EN

Millətlərarası münasibətlərin inkişafı və beynəlxaq əməkdaşlıq baxımından COP-un rolu danılmazdır - RƏY

Bakıda keçiriləcək COP29 tədbirində iqlim dəyişiklikləri probleminin siyasi, iqtisadi səbəblərinin müzakirəsi ilə yanaşı mənəvi, dini-əxlaqi aspektin də diqqətdə saxlanılması tövsiyə edilir. Təsadüfi deyil ki, COP29 çərçivəsində məhz iki panel məhz multikulturalizm məsələlərinə həsr olunacaq. Belə bir mötəbər tədbirdə Azərbaycanın multikultural dəyərlərinin, burada hökm sürən tolerant mühitin təbliği, millətlərarası münasibətlərin genişləndirilməsi son dərəcə əhəmiyyətlidir. 

 

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən politoloq Rəşad Bayramov xatırladıb ki, ölkəmiz BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29), həmçinin Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyası və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyası kimi mötəbər tədbirlərə ev sahibliyi edəcək. 

 

Politoloq vurğulayıb ki, COP ilk dəfə 1995-ci ilin martında Berlində baş tutub: “COP-a sədrlik isə rotasiya əsasında BMT-nin 5 regionunun - Afrika, Asiya, Latın Amerikası, Karib Hövzəsi və Avropa təmsilçiləri arasından seçilir. Azərbaycan Şərqi Avropa qrupunun təmsilçisi olaraq bu il yekdil qərarla COP-a sədrlik edəcək. Bununla bağlı qərar keçən il Birləşmiş Ərəb Əmirliklərində baş tutmuş COP28-də qəbul olunub. Onu da qeyd edim ki, COP29-a ev sahibliyi üçün Azərbaycanla yanaşı Ermənistan və Bolqarıstan da namizədliklərini irəli sürmüşdülər. Lakin aparılan danışıqlar nəticəsində Ermənistan və Bolqarıstan Azərbaycanın xeyrinə öz namizədliyini geri götürdülər. Beləliklə, yekdil olaraq Azərbaycanın COP-a sədrlik etməsi ilə bağlı qərar qəbul olundu. Şübhəsiz ki, bu qərar ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir. Müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınan Azərbaycan Cənubi Qafqazın lider dövləti olaraq regionun iqtisadi, siyasi və humanitar mərkəzi rolunda çıxış edir. Bu baxımdan ölkəmizin beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə də kifayət qədər təcrübəsi var. Misal olaraq “Formula 1” Azərbaycan Qran Prisini, “Avroviziya” mahnı müsabiqəsini, I Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunlarını, Bakı Beynəlxalq Humanitar Forumunu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu, Qlobal Bakı və Qlobal Media forumları, Dini Liderlərin Sammitini, Qoşulmama Hərəkatının nazirlər toplantısını və digərlərini göstərmək olar. Təbii ki, bütün bunlar Azərbaycanın beynəlxaq münasibətlər sistemində və millətlərarsı münasibətlərin inkifaında rolunu daha da artırır. İndi də həftə ərzində dünya ictimaiyyətinin bütün diqqəti Bakıya yönələcək, şəhər 80 mindən artıq xarici qonağı qəbul edəcək ki, bu da sivil dünyanın ayrılmaz hissəsi kimi ölkəmizin ümumbəşəri dəyərlərə malik olduğunu bir daha nümayiş etdirəcək. Millətlərarası münasibətlərin inkişafı və beynəlxaq əməkdaşlıq baxımından da COP-un rolu danılmazdır. Çünki COP-un və eləcədə Bakıda keçirilən COP29-un qarşısına qoyduğu vəzifələrə nail olmaq, iqlim dəyişikliyi ilə bağlı problemləri aradan qaldırmaq beynəlxalq səviyyədə koordinasiya tələb edir. Çünki, iqlim dəyişikliyi milli sərhədlərə məhəl qoymayan qlobal bir problemdir. İstənilən yerdə baş verən emissiyalar planetin hər yerində hiss edilir və təbii olaraq insanlara təsir göstərir. Başqa sözlə desək, qlobal istiləşmənin qarşısını almaq yalnız bir dövlətin öhdəliyi olmadığına görə eyni məqsəd altında bütün dünya ölkələri birləşməlidirlər. Dünyanın aşağı karbonlu iqtisadiyyata doğru keçid etməsinə kömək etmək üçün beynəlxalq əməkdaşlıq olduqca vacibdir. Bu isə özü özlüyündə həm dövlətlərarası, həm də millətlərarası münasibətlərin inkişafına böyük ölçüdə təsir edir. Bütün bunları nəzərə aldıqda COP29-un nə qədər vacib tədbir olduğunu görürük. Digər tərəfdən isə ölkəmizin COP29 beynəlxalq konfransına uğurla ev sahibliyi etməsi xalqımızın növbəti böyük uğuru olmaqla bərabər, həm də malik olduğumuz potensialı bütün dünyaya göstərmək baxımından da önəmlidir”. 

