EN

“Paşinyan ona vəd olunanların heç birini əldə edə bilmədi” – “Azərbaycan şərtləri qəbul olundu”

“Mübaliğəsiz deyə bilərik ki, Trampın qələbəsindən sonra dünyada yeni mərhələnin başlanğıcı qoyuldu. Məsələ burasındadır ki, dünyanı nəzarəti altına alan, öz tələblərini diqtə edən qlobalist hakim sinif formalaşmışdı. Bu da birqütblü dünyada ABŞ-nin hökmranlığı üçün yetərli deyildi.  Belə hallarda mübarizə başlayır və istənilən imperiyanın qarşısında iki yol dayanır. Ya resurslarını cəmləşdirməli, ya da istər-istəməz birbaşa böhranla üzləşməlidir”.

KONKRET.az xəbər verir ki, bu sözləri “Erməni Milli Konqresi” partiyasının sədr müavini Levon Zurabyan bildirib. O sözlərini belə davam etdirib:

“Amerikada da belə idi. Bayden administrasiyasının Trampla mübarizəsi bunun nəticəsi idi. Trampın qələbəsi Amerika xalqının bu cür siyasətə qarşı üsyanı oldu. ABŞ indi hər yerdə öz iradəsini diqtə etmək ambisiyalarını məhdudlaşdırmalı və qənaət olunan vəsaitlə daxili həyatı tənzimləməlidir. Trampın dediyi budur. ABŞ-də vəziyyət doğrudan da dəhşətlidir. Orada  ciddi kriminal vəziyyət yaranıb, biznes şəbəkələri  buna görə bağlanır. İqtisadiyyatda ciddi problemlər hökm sürür. Bütün bunlar anarxik mühitin formalaşmasına səbəb oldu və insanlar üsyan etdilər. Tramp qeyri-qanuni immiqrasiyaya qarşıdır. O, Amerika xalqının tələb etdiyi nizamın tərəfdarıdır. Trampın vəd etdiyi qızıl dövr də bununla bağlıdır. O, 3-cü dünya müharibəsinə qarşıdır.

Bu dəfəki seçkilərdə media, sosial şəbəkələr, “Facebook” və “YouTube” Demokratlar Partiyası və Bayden administrasiyasının nəzarəti altında Kamala Harrisi dəstəkləyib. “X” sosial şəbəkəsini satın alan İlon Mask bu baxımdan vəziyyəti bir qədər dəyişməyə nail ola bilmişdi. Harrisə kömək üçün hətta Britaniyadan böyük bir dəstə ABŞ-yə göndərildi. Hər şey Trampa qarşı istifadə olundu. Bununla belə, Tramp təslim olmadı, hər şeyin öhdəsindən gəldi. Trampın qələbəsi həm də demokratiyanın qələbəsidir. Bugünkü Tramp 8 il əvvəlki Tramp deyil. O, 2016-cı ildə ABŞ-ni idarə etməyə hazır deyildi. İndi isə vəziyyət başqadır. 8 il ərzində Respublika Partiyasının tərkibi dəyişib və təşkilat yeni Tramp dönəminə hazırdır. Robert Kennedi, İlon Mask, Pol Rayan və digər fiqurlar Trampın komandasında təmsil olunur.  Amerikada Milad bayramının nə demək olduğunu artıq unudublar. Xristianlıq hansısa lənətə gəlmiş sektaya çevrilib. Qələbə nitqində Tramp milli kimliyin, adət-ənənələrin və əsl demokratiyanın bərpasının əsasını qoyub, Milad bayramının qeyd ediləcəyini vəd edib.

Tramp Rusiyaya qarşı müharibə aparmaq üçün Ukraynanın maliyyələşdirilməsinin qəti əleyhinədir. Siyasətçi hesab edir ki, bu müharibə Ukraynanı tamamilə dağıdacaq. Tramp bildirir ki, Rusiya ilə münaqişə heç bir məqsədə xidmət etmir. Bununla ABŞ asanlıqla Rusiyanı Çinin qucağına atır və yeni cəhbə formalaşır.

