlənməsində böyük rol oynayacaq bu yol 1b texniki dərəcəyə uyğun olaraq ən müasir tələblər səviyyəsində inşa edilib və 6 hərəkət zolağından ibarətdir.

Layihəyə əsasən yolboyu 6 yol ötürücüsü və bir avtomobil keçidi inşa edilib. Bundan başqa, yolboyu 3 yerdə "U" tipli geri dönüş keçidi yaradılıb. Həm nəqliyyat vasitələrinin, həm də piyadaların ərazidə rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün yeni piyada səkiləri salınıb. Yeni avtomobil yolunun hər iki istiqaməti üzrə velosiped zolaqları salınıb, yolboyu müasir işıqlandırma sistemi quraşdırılıb. Layihəyə uyğun olaraq, ayırıcı zolaqlarda və yol kənarlarında əlavə abadlıq işləri görülüb. Bundan başqa, müasir tələblər nəzərə alınaraq yolun 3-cü kilometrində elektrik avtomobilləri üçün enerjidoldurma qurğuları quraşdırılıb. Qeyd edək ki, Azərbaycan Prezidentinin Sərəncamına əsasən, Bakı şəhərinin perspektiv inkişafı nəzərə alınmaqla Böyükşor-Pirşağı avtomobil yolunun tikintisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra olunub. Yol infrastrukturunun yenilənməsi ilə bağlı görülən işlər həm ölkə əhəmiyyətli yolları, həm də kənd yollarını əhatə edir. Bütün bu işlər bir daha sübut edir ki, ölkədə həyata keçirilən dövlət siyasətinin mərkəzində vətəndaşlarımızın rahatlığı və sosial vəziyyətinin yaxşılaşdırılması dayanır.

Bu gün Azərbaycanda dövlət büdcəsi hesabına ən müasir yol infrastrukturu qurulur və irimiqyaslı layihələr icra olunur. İndi istər paytaxt Bakıda, istərsə də bölgələrdə uzanan müasir yollar, ümumilikdə, ölkə əhalisinin təhlükəsizliyini və rahatlığını təmin etməklə yanaşı, regionların sosial-iqtisadi inkişafına da təsir göstərir. Dövlətimizin başçısının tapşırıq və göstərişlərinə əsasən, beynəlxalq əhəmiyyətli yolların inşası ilə yanaşı, yeni kənd yollarının çəkilməsi, mövcud yolların yenidən qurularaq, müasir səviyyəyə çatdırılması istiqamətində də çox mühüm layihələr icra olunub.

"BAKI DOĞRUDAN DA DÜNYANIN ƏN GÖZƏL ŞƏHƏRLƏRİNDƏN BİRİDİR"

Paytaxtımızın daha da müasirləşdirilməsi, şəhərin abadlaşdırılması istiqamətində görülən işlər yaşıllıq zolaqlarının və parkların salınması ilə paralel şəkildə davam etdirilir. Yeni parklarda yaşıllaşdırma, işıqlandırma işləri görülür, müasir oturacaqlar quraşdırılır, uşaq əyləncə zonası yaradılır. Yeni parkların və yaşıllıq zolaqlarının salınması, əhaliyə xidmət göstərən müasir infrastrukturun yaradılması Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi istiqamətində həyata keçirilən əhəmiyyətli tədbirlərdəndir. Bu gün Bakı dünyanın ən gözəl şəhəri kimi inkişaf edir. "Bakıya gələn qonaqlar, o cümlədən mənim həmkarlarım həmişə paytaxtda gedən quruculuq-abadlıq işləri haqqında öz təəssüratlarını bölüşürlər və qeyd edirlər ki, Bakı doğrudan da dünyanın ən gözəl şəhərlərindən biridir", - deyə Prezident çıxışlarının birində bildirib.

Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq Bakı şəhərində həyata keçirilən abadlıq-quruculuq işlərinin həcmi son illərdə daha da artıb. Paytaxt sakinlərinin və ölkəmizə gələn turistlərin istirahəti üçün ən müasir parkların və yeni yaşıllıq zolaqlarının salınması, Bakının qədim tarixi memarlıq nümunələrinin bərpası və müasir binaların tikilib istifadəyə verilməsi ölkəmizdə həyata keçirilən abadlıq-quruculuq işlərinin davamlı xarakter aldığını nümayiş etdirir. Bakıdakı Mərkəzi Park şəhərimizə xüsusi gözəllik verən parklar sırasındadır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib. Mərkəzi Parkın birinci hissəsi 2019-cu il mayın 22-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilib. Parkın ikinci hissəsinin açılışı isə 2022-ci il dekabrın 30-da olub. Prezident İlham Əliyev açılışda iştirak edib. Növbəti mərhələdə isə Mərkəzi Parkın üçüncü hissəsinin 9 hektar ərazisi tam abadlaşdırılıb, burada ən müasir tələblərə uyğun yeni istirahət zonası yaradılıb. Parkın yeni hissəsinin ümumi ərazisi illərdir yığılıb qalmış tullantılardan təmizlənib, torpaq səthi dəyişdirilib və müvafiq aqrotexniki tədbirlər görülüb.

PAYTAXTIN ƏN GÖZƏL İSTİRAHƏT GUŞƏLƏRİNDƏN BİRİ

Ümumilikdə parkın bu hissəsinin 7,4 hektarında 19 növdə 3 min 500 ağac, 25 mindən çox gül və kol bitkiləri əkilib. Burada yaşıllaşdırmanın daha səmərəli olması üçün əraziyə 60 min kubmetrə yaxın münbit torpaq tökülüb, müasir suvarma sistemi qurulub.

Mərkəzi Parkın yaşıllaşdırma konsepsiyasının əsas xüsusiyyəti bu istirahət məkanının ilin fəsillərini özündə əks etdirməsidir. Layihənin ən mühüm xüsusiyyətlərindən biri piyadaların Abdulla Şaiq küçəsinin hərəkət hissəsindən keçmədən maneəsiz gediş-gəlişi üçün yeraltı tunelin inşa edilməsidir. Onun inşası ilə Mərkəzi Parkın 1-ci, 2-ci və 3-cü hissələri arasında tam bağlantı yaradılıb. Ərazidə 3 fəvvarə kompleksi inşa edilib, idman qurğuları quraşdırılıb, uşaq əyləncə, həmçinin futbol-basketbol meydançaları, yaşlı insanların asudə vaxtlarının səmərəli təşkili üçün şahmat və stolüstü oyun meydançaları salınıb. Həmçinin burada süni göl və ətrafında söhbətgahlar yaradılıb ki, bu da şəhərimizin qonaqlarının və sakinlərin istirahətlərini daha maraqlı etmək üçün mühüm rol oynayır.

İstirahət parkında müasir işıqlandırma sistemi də qurulub. Ərazinin abadlaşdırılması zamanı burada XIX əsrin sonu-XX əsrin əvvəllərində inşa edilən və yerli sakinlər arasında "Təndir Hamamı" kimi tanınan tarixi-memarlıq abidəsi bərpa edilərək əvvəlki simasına qaytarılıb. Parkın ətrafındakı tarixi və digər yaşayış binaları əsaslı təmir olunub, Süleyman Tağızadə və Nabat Aşurbəyova küçələrinə yeni asfalt örtüyü döşənib, piyada səkiləri və parklanma yerləri yaradılıb, işıq dirəkləri quraşdırılıb və digər işlər görülüb.

Ümumilikdə Mərkəzi Parkın üçüncü mərhələsinin tikintisi yekunlaşdıqdan, ərazidə yeni yaşıllaşdırma və abadlıq işləri görüldükdən sonra Təzəpir məscidi kompleksinin və Süleyman Tağızadə küçəsində yerləşən İmam Hüseyn məscidinin mənzərəsi tam olaraq açılıb.

Beləliklə, Mərkəzi Parkın üçüncü hissəsinin istifadəyə verilməsi ilə keçmiş "Sovetski" adlanan ərazidə salınan parkın ümumi sahəsi 35,4 hektara çatdırılıb və bura paytaxtın ən gözəl istirahət guşələrindən birinə çevrilib. Mərkəzi Parkın yeni istifadəyə verilən üçüncü hissəsi də paytaxtımızın daha da gözəlləşməsi, şəhərdə yaşıl guşələrin sayının artırılması və insanların səmərəli istirahəti baxımından mühüm əhəmiyyət daşıyır.

Göründüyü kimi, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq Bakıda həyata keçirilən abadlıq-quruculuq işləri paytaxtımızın gözəlliyinə yeni naxışlar həkk edir.

Zümrüd BAYRAMOVA

Chosen
36
1
sesqazeti.az

3Sources