 

Siyasi şərhçi Abutalıb Səmədov isə bildirib ki, iqlim dəyişikliyi bütün dünyanı narahat edir: 


“Bu səbəbdən Azərbaycana 70-80 min qonağın gələcəyi gözlənilir. Müxtəlif millətləri, dövlətləri təmsil edən dövlət başçıları, nazirlər, səfirlər, mətbuat nümayəndələri və digər qonaqlar bu mühüm tədbirdə iştirak edəcəklər. Azərbaycan belə beynəlxalq tədbirlərin təşkili sayəsində kifayət qədər böyük təcrübəyə malik dövlətdir. Eyni zamanda Azərbaycanda görüb-götürməli, öyrənməli məsələlər də kifayət qədərdir. Nəzərə alsaq ki, konfrans 10 gündən artıq davam edəcək, bu müddətdə müxtəlif ölkələrdən gəlmiş nümayəndələr həm bir-biriləri ilə ünsiyyətdə olmaq, mövcud problemləri müzakirə etmək imkanı əldə edəcəklər, həm də Azərbaycanda mövcud olan müsbət təcrübəni öyrənməyə çalışacaqlar. Müxtəlif millətlərin ölkəmizdə bir ailə kimi yaşaması, indiyə qədər heç bir problemin olmaması digər dövlətlər üçün də maraqlı təcrübə ola bilər. Azərbaycan müxtəlif millətlərin dostluq, qardaşlıq, birlik şəraitində yaşamasını necə təmin edib. Digər maraqlı məsələ dini tolerantlıqdır. Azərbaycanda müxtəlif dinlərə inanan insanlar bir-birilərinə hörmət, dini dəyərlərinə ehtiramla yanaşmaq nümunəsi göstərirlər. Azərbaycan dövlətinin yeritdiyi siyasət buna imkan verir və ölkəmizdə dini tolerantlığın olduğunu hamı etiraf edir, bunu öyrənməyə çalışırlar. Çox güman ki, konfrans günlərində bu məsələ də qonaqların diqqətini cəlb edəcək. Güman edirəm ki, Azərbaycanda son illər baş verən dəyişikliklər qonaqlara kifayət qədər maraqlı məsələləri öyrənməyə və öz ölkələrində onu tətbiq etməyə, yaxud bu barədə məlumat verməyə imkan verəcək. COP29 təkcə iqlim dəyişiklikləri ilə maraqlı müzakirələrlə yadda qalmayacaq. Eyni zamanda sülh sazişi ilə bağlı məsələ də, Yaxın Şərqdəki vəziyyət də qonaqlar arasında hansısa formada müzakirə olunacaq, Ukrayna müharibəsi də diqqəti cəlb edəcək. Dövlətlər, millətlər arasında olan problemlərin aradan qaldırılması məsələsi hamının diqqət mərkəzində olacaq”. 

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə "Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi" mövzusu üzrə dərc olunub. 

 

Aytəkin Qardaşova 

Tarix: 9 Noyabr 2024, 21:46   
Chosen
41
pravda.az

1Sources