EN

Müəllim deyərdim sənə, bu gün şəhidsən deyirəm

…O hadisədən sonra özümə qapanıb çox düşündüm. Həm özümlə danışmağa çalışırdım həm də tanrıyla. Hər dəfə eyni nəticəyə gəlirdim, “Tanrı ədalətsizdir”…

Zaman elə sürətli axıb gedir ki, macal vermir başını qaldırıb ətrafındakıların gözünə doyunca baxasan. Bəzən bir toxunuşu, bir səsi, bir baxışı da sənə çox görür. Biz də “zamanı günahlandırıb” şikayətlənirik. Halbuki əsl günahkar bizik. Zamanın bizə tanıdığı vaxtı düzgün dəyərləndirmir, heyif edirik.

Müəllim – bu sözün hikmətini, anlamını, yükünü anlamaq ilk anda sadə gələ bilər. Sadəcə bir neçə kəlmə ilə onu izah etməyə çalışırıq, nəzəri olaraq. Amma əyani izaha hələ rast gəlməmişdim. Ta ki, Famil müəllimi tanıyana qədər…

Son Yazılar:

Eh, müəllim, kaş başqa bir yazı yazardım, duruxduğum yerdə səndən kömək alardım. Amma neyləmək olar!?

Məktəb illərində hələ aşağı siniflərdə oxuyarkən Famil müəllim haqqında çox eşidirdim. Bir neçə məktəb tədbirində də qarşılaşmışdıq.Amma şəxsən tanışlığımız yox idi. Ta ki, mən 7-ci sinifdə 3 nömrəli məktəb-liseyi qazanıb Famil Əhmədzadənin sinfinə daxil olanadək. Sinif rəhbəri kimi ilk gündən öz görkəmi, nitqi, şirin zarafatları, ciddi duruşu ilə hamımızın diqqətini çəkməyi bacarmışdı.

 Tanışlıq günü məni sinif uşaqlarının içindən seçib, adımı soruşub, lövhəyə çıxarıb “hər kəs bax belə gəlməlidir məktəbə” deməsi aramızda olan bağın ilk daşları idi bəlkə də. Gəldiyim sinifdə onun əvvəllər də dərs deyib, tanıdığı şagirdlər də var idi. Amma o həmin günü sinifə məni nümunə görsətməklə ilk gündəcə demokratiya dərsi vermişdi bizə. Nizam intizam məsləsinə hələ o vaxtdan önəm verirəm. Aramızda olan bu ortaq xüsusiyyət bizi yaxınlaşdırırdı.  Famil müəllim nizam-intizam, səliqə səhman məsələsində onu tanıyan hər kəsə nümnə olub. Hava şəraitindən aslı olmayaraq, yolların çirkabından aslı olmayaraq o həmişə məktəbə gələndə  gözləri kimi üst-başı da parıldayırdı. Təbi ki, kişi üçün bu qədər baxımlı, səliqəli olmaq nəinki həmcinslərinin, hətta müəllimələrin də paxılllığına səbəb olurdu. Özü kimi tələbələrinin də həm vizual, həm əxlaqi pak, elmdə isə kamil olmasını istəyirdi və bu yolda əlindən gələni əsirgəmirdi. Tarix dərsini elə tədris edirdi ki, bu fənnə marağı olmayanlar belə Famil müəllim adına dərsə hazırlıqlı gələrdilər. Famil müəllimin tez-tez sinifdə keçirdiyi Tarix dərsi bilik yarışmaları onun şagirdlərə verdiyi həvəsləndirici hədiyyələrlə yekunlaşardı. O vaxt uşaq ağlımızla hədiyyə qazandığımızı düşünsəkdə indi Ankara Hacı Bayram Veli (keçmiş Gazi) universitetindən bu yazını yazmaqla başa düşürəm ki, bizim qazancımız təkcə o hədiyyələrlə yekunlaşmayıb.