Tramp başa düşür ki, Rusiya-Qərb münaqişəsi bütün dünyanı təhdid altına alır. Bu məsələ həll olunarsa, dünya daha təhlükəsiz olacaq.

ABŞ Netanyahunun istəyi ilə İrana qarşı müharibəyə başlasa, vəziyyət nəzarətdən çıxacaq. Amma ekspertlərin qənaətincə, həm İran, həm də ABŞ bundan qaçmaq istəyir. Trampın Netanyahunun sxeminə uyğunlaşacağı ağıla batan deyil.  Tramp nə qədər israilyönlü olsa da, o, İsrail lobbisindən azad olacaq yeganə şəxs, yeganə dövlət adamıdır. Onun yəhudilərdən heç bir gözləntisi yoxdur. Bəli, İsrail lobbisi istənilən siyasi gücə təsir etməyə qadirdir və dünyadakı siyasətçiləri maliyyələşdirməklə öz məqsədlərinə nail olmağa çalışır. Trampda isə bu cür problem yoxdur. Tramp daha böyük xalq dəstəyinə malikdir, o, Kamala Harrisdən 5 milyon çox səs toplayıb. Bu mənada o, ən azad siyasətçi olacaq. ABŞ silah vermədiyi anda İsrail Fələstinə və Livana hücumu  dayandıracaq.

Böyük ehtimalla Tramp NATO ideologiyasını dəstəkləməyəcək. Onun üçün prioritet ABŞ-nin maraqlarıdır. Dünya üçün hərbi münaqişədənsə, iqtisadi münaqişənin olması daha yaxşıdır. Trampın qələbəsi Ermənistanın planlarını da alt-üst etdi. Nikol Paşinyan hesab edirdi ki, Bayden administrasiyası dönəmində olduğu kimi Harris dövründə də Ermənistana siyasi dəstək ifadə olunacaq. Ermənistan Qərbin vədinə inanıb Azərbaycanın şərtlərindən yayınmağa çalışırdı. Onlar elə güman edirdilər ki, Zəngəzur dəhlizi məsələsi birdəfəlik qapandı. “Dünyanın kəsişməsi” ideyası da Paşinyanın öz ağlının məhsulu deyildi. “Dünyanın kəsişməsi” də Bayden administrasiyasından ötürülən tezis idi. Ermənilərdən “sülh göyərçini” yaratmaq istəyən Bayden administrasiyası Azərbaycanı sanksiyalarla hədələyir. İndi Ermənistanda anlayırlar ki, Paşinyan və komandasının sxemləri ABŞ-də daha keçərli deyil.

Trampın katolikos I Aramla telefon danışığı da seçkiqabağı kampaniyanın bir hissəsi idi. Tramp ABŞ-dəki ermənilərin səslərini qazanmaq üçün bu addımı atmışdı. ABŞ-dəki erməni seçicilərin səsləri həlledici olmasa da, bəzi ştatlarda ermənilərin çoxluğu nəyisə dəyişə bilərdi və bu mənada Trampın hesablaması düzgün idi.

Bəzi ekspertlər hesab edir ki, Tramp Zəngəzur dəhlizinin, kommunikasiya yollarının Rusiya və İran olmadan açılmasını təmin edəcək. Bunu ermənilər daha yaxşı anlayır və Paşinyanın səhvlərdən ciddi nəticə çıxaracağını düşünürlər. Amma rəsmi İrəvan bu yanlışlıqları öz ağlı ilə etməyib. Bayden adminstrasiyası və Fransanın dəstəyini alan Ermənistan regionda yaranan yeni reallıqları qəbul etmək istəmirdi. Bu dəfə isə ermənipərəst Bayden və onun komandası tarixin arxivinə verildi və Paşinyan ona vəd olunanların heç birini əldə edə bilmədi. Bu da ermənilərin reallıqla barışmasına səbəb olacaq və Azərbaycanın şərtlərini qəbul etməkdən başqa çarələri qalmayacaq”.

Vəli Həsənoğlu,

KONKRET.az

Chosen
58
1
konkret.az

10Sources