Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən oktyabrın 2-3-də Bakıda “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi” mövzusunda təşkil edilmiş beynəlxalq konfransın yekun bəyanatı BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb.
Dövlət Komissiyasından AZƏRTAC-a bildirilib ki, sənəddə beynəlxalq konfransın iştirakçıları Müharibə qurbanlarının müdafiəsinə dair Konvensiyaları, eləcə də BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının müvafiq sənəd və qətnamələrini rəhbər tutaraq, o cümlədən dövlətlərin beynəlxalq humanitar hüquqla bağlı öhdəliyini xatırladaraq silahlı münaqişə tərəflərini itkin düşmüş şəxslərin axtarışı üçün bütün mümkün tədbirləri görməyə və onların taleyi barədə istənilən məlumatı təqdim etməyə dəvət edirlər.
Sənəddə, həmçinin beynəlxalq təşkilatlar itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılmasına yardım göstərməyə və silahlı münaqişələr zamanı itkin düşmüş şəxslərin məsələsi ilə məşğul olacaq xüsusi mexanizmin yaradılmasını təşviq etməyə dəvət olunur.
Azərbaycanda keçirilmiş beynəlxalq konfransın ən əsas nəticələrindən biri itkin düşmüş şəxslər probleminin müxtəlif aspektlərinin müzakirə edilməsi üçün “İllik Bakı Dialoqu”nun yaradılması çağırışıdır. Bu, beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın itkin düşmüş şəxslər probleminin həlli sahəsində həyata keçirdiyi səylərinə verilmiş yüksək qiymətin bariz nümunəsidir.
Dövlət Komissiyası itkin düşmüş şəxslər məsələsinin beynəlxalq müstəvidə irəlilədilməsi istiqamətində fəaliyyətini bundan sonra da davam etdirəcək.