EN

34 yaşlı oğlan sevgilisinin anasına xəsarət yetirdi: "Gecə saat 1-də..."

Şəmkir rayonunda 1990-cı il təvəllüdlü Mərdan şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı sevgilisinin anası Fidana (adlar şərti göstərilib – red.) xəsarət yetirib.

Hadisə bu il avqustun 3-də gecə saat 1 radələrində Şəmkir şəhəri, Niyazi küçəsində baş verib.

Mərdan Fidana məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində mübahisə zamanı əl və ayaq zərbələri ilə bir neçə dəfə onun bədəninin müxtəlif nahiyələrinə qəsdən vurub. Qadına müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Hadisəni törədən Mərdanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mərdan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Fidan qeyri-rəsmi yaşadığı Lalənin anasıdır: “Əvvəllər aramızda mübahisələrimiz olsa da, son zamanlar münasibətlərimiz yaxşı idi. Sonuncu dəfə hadisədən əvvəl, saat təxminən 20 radələrində Lalənin yaşadığı evə getdim. Evdə 1-2 saat Lalə ilə vaxt keçirdikdən sonra onunla mübahisələrimiz yarandı.

Səs-küyə gələn Fidan mənə irad bildirdi, nalayiq ifadələr işlətməklə məni təhqir etdi. Əsəbləşərək onun üzərinə getdim. Biz mübahisə etməyə başladıq. Həmin vaxt Fidanı yerə yıxaraq onun bədəninin müxtəlif nahiyələrinə bir-iki yumruq, təpik zərbələri vurdum. Fidan ayağa qalxdıqdan sonra əlinə götürdüyü ağac parçası ilə bel nahiyəmə zərbə endirdi. Bizi Lalə sakitləşdirərək araladı”.

Təqsirləndirilən şəxs qeyd edib ki, sonradan etdiyi hərəkətə görə əməlindən peşman olub: “Hadisədən sonra Fidanla barışmışam, ona dəymiş ziyanı tamamilə ödəyib. Himayəmdə yetkinlik yaşına çatmayan iki uşağım var, ailəyə yeganə qazanc gətirən şəxsəm. Bunların nəzərə alınmasını istəyirəm”.

İş üzrə zərərçəkmiş Fidanın sözlərinə görə, Mərdanı tanıyır, aralarında əvvəllər düşmənçilik və ədavət olmayıb: “Mərdan 6-7 ildir qızım Lalə ilə qeyri-rəsmi birlikdə yaşayırlar. Onların tez-tez mübahisələri olur. Mərdan Lalə ilə son zamanlar qaldığımız evdə yaşayır.

Hadisə vaxtı gecə saat 1 radələrində Mərdan yenə bizdə olan zaman qızım Lalə ilə mübahisə elədi, onun ünvanına nalayiq söyüşlər söyməyə başladı. Mərdandan söyüşləri dayandırmağı xahiş etdim. Lakin yenə söyməyə davam etdi, Lalə ilə mübahisə elədi. Mən Mərdanın üzərinə getdim, yerdən götürdüyüm ağacla onu vurdum, burdan çıxıb getməsini tələb etdim. O, məni yerə yıxdı, bədənimin müxtəlif yerlərinə əli və ayağı ilə zərbələr endirməyə başladı”.

İş üzrə şahid qismində ifadə verən Lalənin sözlərinə görə, təqsirləndirilən Mərdanla 6-7 ildir sevgili münasibətindədir: "Biz rəsmən evlənməsək də, qeyri-rəsmi münasibətdə olmuşuq. Aramızda tez-tez mübahisə düşüb. Mərdan son zamanlar mənimlə bir evdə qalırdı. Hadisə günü gecə saat 1 radələrində Mərdan bizdə olan zaman mənimlə mübahisə etdi. Mənim və yaxınlarımın ünvanına nalayiq söyüşlər söyməyə başladı. Anam söyüşləri dayandırmağı tələb etdi. O, qulaq asmadı, söyüşlərə davam etdi. Bu zaman anam yerdən götürdüyü ağacla vuraraq Mərdanın getməsini tələb etdi. Mərdan anamı yerə yıxdı. Bədəninin müxtəlif nahiyələrinə əl və ayağı ilə zərbələr endirməyə başladı”.

Bu cinayət işinə Şəmkir Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Mərdan 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsin üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, Şəmkir şəhərində yerləşən yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulub.

Hökmün icrası Şəmkir rayon İcra və Probasiya şöbəsinə həvalə edilib. (Teleqraf.com)

Chosen
13
7
musavat.com

8Sources