EN

Tramp indidən fəaliyyətə başlayıb və xarici həmkarlarını gələcək addımlarına hazırlayır  

"Donald Tramp gələn ilin yanvarın 20-də andiçmə mərasimindən sonra Prezident kimi Ağ Evə yerləşsə də, indidən fəaliyyətə başlayıb. Tramp müxtəlif liderlərlə telefon danışıqları apararaq gələcək siyasətinin istiqamətlərini onların diqqətinə çatdırıb. Bununla Tramp xarici həmkarlarını indidən gələcək addımlarına hazırlayır".

Bu barədə Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Politoloq qeyd edib ki, Tramp artıq indidən komandasını da formalaşdırmağa başlayıb:

"Trampın dövlət katibi vəzifəsinə senator Marko Rubionu, milli təhlükəsizlik müşaviri vəzifəsinə isə Maykl Uoltsun təyin edəcəyi xəbərləri var. Rubio Rusiya və Çinə qarşı sərt siyasətin yürüdülməsi tərəfdarıdır. Rubio Senatdakı çıxışlarında hər zaman Moskva və Pekini sərt tənqid edib. Maykl Uolts Marko Rubio qədər sərt çıxışlar etməsə də, o da Vaşinqtonun Rusiya və Çinə qarşı sərt siyasət aparılmasının tərəfdarıdır. Trampın Prezident seçilməsi Kremlin maraqlarına uyğun olsa da, Moskva Ağ Evin yeni sahibinin yaxın ətrafının kimlərdən formalaşmasından narahatdır. Pekinin isə Ağ Evin yeni sahibinin nəinki yaxın ətrafından, onun özünün gələcək siyasətindən də böyük narahatlığı var. Çünki Tramp Marko Rubio və Maykl Uoltsla birgə Vaşinqtonun Çinə qarşı siyasətini sərtləşdirəcək, diqqəti Hind-Sakit okean bölgəsinə yönəldəcək.

Hindistanda isə əksinə həm Donald Trampın Prezident seçilməsindən, həm də Marko Rubio ilə Maykl Uoltsun mühüm vəzifələrə təyinatı perspektivindən sevinc hissi var. ABŞ-ın yeni hakimiyyət komandasının Hindistanla tərəfdaşlığı gücləndirəcəyinə dair rəylər mövcuddur. Donald Tramp Prezident olduğu dövrdə Hindistana səfər edərək, bu ölkə ilə strateji tərəfdaşlığı üst səviyyəyə qaldırmışdı. Hindistanın baş naziri Narendra Modi Donald Trampla münasibətləri dostluq səviyyəsinə qaldırmışdı. Qərb ekspertlərinin fikrincə, Marko Rubio və Maykl Uoltsun ABŞ-ın Hindistanla tərəfdaşlığı müttəfiqlik səviyyəsinə qaldıracaqlar. Vaşinqton Çinə qarşı sərt siyasət yürüdərkən, Hindistan kimi müttəfiqə ehtiyacı yaranacaq. Vaşinqton ABŞ kapitalının Çindən Hindistana köçməsi siyasətini dəstəkləməkdə davam edəcək. ABŞ-la Hindistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivinə də diqqət yetiriləcək. Bölgədə mövcud olan QUAD (ABŞ, Hindistan, Yaponiya və Avstraliya) ittifaqı güclənəcək.

Buna baxmayaraq, Dehli ABŞ-ın Hind-Sakit okean siyasətində diqqətli olmalıdır. Hindistan-Çin münasibətlərində ciddi suallar olsa da, Dehli Pekinlə qarşıdurmanın əleyhinədir, bir müddət əvvəl sərhəd anlaşmazlıqlarını önləmək üçün birgə patrul xidmətinin yaradılması razılaşdırılıb. Digər tərəfdən Hindistanla Çinlə birgə BRICS və Şanxay Əməkdaşlıq Təşkilatının üzvüdürlər. Bu səbəbdən Dehli ABŞ-ın yeni administrasiyası ilə tərəfdaşlığın müttəfiqlik səviyyəsinə qaldırılmasının tərəfdarı olsa da, Vaşinqtonun Çinə qarşı siyasətində alət olmaq istəməyəcək.

Eyni sözləri Səudiyyə Ərəbistanı haqqında söyləmək olar. Səudiyyə Ərəbistanı ABŞ-ın ənənəvi müttəfiqidir. Donald Tramp Prezident olduğu illərdə bu ölkəyə də səfər edib, ikitərəfli əməkdaşlığı gücləndirmək qərarı vermişdi. Tramp Səudiyyə Ərəbistanı ilə İsrail arasında diplomatik münasibətlərin qurulmasına çalışırdı. Ötən ilin oktyabrın 7-də “Həmas” İsrailə hücum edib böyük müharibənin başlanmasına rəvac verməsəydi, Səudiyyə Ərəbistanı İsraillə diplomatik münasibətlər quracaqdı. İndiki şərtlər altında isə bu hələlik mümkün deyil. Tramp eyni zamanda Prezidentliyi dövründə İrana qarşı siyasətdə Səudiyyə Ərəbistanından istifadə etməyə çalışırdı. O illər Səudiyyə Ərəbistanının İrandan qorunmaq üçün Vaşinqtonun dəstəyinə ehtiyacı var idi. Səudiyyə Ərəbistanı sonrakı illərdə İranla diplomatik münasibətləri bərpa etdi. Bugünlərdə isə Tehranda iki ölkənin müdafiə nazirləri arasında görüş keçirilib. Bu səbəbdən Ər-Riyadın Tehranla münasibətləri gərginləşdirməyə marağı yoxdur".

 

Xalidə Gəray

Musavat.com

Chosen
37
23
musavat.com

10Sources