11-22 noyabr tarixlərində Bakıda COP29 konfransı keçiriləcək. Cəmi 4 gün sonta başlayacaq konfransda 100-dən artıq ölkənin liderinin iştirak edəcəyi gözlənilir. Artıq tədbirə hazırlıqlar tam başa çatmaq üzrədir.
Milli Məclisin deputatı Naqif Həmzəyev Modern.az-a açıqlamasında bildirib ki, bu günə qədər keçirilən COP tədbirlərinə nəzər yetirsək, görərik ki, həmin tədbirlərə hazırlıqla əlaqədar müəyyənləşdirilmiş ölkələrin ən azı 2 il zamanı olurdu.
"Bu da hazırlıq üçün kifayət qədər yetərli vaxtdır. Ancaq Azərbaycanın COP29-a hazırlıq üçün 10 aya yaxın müddəti var idi. İnanın ki, hazırlıq prosesi yüksək səviyyədə dəyərləndirə bildik. Xarici ekspertlərin və bu prosesləri daimi izləyən mütəxəssislərin rəyini nəzərə alsaq, demək olar ki, Azərbaycan hazırlıq prosesini həyata keçirməklə əlaqədar heç də iki il zamanı olan dövlətlərdən geri qalmayıb. Əksinə Azərbaycan bu prosesi düzgün dəyərləndirərək daha fərlqi hazırlaşıb. İnanıram ki, ölkəmizdə keçiriləcək COP29 bu tədbirlərin gələcəkdə keçirilməsi ilə bağlı yeni kriteriyalar və yanaşmaları ortaya çıxaracaq ki, bundan sonra keçiriləcək COP tədbirləri üçün həmin ev sahibləri daha məsuliyyətli olacaqlar və daha çox enerji sərf edəcəklər ki, Azərbaycanda keçirilmiş tədbirlərə bərabər bir tədbir keçirə, ev sahibliyi edə bilsinlər”.
Millət vəkili bildirib ki, bu tədbirlərin məqsədi birbaşa olaraq ətraf mühitin qorunması və iqlim dəyişikliklərinə qarşı birgə mübarizəni təşkil etməkdir:
“COP29 məhz bundan öncəki konfranslar zamanı qəbul edilmiş qərarların icrası ilə bağlı maliyyə axtarışlarının həyata keçirilməsi və maliyyə öhdəliklərinin yerinə yetirilməsi ilə səciyyələnir. İnanıram ki, Azərbaycanda keçiriləcək COP29 zamanı dünya dövlətləri öz öhdəliklərini yeniləyəcəklər. Bu öhdəliklərin reallaşdırılması ilə bağlı maliyyə məsələlərində də real addımların şahidi ola biləcəyik. Eyni zamanda Gələcək üçün daha təhlükəsiz, sağlam və təmiz bir planetin qorunub saxlanması istiqamətində dövlət çox önəmli addımlar atacaqlar. Zəhərli qazlarının bruaxılmasının azaldılması, istixana qazlarının ətraf mühitə buraxılmasının qarşısının alınması və iqlimdəki 1.5 dərəcə isinmənin həddinin qorunması saxlanılması üçün real addımların atılacaq. Azərbaycan klassik enerji resursları istehsal edən ölkə olması ilə yanaşı eyni zamanda Yaşıl enerjiyə keçidi təbliğ edən və böyük layihələr həyata keçirən bir dövlətdir. Tezliklə Azərbaycan Yaşıl enerjinin Qara Dənizin dibindən keçməklə Şərqi Avropa ölkələrinə nəql edilməsinə nail olan ilk ölkə statusunu da qazanacaq. Azərbaycanın Avropadakı partnyorları da bu layihənin aktiv iştirakçılarıdır. İstehsal olunan Yaşıl enerji 2030-cu ilə qədər imkan verəcək ki, Azərbaycan özü də bu enerji növünə keçidi sürətləndirsin.
N.Həmzəyev qeyd edib ki, 2050-ci il üçün nəzərdə tutuğumuz öhdəlikləri qısa müddətdə reallaşdıra biləcəyik:
“Tezliklə Yaşıl enerjiyə keçid həddinin 30%-i keçməsinə nail ola biləcəyik. COP29-un keçirilməsi, bu tədbirin davamı olaraq bizim və digər dövlətlərin götürdüyü öhdəliklər nəticə etibarilə həmişə xoş xatırlanacaq. Bununla yanaşı Azərbaycanın irəli sürdüyü bir çox yeni idealar var ki, bu da ənənəyə çevriləcək. Azərbaycan tərəfinin irəli sürdüyü atəşkəs və müharibələrin dayandırılması ideyası COP tarixində ilk dəfədir ki, həyata keçiriləcək. Biz inanırıq ki, COP29 keçirilən müddətdə heç bir münaqişə, müharibə olmayacaq, bütün silahlar susacaq. Nəticə etibarilə bu həm sülhə bir çağırışdır, həm də ətraf mühitin çirkləndirilməsi və havaya atılmış silahlar, raketlər və bombalar vasitəsilə çirkləndirmə dayandıralacaq. Bu bəlkə də bir çox münaqişələrin sülh yolu ilə həllinə əla bir töhfə olacaq. Bir sözlə Azərbaycan dövləti bu ağır və məsuliyyətli işin öhdəsindən uğurla gəlib. Biz inanırıq ki, COP29 zamanı Azərbaycana səfər edəcək dövlət liderləri, ekspertlər və mütəxəssislər ölkəmizlə bağlı xoş fikirlərini və təəssüratlarını hər zaman söyləyəcəklər. Azərbaycan COP tarixində qəbul edilmiş ən önəmli qərarların məkanı olaraq daim xatırlanacaq. İnanıram ki, regionumuz və dünya üçün burada qəbul edilən qərarlar çox önəmli və əhəmiyyətli olacaqlar”.