EN

CAREC-in İqlim Dəyişikliyi üzrə Fəaliyyət Planı COP29-da təqdim ediləcək

Mərkəzi Asiya Regional iqtisadi Əməkdaşlıq Proqramının (CAREC) İqlim Dəyişikliyi üzrə Fəaliyyət Planı Bakıda keçiriləcək COP29 iqlim konfransında təqdim ediləcək.

“Report” "Kazinform"a istinadən xəbər verir ki, bu barədə bu gün CAREC-in Astanada keçirilən regional enerji təhlükəsizliyi və iqlim dəyişikliyi məsələlərinə həsr olunmuş 23-cü nazirlər konfransında bildirilib.

Konfransda CAREC ölkələri, inkişaf üzrə tərəfdaşlar və Asiya İnkişaf Bankının (ADB) nümayəndələri iştirak edirlər. Bu il konfrans regional enerji təhlükəsizliyi, iqlim dəyişikliyi və regionda qarşılıqlı əlaqələrə həsr olunub. Bundan başqa, konfransın gündəliyinə daxil olan əsas məsələlər arasında iqlim dəyişikliyi problemlərinin həllinə yönəlmiş regional layihələrin hazırlanmasına xüsusi diqqətin yetirildiyi CAREC 2030 Strategiyasının ortamüddətli icmalı yer alır.

ADB-nin Mərkəzi və Qərbi Asiya Departamentinin baş direktoru Yevgeni Jukov çıxışında CAREC-in İqlim Dəyişikliyi üzrə Fəaliyyət Planının həyata keçirilməsinin vacibliyini qeyd edib: "Ümid edirik ki, nazirlər sabah bu iqlim planını dəstəkləyəcəklər və o, gələn həftə Bakıda təqdim olunacaq".

Regionun problemlərindən danışan Y.Jukov qeyd edib ki, onlardan ən aktualı iqlim dəyişikliyidir. Bundan əlavə, o, geosiyasi kontekstdə regional iqtisadiyyatın stimullaşdırılması üçün müxtəlif ticarət yollarının inkişafının vacibliyini vurğulayıb. Baş direktor bildirib ki, Orta Dəhliz Qazaxıstan, Özbəkistan, Azərbaycan və Gürcüstan arasında nəqliyyat, enerji və rəqəmsal əlaqələrin yaxşılaşdırılmasına yönəlib.

Konfrans noyabrın 8-də öz işini davam etdirəcək və regionun dayanıqlı inkişafına yönəlmiş əlamətdar təşəbbüslər çərçivəsində maliyyələşdirilmə və əməkdaşlıq məsələlərinin müzakirəsinə həsr olunacaq.

Lalə Minasazova

Chosen
34
far.az

1Sources