EN

Yaxasını kənara çəkən böyük dövlətlərin laqeydliyi bəşəriyyəti ekoloyi fəlakətlə üz-üzə qoya bilər

Alim  Hüseynli 

Olaylar.az

Müasir dünyanı narahat edən qlobal problemlərdən biri də iqlim dəyişmələri ilə bağlıdır. Hazırda dünyanın bir tərəfində qlobal istiləşmə, digər tərəfində buzların əriməsi prosesinin sürət aldığı müşahidə olunmaqdadır. Məhz təbiətdə baş verən iqlim dəyişmələri və onların canlı aləmə təsiri dünya ictimaiyyətini getdikcə daha çox narahat etməkdədir. İstixana qazlarının emissiyalarının artması ilə təbii istixanaların təsirinin güclənməsi, yer səthi və atmosferin əlavə olaraq istiləşməsi ilə nəticələnir. İqlim dəyişmələri təbii ekosistemlərə, eləcə də məhsuldarlığa mənfi təsir göstərir ki, bu da bəşəriyyəti təhlükəyə məruz qoya bilər.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) əsas məqsədi də məhz iqlim sistemində təhlükəli antropogen müdaxilənin qarşısını ala biləcək səviyyədə istixana qazlarının atmosferdə konsentrasiyalarının stabilləşməsinə nail olmaqdır. Mütəxəssislərin qənaətinə görə, bu səviyyə, ekosistemlərin iqlim dəyişikliyinə təbii olaraq uyğunlaşmasına imkan vermək, qida istehsalının təhlükəyə məruz qalmamasını təmin etmək və iqtisadi inkişafın dayanıqlı şəkildə davam etməsinə imkan yaratmaq üçün kifayət edə bilən zaman çərçivəsində əldə edilməlidir. Elə bu kimi qlobal iqlim dəyişikliyinə qarşı mübarizə yollarının axtarıb tapılması məqsədilə dünya liderləri Azərbaycana təşrif buyurublar. COP29-un məhz Azərbaycanda keçirilməsi təsadüfi deyil, nəzərə almaq lazımdır ki, Azərbaycan iqlim dəyişikliyinin qarşısının alınması məqsədilə konkret addımlar atıb, çoxsaylı təkliflər irəli sürüb.
Sözsüz ki, iqlim dəyişikliyindən ən çox əziyyət çəkən inkişaf etməkdə olan ölkələrdir. Məlum olduğu kimi iqlim dəyişikliləri ciddi fəsadlarla müşahidə olunan çətinliklər yaradır ki, onun aradan qaldırılması üçün kifayət qədər böyük miqdarda vəsaitə ehtiyac var. Amma inkiaf etməkdə olan ölkələrdə belə bir vəsaitin olmaması başa düşüləndir. Elə bu səbəbdən də COP-28-in Paris Sazişində iqlim dəyişikliyinə qarşı mübarizə məqsədilə inkiaf etməkdə olan ölkələrə vəsaitlərin ayrilması barədə bənd əksini tapıb. Ancaq sözügüdən vəsait qarant formasında verildiyindən onların inkişaf etmiş ölkələrin təsir altına düşməsi ilə nəticələnir. Təsəvvür edək ki, ekoloji problemlərin aradan qaldırılması məqsədilə inkişaf etməkdə olan ölkələrə verilən qrantlar onların dövlət büdcəsindən dəfələrlə artıqdır. Bu vəsaitin uzun müddət ərzində ödənilməsi həmin dövlətlərin müstəmləkə altında inləməsinə səbəb olur. Qeyd edək ki, inkişaf etməkdə olan ölkələrə Asiya, Afrika, Latın Amerikasında yerləşən 150-yə qədər ölkə aid edilir. Bu ölkələrin əksəriyyəti tarixən müstəmləkə olmuşlar. Onların əksəriyyəti hazırda da iqtisadi cəhətdən asılı vəziyyətdədir. İnkişaf etməkdə olan ölkələr iqtisadi və sosial inkişaf səviyyələrinə görə çox geri qalırlar. İqtisadiyyatın mineral-xammal və aqrar-xammal istiqaməti bu ölkələr üçün səciyyəvidir.
Məsələ orasındadır ki, iqlim dəyişikliyinə ən çox təsir edənlər elə iqtisadi baxımdan inkişaf etmiş ölkələrin özləridir. Atmosferə zərərli maddələr buraxan istehsal sahələri ya onların ərazisindədir, ya da   inkişaf etməkdə olan ölkələrdəki zavodlar onlara məxsusdur. Bu isə o deməkdir ki, iqlim dəyişikliyinə daha çox səbəb olan elə inkişaf etmiş dövlətlərin özləridir. Məhz bu kimi amillər inkişaf etməkdə olan ölkələri atmosfer havasının çirklənməsi, təbii resursların məhv olması, su ehtiyatlarının tükənməsi, torpaqların deqradasiyası, erroziya və  quraqlığın artması, meşə ərazilərinin sıradan çıxması, bioloji müxtəlifliuin sıradan çıxarılması  kimi qlobal problemlərlə üz-üzə qoyub. Məlum məsələdir ki, ciddi tədbirlərin görülməməsi inkişaf etməkdə olan ölkələrin ekoloji vəziyyətini fəlakət həddinə çatdıra bilər.  
Bütün sadalananlara baxmayaraq COP29-a ev sahibliyi edən  Azərbaycan hesab edir ki, Konvesiyaya üzv dövlətlər üzərlərinə düşən öhdəlikləri layiqincə yerinə yetirsələr, iqlim dəyişikliyinə qarşı mübarizədən siyasi məqsədlər üçün istifadə etməsələr, inkişaf etməkdə olan dövlətlərə maddi və texniki yardımdan imtina etməsələr gözlənən fəlakətin qarşısını almaq olar. Başqa sözlə, dünya ölkələri özlərində iradə taparaq  Azərbaycanın şüara çevirdiyi "yaşıl dünya naminə" həmrəy olaq" devizi ətrafında birləşsə inkişaf etməkdə olan dövlətləri gözlənilən fəlakətdən xilas edə bilərlər.
 COP28-in Prezidenti Sultan Ahmad Al-Jaber COP29-un rəsmi açılış mərasimində söylədiyi kimi "Əməllərimiz sözlərimizdən güclü olmalıdır və əməlimizlə özümüzü göstərməliyik. Azərbaycanın dediyi və şüara çevirdiyi kimi "yaşıl dünya naminə" həmrəy olaq, əməkdaşlıq və tərəfdaşlıq edək. Bizim iqlim dəyişmələri kimi mövzuda çalışmağımız üçün iradəmiz olmalıdır". Gəlinən nəticə ondan ibarətdir ki, iqlim dəyişkənliyinə səbəb olan, lakin onun aradan qaldrılması prosesində yaxasını kənara çəkən böyük dövlətlərin laqeyidliyi dünyanı ekoloyi fəlakətlə üz-üzə qoya bilər.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
27
olaylar.az

1Sources