EN

COP29-da bərpaolunan enerji və enerji səmərəliliyinə investisiyaların artırılmasına dair Nazirlər Dialoqu keçirilib

COP29 çərçivəsində 2030-cu ilə qədər qlobal bərpaolunan enerji üzrə qoyuluş gücünün üç dəfə, enerji səmərəliliyinin isə iki dəfə artırılması məqsədilə investisiyaların genişləndirilməsinə dair yüksəksəviyyəli Nazirlər Dialoqu keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" Energetika Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, tədbir hökumət nümayəndələrini, beynəlxalq təşkilatları və maliyyə institutlarının təmsilçilərini bir araya gətirərək əldə olunan irəliləyişləri nəzərdən keçirməyə, verilmiş öhdəlikləri yenidən vurğulamağa və bu hədəflərə çatmaq üçün əməkdaşlıq və investisiya qoyuluşu barədə müzakirələr aparmağa imkan yaradıb.

Tədbirin açılış hissəsində energetika naziri Pərviz Şahbazov, BƏƏ-nin xarici işlər nazirinin enerji və davamlılıq üzrə köməkçisi Abdulla Balalaa, Avropa İttifaqının İqlim Dəyişikliyi üzrə komissarı Vopke Hoekstra, Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol və Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin baş direktoru Francesco La Camera çıxış ediblər.

“Bu qlobal tədbir bərpaolunan enerjinin üçqat, enerji səmərəliliyinin ikiqat artırılması məqsədlərinə doğru irəlilədiyimiz mühüm bir mərhələni təmsil edir. COP29 isə bu vədlərin icrasına və irəliləyişinə təkan verən, sürətli enerji keçidi qarşısında duran maneələri aradan qaldırmağa yönələn qlobal səylərin yeni hərəkətverici qüvvəsidir. COP29 Sədrliyinin maliyyə ilə yanaşı, “Yaşıl Enerji üzrə Zona və Dəhlizlər Öhdəliyi”, “Qlobal Enerji Anbarları və Şəbəkələri Öhdəliyi” və “Hidrogen Bəyannaməsi” təşəbbüslərinin dəstəklənməsi kritik əhəmiyyət kəsb edir. Bu təşəbbüsləri həyata keçirmək və enerji keçidində əsl dönüş yaratmaq üçün hər bir ölkənin, qurumun və sektorun güclü birliyi və dəstəyi labüddür. Gəlin, öz üzərimizə düşən məsuliyyəti tam olaraq yerinə yetirək, maliyyə və texnoloji imkanlarımızı səfərbər edək və gələcəyimiz üçün qətiyyətlə hərəkət edək”, - deyə energetika naziri Pərviz Şahbazov deyib.

Nazir Azərbaycanın 2030-cu ilədək yaşıl artım ölkəsi və yaşıl elektrik enerjisi, yaşıl qazların tədarükçüsü kimi inkişaf prioritetlərinə uyğun olaraq bərpaolunan enerji potensialını milli və beynəlxalq miqyasda artıran ambisiyalı meqalayihələr də həyata keçirdiyini də bildirib: “2030-cu ilə qədər istismara veriləcək 2,250 MVt gücündə Günəş və külək elektrik stansiyaları quraşdırılmış gücdə bərpaolunan enerjinin payını 35,5 faizə yüksəldəcək. Bu, yalnız 30 faizlik hədəfimizin yenilənməsi deyil, eyni zamanda Günəş və külək enerjisinin enerji sistemimizdəki payının 7 dəfədən çox artması deməkdir. Bu dövrdə əsas strateji hədəflərimizdən biri də 5 QVt əlavə enerji gücü yaratmaq və bu enerjinin “Xəzər-Qara dəniz-Avropa” və “Azərbaycan-Türkiyə-Avropa” dəhlizləri vasitəsilə Avropaya tədarükünü təmin etmək, eləcə də Qazaxıstan və Özbəkistandan bərpaolunan enerjinin axını üçün “Azərbaycan-Mərkəzi Asiya” yaşıl enerji dəhlizini qurmaqdır. Bu regional yaşıl enerji dəhlizləri bir-biri ilə əlaqələndirilərək Avropaya yönəldildiyi təqdirdə, Azərbaycan 2030-cu ildə həm özünün, həm də Asiyadan Avropaya qədər geniş bir coğrafiyada ölkələrin yaşıl enerjiyə keçidinə və qlobal öhdəliklərin yerinə yetirilməsinə əhəmiyyətli töhfə vermiş olacaq”.

İştirakçılar, həmçinin COP29 Prezidentliyinin, əsas məqsədi bərpaolunan enerji istehsalını artırmaq olan “Qlobal Enerji Saxlama və Şəbəkələr” təşəbbüsünü müzakirə ediblər.

Açılış sessiyasından sonra tədbir “Bir il ərzində beynəlxalq birlik tərəfindən əldə edilən irəliləyiş” və “Maliyyə boşluğunun aradan qaldırılması” adlı panel müzakirələrlə davam edib.

Qeyd edək ki, tədbirdə 40-dan çox ölkə və təşkilatdan nümayəndə təmsil olunub.

Chosen
4
7
operativmm.az

8Sources