EN

WMO-nun Baş katibi: "2015-2024-cü illər son 175 ildə müşahidə edilən ən isti dövr olaraq qiymətləndirilir"

2015-2024-cü illər son 175 ildə müşahidə edilən ən isti dövr olaraq qiymətləndirilir.

AZXEBER.COM Reporta istinadən  xəbər verir ki, bunu Ümumdünya Meteorologiya Təşkilatının (WMO) Baş katibi Celeste Saulo BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ilk günündə keçirilən mətbuat konfransında bildirib.

O, uzunmüddətli qlobal istiləşmənin hazırda 1850-ci illərin baza səviyyəsi ilə müqayisədə təxminən 1,3 dərəcə çox olduğunu qeyd edib: \"İqlim dəyişikliyi, demək olar ki, hər gün ekstremal hava şəklində qarşımıza çıxır. Bu il bir çox ölkədə rekord səviyyədə yağıntı və daşqınlar, böyük insan itkiləri ilə müşahidə edilir ki, bu da bütün qitələrdə icmalara təsir göstərir. Artan istilər isə onlarla ölkəni əhatə edərək bir neçə dəfə temperaturun selsi üzrə 50 dərəcəni keçməsinə səbəb olub”.

C. Saulo, həmçinin buzlaqların əriməsi daha da sürətləndiyini vurğulayıb. O, iqlim dəyişikliyi ilə mübarizənin yalnız birgə təşəbbüslər sayəsində mümkün olduğunu bildirərək, təmiz enerji və günəş, külək kimi bərpa olunan mənbələrə sərmayə yatırmağın ədalətli keçid üçün əhəmiyyətini qeyd edib.

WMO-nun Baş katibi bildirib ki, iqlim dəyişikliyi ilə mübarizədə fəaliyyəti sürətləndirmək üçün müxtəlif alternativlərə investisiyaları artırmalıyıq: \"Biz daim müşahidələrin sayını artırmaq məqsədilə milli meteoroloji və hidroloji xidmətlərə sərmayə qoymağı dəstəkləyirik. Qeyd edim ki, dünya okeanlarında müşahidələrimiz bir qədər zəifdir. Bu səbəbdən, bizə həm iqlim dəyişikliyinin təsirlərini qiymətləndirməyə, həm də baş verən prosesləri yumşaltmağa kömək edəcək əlavə investisiyalara ehtiyac var”.
Chosen
29
azxeber.com

1Sources