EN

İran ölkənin paytaxtı Tehran şəhərinin altında "müdafiə tuneli" inşa edir

"Bu tunel Tehran metrosunun mərkəzi stansiyalarından birini İmam Xomeyni adına xəstəxana ilə birləşdirəcək..."
 
İran paytaxt Tehran şəhərinin altında ilk dəfə olaraq "müdafiə tuneli" inşa etmək qərarına gəlib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
 
Belə yeraltı qurğunun inşa edilməsinə səbəb İsrailin oktyabr ayında İranın hərbi obyektlərinə endirdiyi zərbələr olub.
 
Məlumatda deyilir ki, bu tunel Tehran metrosunun mərkəzi stansiyalarından birini İmam Xomeyni adına xəstəxana ilə birləşdirəcək, bu da tibbi müəssisəyə birbaşa yeraltı çıxışı təmin edəcək.
 
"Ölkədə ilk dəfə olaraq müdafiə təyinatlı tunel inşa edilir", - bu barədə Tehran şəhər şurası nəqliyyat idarəsinin rəhbəri bəyan edib.
 
Bir həftə öncə İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı Əmir Əli Hacızadə deyib ki, İranın, demək olar ki, hər bir şəhərinin altında yarım kilometr dərinliyində raketlər arsenalı yerləşdirilib.
 
Hazırda İranda həmçinin düşmənlər tərəfindən ölkənin hava məkanından istifadə edilməsinin qarşısının necə alınması barədə müzakirələr gedir,  bu barədə "Tasnim" informasiya agentliyi yazıb.
 
Bundan başqa, İranın Hava Hücumundan Müdafiə Komandanının sözlərinə görə, oktyabrın 26-da hücuma məruz qalan HHM obyektlərinə ciddi zərər vurulmayıb və hal-hazırda bu obyektlər sıradadır.
 
Ekspertlərin dəyərləndirmələrinə görə, İsrailin zərbələri elə düşünülüb ki, Tehrana öz qatı düşməninə cavab vermək seçimi üçün geniş məkan qalmayıb. 
 
O, ilk anlarda bəyan etdiyi kimi, ya bütün döyüş gücünü işə salmalı, ya da rəmzi olaraq İsrailə elə cavab verməlidir ki, bir daha növbəti cavaba təhrik etməsin.
 
Nəhayət, bir sıra analitiklərin fikrincə, Donald Trampın ABŞ prezidenti seçilməsilə İran İsrailə cavab verməyə də bilər, çünki anlayır ki, İsrail borclu qalmayacaq, sonra isə regional və qlobal savaş da yaxında olacaq.
Chosen
23
moderator.az

1Sources