EN

Səttar Möhbalıyev: “Şanlı Zəfər tariximizlə fəxr etməyə dəyər”



“ Bakıda açılışı olan Zəfər parkı cənab Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncamla Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə salınıb. Parkın açılışndı iştirak edən ölkə başçısı tarixi nitq söyləyərək bir daha Azərbaycan xalqının mübarizə əzmini dünyaya bəyan etdi. Ölkəmizin başçısı bir daha bildirdi ki, bu qələbə Azərbaycan xalqının qanı, canı bahasına əldə edilib və tarximizin şanlı səhifələrindən biri və birincisidir. 200 illik erməni məkrinə, erməni separatizminə və nəhayət 30 illik işğala son qoyan Zəfərə gedən yol heç də hamar olmamışdır.
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə yaranan, zaman keçdikcə güclənən, mübarizə əzmini heç vaxt irtirməyən ordunun formalaşdırılması strategiyanın hazırlanması və ardıcıl olaraq həyata keçirilməsi bu qələbənin əsasını təşkil edir.
Cənab Prezident İlham Əliyevin hakimiyyəti dövründə bu proses dönməz xarakter aldı və Müzəffər sərkərdənin dediyi kimi hər gün müharibəyə hazırlıq prosesinə start verildi. Ordu möhkəmləndirildi, iqtisadiyyat gücləndirildi, xarici siyasətdə ardıcıl və inamlı mübarizə davam etdirildi. Bunun nəticəsi olaraq Azərbaycan ordusu öz müdrik sərkərdəsinin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində nəinki Zəfər qazandı, həmçinin erməni mifini, “Böyük Ermənistan” xülyasını darmadağın etdi.”

Bu sözləri aia.az-a müsahibəsində Milli Məclisin deputatı Səttar Möhbalıyev söyləmişdir.

Müsahibimiz qeyd edib ki, “Bu möhtəşəm qələbənin qazanılmasında Azərbaycan əsgəri və zabiti əsrlər boyu böyük maraqla oxunacaq qəhrəmanlıq dastanları yazdı. Hərbçilərimiz torpaqlarımızın hər qarışı uğrunda cəsarətlə vuruşdular, şirin canlarını belə Vətən uğrunda qurban verməkdən çəkinmədilər. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu əməliyyatlar nəticəsində Silahlı Qüvvələrimiz 30 ilə yaxın işğalda qalmış ərazilərimizi düşməndən azad etdilər. Azərbaycan Ordusunun əməliyyatlar zamanı həyata keçirdiyi döyüş taktikası bu gün də dünyanın bir çox aparıcı ölkələrinin hərbi mütəxəssisləri tərəfindən diqqətlə öyrənilir.
10 dekabr 2020-ci ildə Bakıda, Azadlıq Meydanında keçirilən Zəfər paradı döyüşlərdən qalib çıxmış, düşməni dəmir yumruqla əzmiş əsgərlərimizin, zabitlərimizin, gizirlərimizin qalibiyyət yürüşü idi. Zəfər paradı Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunmuşdur. Zəfər Paradı yumruq kimi bir olmağımızın, milli birliyimizin, həmrəylimizin, dövlət müstəqilliyimizin əbədi və dönməzliyinin nümayişi etdirdi. Zəfər paradında 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirilmişdir. Müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistanın hərbi texnikasının bir qisminin nümayişi müharibədən sonra düşmənə vurulan növbəti zərbə oldu. Paradda Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqlarımızın tarixində əbədi qalacaq qürurverici hadisədir. Zəfər paradı Azərbaycan xalqı üçün qürur, şərəf, ləyaqət simvolu, ermənilər üçün işğal siyasətinin acı ibrət dərsi olaraq tarixləşdi.”

Səttar Möhbalıyev bildirib ki, cənab Prezident öz çıxışında əminliklə bildirdi ki, bu gün məhv olan erməni separatizmi bir daha baş qaldırarsa bizim dəmir yumruğumuzla yenidən qarşılaşacaq, bu dəfə onları kimsə xilas edə bilməyəcəkdir. Ona görə də Ermənistanda ağlı başında olan hər kəs revanşist meyllərdən uzaq durmalı, öz xalqına qənim kəsilməməlidir.
44 tağlı Zəfər parkını tarixi qələbəmizin simvolu adlandıran Müzəffər Ali Baş Komandan bildirdi ki, “Biz indi quruculuq işləri ilə məşğuluq. Bizim üçün əsas məsələ budur. Amma görəndə ki, Ermənistan və onun arxasında duran, Azərbaycana düşmən gözü ilə baxan, bizə soyuq müharibə elan edən qüvvələr Ermənistanı silahlandırır, Ermənistan silahlanır, biz adekvat addım atmağa məcburuq. Otuz illik işğal tarixi bizim yaddaşımızdan silinmir və bayaq dediyim kimi, heç vaxt silinməməlidir. Biz hər an yeni təxribata hazır olmalıyıq və hazırıq. Azərbaycan Silahlı Qüvvələri hər an təxribatı dəf etmək üçün hazır vəziyyətdədir.”
Ölkəmizin başçısı xalqımızın, dövlətimizin humanist, bəşəri ideyalarla yaşadığını, bölgədə sülhün bərqərar olması naminə hər cür çətinliklərə dözdüyünü, lazım gələndə isə qəzəbini düşmənin başına şimşək kimi çaxdırmağını simvolizə edərək dedi: “İnkişafda olan Azərbaycan qürur mənbəyimizdir, şanlı Qələbəmiz isə bizim tarixi nailiyyətimizdir, tarixi zəfərimizdir.” Bu Zəfər tarixi ilə fəxr etməyə, bu yolda cənab İlham Əliyev kimi komandanın rəhbərliyi ilə mübarizə aparmağa dəyər-deyə millət vəkili fikrini yekunlaşdırmışdır.



Chosen
30
aia.az

1Sources