EN

14 yaş və “Məhdudlaşmaq” ?!

Bu seçimlərin çoooxluğu…

Bir dondurma mağazasına getdiyinizi xəyal edin. Burada yüzlərlə fərqli seçim var, amma siz sadəcə birini seçməlisiniz. Yəqin ki, ən sonda seçiminizi etsəniz belə, qərarınızdan əmin olmayacaqsınız. Hətta bəlkə də düşünəcəksiniz: “Görəsən bu dondurmanı yoxsa o birisini seçsəydim daha yaxşı olardı?” Seçimlər çoxluğu sizi çıxılmaz vəziyyətə sala bilər. Lakin bu sadəcə dondurma ilə bağlı bir problem deyil – həyatımızda da bənzər hallar var.

Həyat boyunca qarşımıza gələcək iş və ya peşəni seçməliyik. Bu seçim zamanı qarşımızda yüzlərlə variant olur və hansını seçəcəyimizi bilmirik. Bu fəlsəfi yanaşma “Segal’s Law” ilə izah olunur: Bir saatı olan adam saatın neçə olduğunu dəqiq bilir, amma iki saatı olan adam əmin ola bilməz. Çünki iki fərqli məlumat arasında tərəddüdə düşür.

Həyatda da bir seçim varsa, sadəcə onu qəbul edərik, lakin yüzlərlə seçim varsa, hansının daha doğru olduğunu anlamaq çətinləşir.

Müasir dövrün gətirdiyi seçim çoxluğu insanları qərarsız qoyur və narahat edir. Bəzən cəmiyyət, ailə, dostlar və sosial media bizim beynimizə müxtəlif fikirlər yerləşdirir. Bu fikirlər isə bizi öz həyat seçimlərimizə dair qərarsız və tərəddüdlü edir. Hər kəsdən fərqli və doğru yolu seçməyə çalışarkən, özümüzü başqa insanların gözləntilərinə uyğunlaşdırmağa çalışırıq. Halbuki hər kəsin həyatı fərqlidir və bizim üçün doğru olan, başqası üçün doğru olmaya bilər.

Bu məsələnin ən böyük təsirlərindən biri də məktəblərdə görülür. Məsələn, liseylərdə 8, digər məktəblərdə isə 9-cu sinifdən etibarən şagirdlər qruplara bölünür. Lakin bu yaşda bizi bu cür qruplara bölmək nə qədər düzgündür? 13-14 yaşlı bir uşağın gələcəkdə hansı peşəni seçəcəyini biləcəyinə inanmaq nə dərəcədə realdır? Biz hələ özümüzü kəşf edirik və maraqlarımız da tez-tez dəyişir. Bir qrup seçdikdən sonra isə seçimlərimizin məhdudlaşdığı hissini yaşayırıq. Halbuki indi bizə daha geniş imkanlar və fərqli yolları araşdırmaq üçün vaxt vermək lazımdır.

Mən sinifdə yeganə biriyəm ki, hələ də gələcəkdə hansı peşə ilə məşğul olacağımı bilmirəm. Çox seçim var və hər gün yeni sahələr açılır. Bəzən insanlar mənə sual verəndə, mən yalnız prezident deyirəm. Digərləri artıq həkim, mühəndis və ya başqa bir peşəni seçiblər, amma mən hələ də qərarsızam. Bəlkə də bu normaldır. Çünki həyat hər zaman bizə yeni seçimlər və imkanlar təqdim edir. Özümüzə vaxt vermək və həqiqətən nə istədiyimizi tapmaq üçün tələsməməliyik.

Necə deyərlər, “Həyat bir marafondur, sprint deyil.” Vaxtında öz yolumuzu tapmaq üçün qaçmağa tələsməməliyik. Çünki həyatımızın ən vacib qərarlarını verərkən, hər dəfə dayana bilmək, ətrafa baxmaq və yolumuzu düşünərək seçmək, bizə ən doğru və rahat istiqaməti göstərəcək. “Əsas olan öz yolumuzu tapmaqdır – bu da bəzən bir az vaxt tələb edir.” Amma buna dəyər, çünki o yol sonda bizə öz həyatımızın əsl mənasını gətirəcək.

 

Sona ƏSGƏROVA

Chosen
12
heftelik.az

1Sources