EN

Şuşa Zəfəri – Qələbəmizin təntənəsi

Qırx dörd günlük Vətən müharibəsinin hər günü şanlı hərb tariximizə qızıl hərflərlə həkk olundu. İki yüz ildir torpaqlarımızda kök salmış, xalqımıza qarşı misli görünməmiş müsibətlər, soyqırımlar yaşatmış erməni işğalı və separatizmi nəhayət ki, öz layiqli cavabını aldı. Rəşadətli Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yüksək əzmkarlıq, dözümlülük və peşəkarlıq nümunəsi sərgiləməklə düşməni məğlub edib, işğal olunmuş Vətən torpaqlarında üçrəngli şanlı Bayrağımızı dalğalandırdı.

Bunu açıqlamasında Milli Məclisin deputatı Günay Ağamalı söyləyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev müharibənin ilk günlərindən qeyd edirdi ki, Şuşasız bizim işimiz yarımçıq qalar. Məhz bu səbəbdən qəhrəman Silahlı Qüvvələrimiz dayanmadan düşmən üzərinə hücum etməklə 2020-ci il noyabrın 8-də xalqımızın Şuşa həsrətini əbədi sevincimizə çevirdi.

“Şuşanın coğrafi mövqeyini və strateji əhəmiyyətini bilən düşmən şəhərdə xeyli sayda canlı qüvvə və hərbi texnika cəmləşdirməyi bacarmışdı. Lakin düşmənin bütün gözləntilərinin əksinə olaraq Azərbaycan Ordusu sıldırım qayaları aşaraq dünya hərb tarixində dillərə dastan olan Şuşa əməliyyatını həyata keçirdi. Şəhərin alınması Ordumuzda vətənpərvərlik ruhunu daha da gücləndirdi, motivasiyanı artırdı.

İndi bütün tarixi əzəməti ilə qədim Şuşa şəhərimiz yenidən qurulur və beynəlxalq mədəni tədbirlərin keçirildiyi mərkəz kimi öz şöhrətini bərpa edir. Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərin timsalında işğal ilə fəth arasındakı fərqi bir daha hər kəsə nümayiş etdirir”, – deyə deputat vurğulayıb.

Chosen
38
xalq.az

1Sources