  Dərslər barəsində sinifdə birinci olmamışam. Amma Famil müəllimə görə əlimdən gələni eləməyə çalışmışam. Ən azı keçirdiyi tədbirlərdə həm özüm təcrübə əldə eləməyə həm onun tədbirinin yaxşı keçməsinə cəhd göstərmişəm. Müəllimin dediklərinə görə bu məndə yaxşı alınırdı. Tədbir sonu verdiyi məsləhətlər, motivasiya dolu cümlələr məni və yoldaşlarımı növbəti tədbirlərə, layihələrə sövq edirdi. Beləliklə il boyu tədbirlərdə olan iştirakım, tamaşalarda baş rolların Famil müəllimin israrı ilə mənə verilməsi mənim də öhtəmə düşən vəzifəfəni layiqincə yerinə yetirmə cəhdlərim 10-cu sinifdə mənə sinif nümayəndəsi olmaq imkanını verdi. Müəllimin bu vəzifəni mənə verməsi əslində bir qədər qəribə görünürdü hamıya. Çünki sinifdə məndən qat-qat savadlıları var idi. Amma zamanla anladım ki, həyatda savadlı olmaqdan da vacib, önəmli məsələlər var. Çox güman ki, Famil müəllim bunu məndə görmüşdü. Mən də öz növbəmdə mənə olan inamı,etibarı doğrultmağa çalışırdım. Heç vaxt Famil müəllimdən yox kəlməsi eşitməmişəm. O qədər çərçivəli səmimi münasibət yaratmışdı ki, zatən insan ona “yox” eşidəcəyi nəyisə deməzdi. Ofisiant işlədiyim zaman stolu hazırlamaq üçün arasıra istədiyim icazələri analayışla qarşılardı. O qədər mənə inanırdı ki, artıq bir neçə müddətdən sonra özümü narahat hiss etdiyim üçün etdiyim zənglərdə səbəb soruşmadan mənə icazə verərdi. İcazə məsləsində cəmi bir dəfə yalan danışmışam. O da əslində şirin bir yalan idi. Sinif olaraq müəllimin doğum günü üçün nəsə etmək istəyirdik. Təklif elədim ki, müəllimin tablosunu hansısa rəssama çəkdirək. Bir az konfiliktli fikirlər olsa da nəticədə bunu eləmək qərarına gəldik. Və tablo hazır olan gün onu götürmək üçün müəllimdən icazə aldım amma təbii ki, səbəbini gizlətdim. Axı bu sürpriz idi. Uşaqlarla yığdığımız kiçik məbləği götürüb portreti  paketlədib gətirdim. Sözün düzü rəssamın işi o qədər ürək açan olmamışdı. Amma yenə də müəllim bunu bizə hiss elətdirmədi və hamımıza ayrı-ayrılıqda səmimi qəlbdən təşəkkür elədi. Hə bir də pul yığmaq demişkən. Famil müəllimin ən çox zəhləsi gedən məsələlərdən biri də sinifdə pul yığılması olub. Heç vaxt bu barədə nə özü addım atmayıb nə də bizə şərait yaratmayıb. Sinfin ehtiyaclarını həmişə öz cibindən qarşılayardı. Elə buna görə də portret üçün pul yığarkən çox həyəcanlı idik ki, “Müəllim bilsə əsəbləşər”. Bu yazdıqlarım bəlkədə müəllimi radikal biri kimi göstərə bilər. Amma əsla o belə deyildi. Əksinə çox demokrat davaranardı hamıya. Sinifdə bərabərliyi təmin edər, hər kəsin öz fikrini bildirməsi üçün şərait yaradardı. Yaşımızdan aslı olmayaraq bizi cəmiyyətdə yetişkin bir fərd olaraq qəbul edirdi və buna hazırlayırdı. Bütün bu sadaladıqlarım sadəcə siniflə bağlı deyildi. Onun olduğu hər yerə bunları şamil eləmək olar. Dərsdən əlavə hazırlıqlarında,tamaşalarında, tədbirlərində və s. Əxlaqı, bacarığı, savadı ilə nəinki məktəbdə bütün İsmayıllıda hörmət qazanmışdı müəllim.

