EN

"Oyun planında "Qarabağ"ı üstələmək qeyri-mümkündü" - Sadıqov əsas çatışmazlığı gizlətmədi

"Zirə" Misli premyer-liqasının 13-cü tur matçında "Qarabağ"ın meydanında böyükhesablı məğlubiyyət yaşadı - 0:4.

"Football-plus.az" xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- Hər kəsi - ölkə başçısını və xalqımızı Zəfər Günü münasibətilə təbrik edirəm. Allah şəhidlərimizə rəhmət etsin, qazilərə cansağlığı versin. Bu gün xal və ya xallar qazanmaq istəyirdik. Amma ilk dəqiqələrdə yol verdiyimiz səhvlərə görə çətin vəziyyətə düşdük. "Qarabağ" kimi komandadan 2-ci dəqiqədə qol buraxırsansa, geridönüş etmək çətin olur. Dörd qoldan üçünü standart vəziyyət üzündən buraxdıq. Hələ ki bu problemi çözə bilmirik. "Omoniya", "Şerif" və "Osiyek"dən də standart vəziyyətlər zamanı qollar buraxdıq. Belədə oyunumuz nəticəyə yansımır. Millinin oyunlarıyla bağlı fasilədə bu çatışmazlığı aradan qaldırmağa çalışacağıq.

- Zədələnən oyunçuların durumu necədi?
- Qismətlə Məqsədi birinci hissədə zədə üzündən əvəzləməyə məcbur olduq. Belədə oyun planımız dəyişdi. Deyəsən, vəziyyətləri yaxşıdı. Dəqiq məlumatı müayinələrdən sonra əldə edəcəyik.

- İndiki durumu nəzərə alsaq, fasilə yerinə düşürmü?
- Bəzən faydası olur, bəzən də olmur. Böyükhesablı məğlubiyyət yaşadıq. Ağır oyunlar keçirdik. Qarşıda hələ 23 tur var. Qışa qədər daha yaxşı nəticələr qazanmalıyıq.

- Problemlərdən danışdız. Yəqin ki, rəqiblər də güclənib. Ötən mövsümlə cari "futbol ili"ni necə müqayisə edərdiz?
- Çempionatın çox hissəsi irəlilədi. Amma komandaların əksəriyyəti güclənib. Sona yaxınlaşdıqca gərginlik artacaq. Həmin dövrdə işimiz çətinləşəcək. Bizi uzun marafon gözləyir. Hazırda dördüncü sıradayıq. Ümümən danışsaq, pis deyil. Lakin irəlidəki rəqiblərdən çox geridəyik. Əvvəl xal fərqini "əritməliyik".

- Mövsümün əvvəlində "Zirə" çox yaxşı oyun sərgiləyirdi. Sanki "Omoniya"yla matçdan sonra pozuqluq yarandı. Həmin məğlubiyyətin təsiri hələ də davam edirmi?
- Yox. Həmin oyundan sonra qələbələr qazanmışıq. Sanki uğursuzluq var. Düzdü, belə şeylərə inanmıram. Amma rəqiblərin ilk təhlükəli vəziyyətləri qolla nəticələnir. Biz isə bir neçə təhlükəli epizodu boşa veririk. Yeni mövsümdə əksər oyunların sonuncu dəqiqələrində xüsusi fəallıq olur. Səbrli olmalıyıq. Yolumuza davam etməliyik. Oyun planında "Qarabağ"ı üstələmək qeyri-mümkündü. Amma qalan rəqiblərə qarşı oyun planında uduzmamışıq. Daha çox standart vəziyyətlərdə istədiyimizi edə bilmirik. Künc zərbələri, penaltilər bizi xeyli geri salır.

KƏNAN BAHADIR

Chosen
29
football-plus.az

1Sources