EN

Qurban Qurbanov qalibiyyət üçün bütün planlarını işə salmalıdır -TƏHLİL

Bu gün Azərbaycan təmsilçisi “Qarabağ” Avropa Liqasının Liqa mərhələsində IV tur matçına çıxacaq.
Ağdam klubu səfərdə Norveç “Budyo Qlimt”i ilə qarşılaşacaq.
“Aspmira” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.
Matçı Portuqaliyadan olan hakimlər idarə edəcəklər.
Avropa Liqası, Liqa mərhələsi, IV tur
21:45. “Budyo Qlimt” (Norveç) - “Qarabağ” (Azərbaycan)
Hakimlər: Luiş Qodinyu, Ruy Teyşeyra, Pedro Almeida, Andre Narsişu (Portuqaliya)
Xatırladaq ki, Qurban Qurbanovun komandası 1-ci turda “Tottenhem”ə (0:3), 2-ci turda “Malmö”yə (1:2), 3-cü turda isə “Ayaks”a (0:3) məğlub olub.                       

Axşamkı matçı dəyərləndirən İctimai Televiziyanın İdman departamentinin rəhbəri Kənan Hakimov "Sherg.az"a söyləyib ki, fikrimcə, "Qarabağ" bu oyunda qalib gələcək:                      

"Doğrudur, "Budyo Qlimt" Avropa Liqasının liqa fazasında "Braqa" və "Porto" kimi komandaları məğlub edib. Həmçinin, 3 oyundan sonra, məğlubiyyətsiz olaraq irəliləyirlər və 7 xalları var. Öz çempionatlarında da çox ağır oyunlarla qarşı-qarşıya gəliblər. Beləki "Lüksemburq"a 2-3 hesabı ilə uduzublar. "Molde" ilə matç isə bərabərə bitib. Bir sözlə, "Qarabağ"-ı çətin görüş gözləyir. Ümid edirəm ki, təmsilçimiz uğurlu nəticə əldə edəcək. Təəssüf ki, komandamızda itkilər var. Əsas heyyət üzvləri olan Julia Romaonun və Elvin Cəfərquliyevin yoxluğu ciddi itkidir. Lakin Qurban Qurbanov onları sığortalamağı bacaracaq". 

İdman jurnalisti Ağa Dadaşzadə isə deyib ki,bu günki oyun "Qarabağ" üçün olduqca əlamətdardır:             

"Çünki təmsilçimiz məğlub olduğu təqdirdə növbəti mərhələdə iştirak etmə şansını itirəcək. Yəni, "Qarabağ" hökmən qalib olmalıdır. Bildiyiniz kimi, turnir cədvəlinin son sırasındayıq. Fikrimcə, bu oyun növbəti mərhələnin taleyini həll edəcək. Çünki bundan sonra güclü rəqiblər var. Bir sözlə, xal qazanmağımız vacibdir.  "Qarabağ" ı çətin oyun gözləyir desək, yanılmarıq. Nəzərə almaq lazımdır ki, rəqib hazırlıqlı, kompakt futbol oynayan, nəzarəti qoruyan komandadır. Güman edirəm ki, "köhlən atlar" rəqibi yaxşı analiz edib. Qurban Qurbanov qalibiyyəti əldə etmək üçün bütün planlarını işə salmalıdır".
Chosen
31
sherg.az

1Sources