EN

Qriqor Balasanyan: “İrəvanın Trampa ümidi azdır, ona görə Ermənistan özünü qorumalıdır”

“Müharibə dayandırılan an Rusiya gözünü Cənubi Qafqaza çevirəcək, onun Türkiyə ilə müəyyən problemləri var”.

KONKRET.az xəbər verir ki, bunu İrəvan Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Diplomatiya kafedrasının dosenti Qriqor Balasanyan deyib.

Erməni ekspertin fikirincə Trampın seçilməsi, Ermənistana heç nə verməyəcək:

“Trampın seçilməsi şübhəsiz ki, regiondakı vəziyyəti dəyişəcək, çünki Tramp dəfələrlə Ukraynadakı hərbi əməliyyatları dayandıracağını bildirib. Müharibə dayandırılan an Rusiya təbii olaraq nəzərlərini Cənubi Qafqaza çevirəcək, çünki onun Türkiyə ilə müəyyən sualları və problemləri var. İranla bağlı siyasətində də dəyişiklik gözlənilir. Tramp Rusiya-İran hərbi-texniki və strateji əməkdaşlığına mane olmağa çalışacaq”.

Rusiya-Türkiyə münasibətlərinə də toxunan Balasanyan bildirib ki, Ərdoğan Rusiya-Qərb münasibətlərində hazırkı neytrallığı saxlamayacaq:

“Ərdoğanın Rusiya ilə müttəfiqliyi yoxdur. Eyni zamanda, Rusiya xarici işlər naziri səviyyəsində Türkiyənin Ukraynaya silah verməsinə etiraz edib və neytrallığın qorumasını istəyib. Deməli, dəyişikliklər olacaq, ona görə də burada Ermənistan nəinki özünü qorumalı, həm də bu dəyişikliklərin müəyyən dərəcədə milli maraqlara xidmət etməsinə çalışmalıdır “.

Trampın Ermənistan-Azərbaycan münasibətləri və sülh müqaviləsinin imzalanması ilə bağlı mövqeyinə gəlincə, Qriqor Balasanyan bildirib ki, Tramp bu məsələdə başqa yol tuta bilər. Balasanyan erməni tərəfinə ciddi səylər göstərməyi tövsiyə edib:

“Ermənistan tərəfi Trampı inandırmağa çalışmalıdır ki, ABŞ həm də ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biridir”.

Balasanyan bildirib ki, Trampa çatdırmaq lazımdır ki, Qarabağda etnik təmizləmə baş verib və yerli ermənilər zorla öz evlərindən qovulublar. Amma erməni ekspert unudur ki, 2023-cü il 20 sentyabrından sonra BMT-nin fakt araşdırıcı missiyası Qarabağda etnik təmizləmə faktı aşkar etmədiyini rəsmən bəyan etmişdi. Qriqor Balasanyan Trampın sələfi Baydenin dəhlizlə bağlı siyasətini davam etdirə biləcəyini düşünmür. Onun sözlərinə görə, yollar açılacaq, lakin onlar dəhlizlə bağlı eyni siyasət yürütməyə başlasalar, bu, İran-Rusiya münasibətlərinin daha da istiləşməsinə gətirib çıxaracaq ki, bu da Trampa sərfəli deyil. “Tramp rasional və işgüzar adam kimi bütün bunlara bir qədər fərqli prizma ilə baxacaq. Məncə, bu ilk növbədə, ABŞ-nin maraqlarına uyğundur. Türkiyə və Rusiya isə Cənubi Qafqaz uğrunda açıq mübarizəyə başlayacaq”.

Vəli Həsənoğlu,
KONKRET.az

Chosen
18
konkret.az

1Sources