EN

Azərbaycanın tarixi missiyası

Azərbaycanın tarixi missiyası

Ali Baş Komandan İlham Əliyev: “Düşməni məcbur etdik ki, qabağımızda diz çöksün, kapitulyasiya aktına imza atsın”

Ermənistan 2020-ci ilin noyabrında imzalanmış Üçtərəfli Bəyanatın müddəalarıın icra etmək istəmir. Ermənistanın Baş naziri Nikol Paşinyan konkret olaraq Ermənistan ərazisindən keçməklə Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən nəqliyyat kommunikasiyalarının açılmasına razılıq vermişdir. Azərbaycan bununla bağlı bütün üzərinə düşən öhdəlikləri yerinə yetirib. Ermənistan isə dörd il ərzində hətta 42 kilometrlik yolun texniki-iqtisadi əsaslandırılmasına belə başlamayıb. Ermənistan ilk dəfə deyil ki, üzərinə öhdəlik kimi götürdüyü işi yerinə yetirmir. Dəfələrlə belə situasiyalar olub. Paşinyanın danışıqlar zamanı sözündən boyun qaçırması, gedib gizlənməsi və s. hallar bir neçə dəfə olub. Müzəffər Ali Baş Komandan İlham Əliyev deyib ki, biz buraya qalib kimi gəlmişik, bayrağı da qaldırmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır: “Döyüşə-döyüşə gəlmişik. Heç kim bu torpaqları bizə elə-belə verməyib. Heç bir danışıqlar heç bir əhəmiyyətə malik deyildi. Biz gördük ki, ancaq öz gücümüzlə öz torpaqlarımızı azad etməliyik və bunu etdik. Bütün dünyaya gücümüzü sübut etdik, göstərdik, düşmənin başını əzdik. Düşməni məcbur etdik ki, qabağımızda diz çöksün, kapitulyasiya aktına imza atsın. Belə də oldu və alçaldıcı kapitulyasiya aktı tarixdə əbədi qalacaq”.

Azərbaycanın sülh layihəsini zorla həyata keçirmək istəyi yoxdur. Bağlanmış rəsmi müqavilə əsasında bütün işlərin icra olunması bizim ölkə üçün önəmlidir. Sülh sazişinin müəyyən mənada mübahisələrinin həlli mexanizmi nəzərə alınmalıdır. Azərbaycan, həmçinin bu baxımdan da öz mövqeyini bildirib. Mübahisəli məsələlər ikitərəfli danışılar əsasında həlli ən məqbul yoldur. Bunun üçün Azərbaycan və Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə komissiyası yaradılıb. Artıq Azərbaycan bu komissiyanın əsasnaməsini təsdiq edib. Sənədin Azərbaycanda və Ermənistanda təsdiqi oktyabrın 24-də Kazan şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın görüşündən sonraya təsadüf edir.

Prezident İlham Əliyev görüşün yekunu ilə bağlı bildirib ki, görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılması, o cümlədən sülh sazişi, sərhədlərin delimitasiyası və demarkasiyası və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. "İki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün qədər tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib", - deyə Prezident Əliyev qeyd edib. Bununla yarana biləcək bütün mümkün anlaşılmazlıqları və fərqlilikləri yoluna qoymaq mümkün olacaq.

Yeri gəlmişkən, Rusiya Prezidenti Vladimir Putin deyib ki, Ermənistanla Azərbaycan arasında sərhədlərin demarkasiyası və delimitasiyası prosesi sülh müqaviləsinə aparan düzgün yoldur. “Sizin bu gün Azərbaycan prezidenti ilə fikir mübadiləsi apara bilməyiniz bizim tədbirimiz üçün müsbət haldır”, Putin bildirib.

Göründüyü kimi, Moskva da Azərbaycanla Ermənistan arasında münasibətlərin düzülməsində maraqlıdır. Həmçinin Ermənistanın regional əməkdaşlığının inkişafına önəm verir.

Komissiyanın yaradılması sülh saziş layihəsinin mübahisəli məsələlərinin həllinin daha da sürətləndirəcək. Burda əsas məsələ hər iki dövlətin bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınmasının tam razılaşdırılmasıdır. Çünki Ermənistanın bundan sonra ərazi iddiaları ilə çıxış etməməsi üçün sülh saziş çərçivəsində öhdəlik götürməlidir. Hərçənd Ermənistanın bundan sonra hər hansı torpaq iddiası etmək gücü qalmayıb. 44 günlük Vətən müharibəsində Azərbaycan Ermənistana elə bir zərbə vurub ki, onlar hələ də özlərinə gələ bilmirlər. Bundan sonra diplomatik münasibətlərin qurulması və sülh müqaviləsinin şərtlərinə əməl etmək Ermənistan üçün ən uyğun yoldur.

Ermənistan rəhbərliyi beynəlxalq nəqliyyat kommunikasiyaları və onun ərazisindən keçən boru kəmərlərində maraqlıdır və onların təhlükəsizliyini müstəqil şəkildə tam təmin etməyə hazır olduğunun qeyd edir. Amma sülh sazişində bu haqda detallı müddəaların salınmasına tərəddüd edir. Xüsusən Azərbaycanın dəhliz formasında Naxçıvanla əlaqəsini təmin etmək istəmir. Lakin bu gün Azərbaycan maksimum güc sərf edərək Naxçıvanla yolun açılmasına çalışır. Sülh sazişində Azərbaycanın əsas hissəsinin Ermənistan ərazisindən qısa yolla Naxçıvanla əlaqəsinin yaradılması məsələsi çox vacib bir strateji və siyasi məsələyə çevrilib. Bu məsələnin əsas məqsədi, Azərbaycanın qərb hissəsi olan Naxçıvan Muxtar Respublikasının, qalan Azərbaycanın ərazisiylə daha asan və sürətli şəkildə əlaqə qurmasıdır. Hazırda Naxçıvan yalnız İran və Türkiyə ilə quru sərhədinə malikdir, amma Azərbaycanın əsas hissəsindən ayrılmış vəziyyətdədir. Regionun inkişafına səbəb olacaq yeni nəqliyyat kommunikasiya infrastrukturunun yaradılması Azərbaycanın tarixi missiyasıdır. İlk dəfə olaraq Azərbaycanın əsas hissəsinin Ermənistan ərazisindən qısa yolla Naxçıvanla əlaqəsi yaradılacaq. Ermənistan ərazisindən keçən bir nəqliyyat dəhlizinin yaradılması, bu bağlantını təmin edə bilər. Belə bir dəhliz "Zəngəzur dəhlizi" kimi də tanınır və Azərbaycanın və Ermənistanın dövlət başçıları tərəfindən müzakirə olunmuşdur. Bu dəhliz, həmçinin regional iqtisadi əlaqələrin inkişafına və nəqliyyat axınlarının asanlaşdırılmasına imkan verə bilər. Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə birbaşa əlaqə qurması, həmçinin regional iqtisadiyyatın inkişafına təkan verə bilər. Belə bir dəhliz həmçinin Ermənistan üçün tranzit gəlirləri əldə etmək imkanı yarada bilər, çünki Naxçıvanın Azərbaycanın digər hissəsi ilə əlaqəsi üçün bu dəhlizdən istifadə edilməsi mümkündür.

Göründüyü kimi, 30 ildən artıq davam edən və heç bir ciddi nəticələr verməyən danışıqların səbəbkarı yenə də Ermənistandır. Rəsmi İrəvan bununla xalqı da dəfələrlə məyus edib.

 

 

Zenfira Nurullayeva

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin

xor ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

 


Chosen
17
3
news365.az

4Sources