  1. ci sinifdə Son Zəng hazırlıqlarımızda şəxsən özü iştirak edirdi.Üniversitetə qəbul imtahanlarına az qaldığı üçün bizim bu tədbirə əlavə vaxt sərf etməməyimiz üçün dərs zamanlarından ayrımlar edər birlikdə çalışardıq. Amma sonrasında covid-19 pandemiyasının başlaması nə məktəbə gəlməyə imkan verdi, nə də son zəngə.Məktəbdən, dərsdən əlavə hazırlıqlardan ayrı düşmək imtahanlar dönəmində ola biləcək ən pis hadisə idi. Famil müəllimsə buna əla çıxış yolu tapmışdı. “Zoom” platforması ilə şagirdlərini bir araya gətirmişdi və hazırlığa qaldığımız yerdən davam elədik. İmtahana az müddət qalmış ölkədə toplaşmanın qadağan olunduğu bir vaxtda özünü riskə ataraq şəhərin mərkəzində əyani hazırlıqlarını bərpa elədi. Düşünülə bilər ki, bu qanunları pozmaq idi. Amma belə demək də ədalətsizlik olardı. Axı o bunları pul üçün yox vətən üçün edirdi. Hələ onun bir dəfə belə olsun kimisə pula görə sıxışdırdığını görməmişəm. Həmişə qanunların vacibliyindən, danışan müəllim, onları pozmadan necə uyğun hərəkət edəcəyini də çox gözəl bilirdi. Bu “sirr” barəsində də bizə tez-tez danışardı.

   Keçdiyi tədris, verdiyi məsləhətlər çoxlarının həyatında qızıl səhifələr açamasına səbə olub. O, cümlədən mənim də. Üniversitetə daxil olmağımda bilavəsitə onun əməyi var. Bunun üçün istədiyim ixtisasa qəbul olduğum andaca birinci zəngimi Famil müəllimə elədim. Bakı Dövlət Universiteti, jurnalistika. Bu ixtisasa bəlkədə Famil müəllim özü də bilmədən yönəltmişdi məni. Layihələrdə ön sıralara məni qoyması ilə, tədbirlərdə mənə aparıcılıq verməsi ilə. Gələcək kayera planlarımı düşündükdə “nə yaxşı ki, bu ixtisas” deyirəm. Ona görə karyeram hansı nöqtəyə doğru irəliləsə də Famil müəllim bunun əsas səbəkarlarından biri olaraq qalacaq. Beləliklə mənim timsalımda yüzlərlə şəxs də hər il olduğu kimi Famil müəllim sayəsində müxtəlif ali məktəblərə qəbul oldu. Bu müəllimin öz missiyasını növbəti dəfə layiqincə yerinə yetirdiyi anlamına gəlirdi. İndisə onun önündə daha böyük bir missiya var idi. Kim bilərdi ki, bu sonuncu olacaq.

Famil müəllim həm keçirdiyi tədbirlərədə, həm iştirak etdiyi layihələrdə həm də tələbələri ilə olan söhbətlərində ətrafa vətənpərvər düşüncələr aşılayırdı. Öz patriot tərəfini verdiyi tarix dərslərində göstərdiyi azmış kimi bir də əyani olaraq bunu görsətdi. Müəllimin könüllü olaraq cəbhəyə yollanacağını eşidəndə inanmağım gəlmədi. Elə həmin dəqiqəcə özünə zəng elədim. Nə yaxşı ki, elədim. Düşüncələrini şəxsən öz dilindən eşitdim. “Vətənə borcumuzu qaytarmağa gedirik” dedi. . Sağollaşdıq… Günlər sonra gələn şəhadət xəbəri… Mənə bu xəbəri verənə necə əsəbləşmişdim. Ki, “dəli olmusan, bu nə yalan xəbərlərdi yayırsan!?”. Təhqir edib telefonu söndürmüşdüm. Bir neçə gün sonra bayrağa bürünmüş tabutu görəndə… Donub qalmışdım. Gözümün önündə məzar qazılır, insanlar toplaşır, mənsə seyr edirdim. Hərkəs gedəndən sonra məzara yaxınlaşıb torpağını var gücümlə sıxdım. Bilmirəm niyə. Amma həmin torpaqlar istəmsizcə əllərimdə qalmışdı. Evə gedənə qədər əllərimi yumadım. Evə çatanda əllərimdəki torpağı paketləyib, bir neçə qutunin içinə qoyub bərk-bərk yapışqanlı lentlə sarıdım.

