EN

Liderlər Sammiti bütün bədxahlarımıza layiqli cavabdır



Bu gün Bakıda dünyanın ən böyük iqlim tədbirinin zirvə toplantısı keçirilir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammiti öz işinə mükəmməl təşkilatçılıqla başladı. COP29-un Liderlər Sammiti iki gün davam edəcək. Burada 198 tərəf iştirak edir. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının tərəf dövlətlərinin 50 prezidenti, 10 vitse-prezidenti, 20 hökumət başçısı və iki vəliəhd şahzadəsi sammitin yüksək səviyyəli seqmentində rəsmi bəyanatlarla çıxış edəcəklər. Azərbaycan Prezidenti İlham Əliyev Liderlər Sammitinin açılış mərasimində çıxış etdi və onu da vurğuladı ki, 200-ə yaxın ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək fürsəti nəsib olub, bu, bizim ölkəyə hörmətin əlamətidir və bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir.

Beləliklə, dünyanın ən aparıcı media orqanlarının da diqqət mərkəzində olan Bakı COP-unu baş tutmuş hesab edə bilərik. COP29-un elə birinci günündə əldə olunan ilk böyük uğur – karbon kreditlərinin yaradılması standartları üzrə konsensusa nail olunması onu göstərir ki, bu qlobal iqlim sammiti dünya üçün əhəmiyyətli qərarların qəbul edilməsi ilə nəticələnəcək. Bu isə o deməkdir ki, BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını (COP29) boykot etmək istəyən qüvvələrin məkrli niyyətləri baş tutmadı. Azərbaycanın neft ölkəsi olaraq COP29-a ev sahibliyi etməsini tənqid edənlərin arqumentləri də əsassız və məntiqsizdir.

İqlim problemlərinə, qlobal istiləşməyə dair tədbiri siyasiləşdirməyə çalışmaq absurd addımdır. Anti-Azərbaycan qüvvələrin Əli Kərimli kimi buyuruq qullarının bəzi ölkə liderlərinin COP-a gəlməməsinə görə sevinmələri, onların bununla əlaqədar sosial şəbəkə üzərindən şadyanalıq etmələri isə ermənipərəst dairələrin mövqeləri ilə üst-üstə düşür. Emmanuel Makron kimi, Cozef Borrel, Castin Tryudo kimi ermənipərəst siyasətçilərin COP29-a gəlməməsi təkcə onların deyil, öz daxilimizdəki ermənipərəst qüvvələrin də iç üzünü açır. Radikal müxalifətçilərimizin bir çox ölkələrin dövlət və hökumət başçılarının, on minlərlə qonağın iştirak etdiyi COP29 kimi mötəbər bir tədbirə paytaxtımızın ev sahibliyi etməsini Azərbaycanın dünyada artan siyasi nüfuzunun göstəricisi və uğuru kimi qiymətləndirmək əvəzinə, buna qısqanclıqla yanaşmaları onların çirkin xislətini ortaya qoyur.

Ancaq nə Qərbdəki əleyhdarlarımızın COP29-u “boykot” etmək cəhdləri, nədəki onların ölkəmizdəki əlaltılarının xain niyyətləri baş tutmadı. Prezident İlham Əliyevin COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında söylədiyi kimi Azərbaycan COP29-a ev sahibliyi edən ölkə kimi seçildikdən sonra biz hədəfə çevrildik və bu, qarayaxma kampaniyası idi. Ancaq bu kampaniyalar onların gözləntilərini doğrultmadı və bu gün dünya Bakıda toplaşıb: “Əfsuslar olsun ki, ikili standartlar, digər ölkələrə dərs vermək adəti və siyasi riyakarlıq bəzi Qərb ölkələrindəki bəzi siyasətçilər, dövlət nəzarətində olan QHT-lər və feyk-xəbər mediası üçün fəaliyyət metoduna çevrilib. Mənim sonuncu mesajım o dairələrədir ki, onlar demək olar, artıq bir ildir boykotu təşviq edirlər. Onlar əllərində olan bütün vasitələrdən istifadə edirlər ki, Bakıdakı COP29-a qarşı boykot kampaniyası həyata keçirilsin. Onlara pis xəbərim var: bizim 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçımız var. Onların arasında 80 Prezident, Vitse-prezident və Baş nazir var. Beləliklə, dünya Bakıda toplaşıb və biz dünyaya deyirik ki, “Azərbaycana xoş gəlmisiniz!”.

Prezidentin Qərbə yönəlik bu mesajı, həmçinin, düşmən dəyirmanına su tökən daxildəki qüvvələrə də ünvanlanıb. Onların COP29-dan özlərinin dar firqə maraqları üçün istifadə etmək və iqlim sammitini siyasiləşdirmək cəhdləri uğursuzluğa məhkum oldu. Bu adamlar reallığı adekvat qiymətləndirməyi də bacarmırlar. BMT-nin Baş katibi Antonio Quttereş başda olmaqla, dünya liderlərinin qatıldığı COP29-un Liderlər Sammiti bütün bədxahlarımıza layiqli cavabdır. Liderlər Sammiti dünyanın Azərbaycanla həmrəy olduğunu göstərir.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Chosen
32
newscenter.az

1Sources