EN

İlham Əliyev Əl-Əzhəri Şərifin şeyxi ilə görüşdü - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib ilə görüşüb.
 
Moderator.az xəbər verir ki, Prezident İlham Əliyev dəvəti qəbul edib COP29-da iştirakına görə Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyibə minnətdarlığını bildirdi, onun burada olmasının bu tədbiri xüsusilə əhəmiyyətli etdiyini dedi.
 
Dövlətimizin başçısı xüsusi olaraq vurğuladı ki, bir neçə gün əvvəl Azərbaycanda dünya dini liderlərinin iştirakı ilə böyük tədbir keçirilib və Əl-Əzhəri Şərifin nümayəndləri də orada iştirak ediblər. Prezident İlham Əliyev bu tədbirdən sonra iştirakçıların işğaldan azad edilmiş bölgələrimizə səfərlərinin önəminə toxundu.
 
Dövlətimizin başçısı Misirə səfəri zamanı Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib ilə görüşünü məmnunluqla xatırlayaraq, həmin görüş zamanı bir sıra önəmli məsələlələrin müzakirə olunduğunu qeyd etdi və orada gələcək əməkdaşlıqla bağlı fikir mübadiləsinin aparıldığını vurğuladı.
 
İlk növbədə, COP29-da iştiraka dəvətə görə minnətdarlığını bildirən Əl-Əzhəri Şərifin şeyxi bunun möhtəşəm tədbir olduğunu qeyd etdi. O, Prezident İlham Əliyevə COP çərçivəsində Dinlər pavilyonunun təşkilinə verdiyi dəstəyə görə minnətdarlığını bildirdi.
 
Qonaq dedi ki, Misirə səfəri zamanı dövlətimizin başçısı ilə görüşündən böyük şərəf hissi duyub.
 
Böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib işğal edilmiş torpaqlarımızın geri qaytarılması münasibətilə təbriklərini çatdıraraq dedi: “Siz həqiqətən Müzəffər Ali Baş Komandansınız. Siz qarşı tərəfə böyük səxavət göstərmisiniz. Sizin qarşı tərəfə olan humanitar rəftarınız hamıya məlumdur. Sizin bu alicənablığınız bütün dini təriqətlərin sütunlarına uyğundur”.
 
Əl-Əzhəri Şərifin şeyxi region ölkələri ilə əlaqələrin yaxşılaşdırılmasında Azərbaycanın xüsusi rolunun olduğunu deyərək, gələn ilin fevralında Bəhreyndə keçiriləcək dinlərarası dialoq və sünni-şiə dialoqunda Azərbaycanın iştirakını gözlədiyini qeyd etdi. Sünni-şiə dialoqunda Azərbaycanın çox uğurlu təcrübəsinin olduğunu vurğulayan böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib ölkəmizin, həmçinin müxtəlif dinlərin nümayəndələri arasında münasibətlərdə və harmoniyada da uğurlu təcrübəsinin mövcudluğunu məmnunluqla qeyd etdi.
 
Xoş sözlərə və Qarabağın işğaldan azad edilməsi ilə bağlı təbrikinə görə təşəkkürünü bildirən dövlətimizin başçısı 30 il işğala məruz qalmağımıza baxmayaraq, ölkəmizin sülh müqaviləsi təşəbbüsü ilə çıxış etdiyini dedi.
 
Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanda yaşayan müsəlmanlar Heydər Əliyev məscidində vəhdət və həmrəylik namazı qılırlar. Bu təcrübəmizin digər ölkələr üçün də nümunə ola biləcəyini deyən dövlətimizin başçısı Azərbaycanın İslam dünyasının daha da birləşməsi üçün çalışdığını vurğuladı və İslam dünyasında bölücülük cəhdlərinin mövcudluğunu təəssüflə qeyd etdi. Prezident İlham Əliyev bütün dinlərin nümayəndələrinin ölkəmizdə rahat yaşadıqlarını dedi.
 
Dövlətimizin başçısı Azərbaycan nümayəndə heyətinin Bəhreyndə keçiriləcək tədbirdə fəal iştirak edəcəyini bildirdi.
 
13:21
 
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib ilə görüşüb.
 
Moderator.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Chosen
8
19
moderator.az

10Sources