EN

Rusiyalı deputat: “Şuşada hər bir evin üzərində Azərbaycan bayrağını görmək çox sevindiricidir”

Şuşada hər bir evin üzərində Azərbaycan bayrağını görmək çox sevindiricidir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Liberal Demokrat Partiyasının lideri, Dövlət Dumasının Beynəlxalq əlaqələr Komitəsinin sədri Leonid Slutski bildirib.

Azərbaycanın Rusiydakı Səfirliyində Zəfər Günü təntənəli qəbula qatılan rusiyalı siyasətçi bütün dünya azərbaycanlılarını Zəfər günü münasibəti ilə təbrik edib.

“Bu xüsusi bayramdır. Bu gün Qarabağın öz evinə qayıtdığı gündür. Biz bu gün doğma Azərbaycanın ərazi bütövlüyünün bərpası, Qarabağın Azərbaycanın tərkibinə qayıtması üçün həyatını qurban verənlərin xatirəsini yad edirik. Biz onları heç vaxt unutmamalıyıq. Onların xatirəsini hər zaman yaşatmalıyıq. Bu gün müasir Azərbaycanın ən böyük bayramlarından birini qeyd edirik. İllər keçəcək, bizdən sonra gələn nəsillər də bu bayramı təntənə ilə qeyd edəcək. Azərbaycan Prezidenti İlham Əliyevin ölkəsi üçün gördüyü işləri qiymətləndirməmək olmaz. O, atası, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin Qarabağı evinə qaytarmaqla bağlı vəsiyyətini yerinə yetirdi. Azərbaycan öncəliklə yoxsulluğa qalib gəldi, enerji sahəsində müstəqil, COP, Bakı humanitar forumu, Avropa Olimpiya Oyunları kimi dünya səviyyəli beynəlxalq tədbirlərin keçirildiyi ölkəyə çevrildi. Qarşıda Azərbaycanın tərkibində Qarabağın sosial və iqtisadi potensilaının bərpası işləri durur”, deyə Slutski vurğulayıb.

O, Rusiyanın Azərbaycanın Qarabağ regionunda infrastruktur layihələrinin tezliklə həyata keçirilməsinə hər cür dəstək verəcəyini söyləyib.

“Mən bir müddət əvvəl dostum, Milli Məclisin deputatı Polad Bülbüloğlu ilə Qarabağda oldum, Şuşaya səfər etdik. Şuşanın öz evinə qayıtmasına çox şadam. Şuşada hər bir evin üzərində Azərbaycan bayrağını görmək çox sevindiricidir. İşğaldan azad olunmuş ərazilərdə çox nəhəng işlər görülüb. Füzuli və Zəngilanda aeroportlar tikilib. Qarşıda görüləcək hələ çox işlər var. Bir daha bu böyük Zəfərdə payı olan hər kəsi təbrik edirəm. Qarabağ, Azərbaycandır”, deyə rusiyalı siyasətçi fikrini yekunlaşdırıb.

Chosen
55
apa.az

1Sources