EN

Şəkidə Zəfər Günü silsilə tədbirlərlə qeyd olunub - Fotolar

44 günlük Vətən müharibəsində düşmən üzərində əldə olunmuş tarixi qələbənin dördüncü ildönümü münasibətilə Şəkidə silsilə tədbirlər keçirilib.

“Qafqazinfo” xəbər verir ki, noyabrın 8-də Şəki şəhər Heydər Əliyev Mərkəzində Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş tədbir təşkil edilib.

Şəki ŞİH-nin başçısı Elxan Usubov, şəhid ailələrinin üzvləri, müharibə veteranları əvvəlcə Şəhidlərin Xatirə Kompleksinin yerləşdiyi məzarlığı ziyarət edib, şəhid məzarları önünə gül dəstələri qoyublar.

Şəki şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov, şəhid anası Əntiqə Nağıyeva, Vətən müharibəsi qazisi Taleh Urfansoy, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini Vahid Abdurəhmanov çıxış ediblər.

Çıxışlarda bildirilib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən və 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızın qaytarılması ilə nəticələnən Vətən Müharibəsi bizim şanlı tariximizdir. Noyabr ayının 8-də şanlı Ordumuz tərəfindən tarixi, mədəni və strateji əhəmiyyətə malik Şuşa şəhərinin işğaldan azad edilməsi müharibənin gedişinə və taleyinə həlledici təsir göstərərək Zəfər Günü kimi tariximizə yazılıb.

Tədbirdə “Urfansoy Film” komandasının istehsalı olan “Könüllülər komandiri” bədii-sənədli filmi təqdim olunub. Azərbaycan Gənclər Fondunun, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının, Fövqəladə Hallar Nazirliyinin, Şəki Şəhər İcra Hakimiyyətinin və yerli iş adamlarının dəstəyi ilə lentə alınan film Vətən müharibəsində könüllü iştirak edib qəhramancasına şəhid olan Toğrul Nağıyevə həsr olunub.

Tədbirdə “Könüllülər komandiri” filminin çəkilişlərində göstərdikləri xidmətlərə görə bir qrup şəxsə Şəki Şəhər İcra Hakimiyyətinin, Aprel döyüşləri iştirakçısı, Vətən müharibəsi veteranı, ehtiyatda olan zabit, xeyriyyəçi iş adamı Rahim Calalova “Dəmir Yumruq“ əməliyyatında “Ordu Xalq, Xalq Ordu“ birliyi devizi altında Azərbaycan əsgərinə göstərdiyi maddi və mənəvi dəstəyə görə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin Fəxri fərmanları təqdim edilib.

Zəfər Gününə həsr edilən silsilə tədbirlər şəhərin mərkəzindəki parkda bayram konserti ilə davam edib.

Qeyd edək ki, Zəfər Günü münasibətilə rayon ərazisində fəaliyyət göstərən idarə və təşkilatlarda konfranslar, dəyirmi masalar, bədii-musiqili tədbirlər keçirilib, təhsil müəssislərində gənclər və yeniyetmələr arasında vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə olimpiadalar, müsabiqələr, sərgilər, mühazirələr, idman yarışları təşkil olunub.

Zəfər Günü münasibətilə Şəkidə keçirilən silsilə tədbirlər atəşfəşanlıqla başa çatacaqdır.









Chosen
29
36
qafqazinfo.az

10Sources