 Müəllimi torpağa tapşırandan sonra evdə rahatlıq tapa bilmirdim.O hadisədən sonra özümə qapanıb çox düşündüm. Həm özümlə danışmağa çalışırdım həm də tanrıyla. Hər dəfə eyni nəticəyə gəlirdim, “Tanrı ədalətsizdir”. Amma yanılırdım. Bu dünyada öz missiyasını yerinə yetirmiş təmiz bir insanın, bu çirkab dolu dünyada daha çox qalması ədalətsizlik olardı. Ona layiq olmayanların onu görməyi, eşitməyi onlar üçün bu qədər şərəf yetərli imiş demək ki.

       Əlimə düşən ilk fürsətdəcə onun yanına (məzarına)gedirdim. Yarım qalan söhbətimizi davam etdirirdik. Bir dönəm o qədər çox bağlanmışdım ki, hər gün sübh tezdən qalxıb , Şəhidlər Xiyabanına gedirdim. Günəşin doğmasını bir yerdə seyr edirdik. Düşünürdüm ki, Famil müəllimi görmək üçün yalnız məzarına getmək lazımdır. Amma yanlımışam. Sən demə Famil müəllimi görmək, onunla danışmaq üçün bir neçə saniyəlik gözlərimi yummaq kifayət imiş…

 Həmin il necə gəlib getdi heç bilmədim də. Bir də baxdım ki, artıq 2-ci kurs tələbəsiyəm. Yavaş-yavaş sarsıntıdan ayılırdım deyəsən. Amma İsmayıllıya yolum düşən elə bir vaxt olmadı ki, müəllimimi ziyarət eləməyim. İllər keçdikcə unudaram deyə qorxurdum bəzən. “Amma əksinə, hiss edirəm ki, keçən hər saniyə məni sənə daha çox yaxınlaşdırır, müəllim”.

      2024-cü il avqust ayının 6-sı Ankarada istədiyim ixtisas olsan Piarın magistratura pilləsini Türkiyə dövlətinin dəstəyi ilə təqaüdlü təhsil proqramında oxuma şansı əldə elədim. Eyniylə Jurnalistikaya qəbulanda müəllimə elədiyim zəng yadıma düşdü və İsmayıllıya gəlib müəllimə bu uğurumuzu çatdırdım. Sonra bu məzara uzun müddət gələ bilməyəcəyimi fikirləşəndə ağlıma bir ideya gəldi. 4 il əvvəl gizlətdiyim torpağın qutusunu açmaq qərarına gəldim. Torpağa toxunanda bütün bu yazdıqlarımdan da daha artığı saniyələr içində beynimdə canlandı. Sonra torpağı bir dizaynerə verib sadə bir boyunbaq düzəltməsini xahiş elədim. Bilmirəm niyə amma özümü o boyunbağını taxanda çox özgüvənli hiss edirəm…

Müəllim deyərdim sənə, bu gün şəhidsən deyirəm

İlk görüşdən “siz” deyərdim, bu gün sizə “sən” deyirəm

Yox , yox qəmli deyiləm, qürurluyam şən deyirəm.

Niyə belə oldu axı, aradabir hərdən deyirəm

Müəllim deyərdim sənə, bu gün şəhidsən deyirəm

Övlad dağı acı olur, cavan ana artıq qoca

Fəxr eləyir küskün ata, vətən başın tutub uca

Bir vaxt yanan ocağda, tüstüsüzdü indi baca

Gedən dönməzmi geri? Düşünüb bəzən deyirəm

Müəllim deyərdim sənə, bu gün şəhidsən deyirəm

Yerini denən haradasan? Dünyanı dolaşım, gəzim

Həm maddi, həm mənəvi, cahanı dolaşım gəzim

Bircə işarə ver ki, hər yanı dolaşım gəzim

Canım, gözüm, özüm fəda, inan ki, şəxsən deyirəm

Müəllim deyərdim sənə, bu gün şəhidsən deyirəm

Şəhidim cənnətə rizvan, gedib özü bilə-bilə

Sağollaşıb görüşmədik,  hicran qəmi olmur belə

Vüsal günü yaxındadır, son görüş olmayıb hələ

Görüşəcəyik biz əlbət,  bunu sənə mən deyirəm

Müəllim deyərdim sənə, bu gün şəhidsən deyirəm

Müəllim deyərdim sənə, bu gün şəhidsən deyirəm

 Ziya Muharrem

Chosen
31
viral.az

1Sources