EN

Avropa ölkələri Moskvanın qapısında növbəyə duracaq? (ŞƏRH)

"Münasibətlər düzəlməsə və Rusiyadan qaz almasalar, Avropa ölkələri Amerika qazını daha baha qiymətə almalı olacaq”. 

Qaynarinfo-ya açıqlamasında bunu iqtisadçı ekspert Natiq Cəfərli Serbiya prezidenti Aleksandar Vuçiçin Avropanın yaxın gələcəkdə qaz üçün yenidən Rusiyaya üz tutmalı olacağı barədə səsləndirdiyi fikrini şərh edərkən deyib:

"ABŞ son illər dünyanın ən böyük neft və qaz hasilatçısı statusuna malikdir. İndi ən çox qaz və neft istehsal edən ölkə məhz ABŞ-dır. Bu ölkənin gündəlik neft hasilatı 13,5 milyon barrelə çatıb. Qaz hasilatında da həmçinin kəskin artımlar var. Avropa Birliyi isə Amerikadan qazı daha baha alır. Əvvəlki dövrlərə nisbətən bu qiymət az qala iki dəfədən çox artıb”. 

Ekspert deyir ki, Vuçiç daxil bəzi Avropa liderlərini narahat edən amil Amerikadan alınan qazın qiymətinin kəskin artmasıdır: 

"Ona görə də bəzi Avropa liderləri Rusiya qazının daha ucuz olmasına işarə vururlar. Almaniyada koalisiya hökumətində böhran yaşanması və gələn ilin fevral ayına növbədənkənar seçkilərin təyin olunması səbəblərindən biri də məhz baha enerji daşıyıcılarıdır. Almaniya zavodlarında baha enerji daşıyıcılarına görə maya dəyəri yüksəlir, qiymətlər artır. Nəticədə onlar rəqabət qabiliyyətini itirməyə başlayıblar”. 

Lakin həmsöhbətimiz ABŞ-ın Avropa kimi yağlı bazarı əldən çıxaracağını da düşünmür: 

"Amma AB-nin enerji daşıyıcıları, xüsusən də mavi yanacaqdan asılılığı çox yüksəkdir. Gələcəkdə münasibətlər düzəlməsə və Rusiyadan qaz almasalar, Amerika qazını daha baha almağa məcbur olacaqlar. Bu qaçılmazdır. Serbiya prezidenti də yəqin ki, buna işarə edir. Bu isə dolayısı ilə Azərbaycanın da önəmini artırır. Çünki Azərbaycan yaxın illərdə Avropaya qaz satışını iki dəfəyə qədər artırmağı planlaşdırır. 2027-ci ildə bu rəqəm indiki 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər yüksələcək”. 

Qeyd edək ki, Serbiya prezidenti Aleksandar Vuçiç COP29 tədbirində çıxışı zamanı yaxın gələcəkdə Rusiya qazını qadağan edənlərin Moskvanın qarşısında növbəyə duracaqlarını bəyan edib:

"ABŞ yaxın bir neçə ildə daxili tələbatın artması səbəbindən maye qaz ixracını dayandıracaq. 3-4 ildən sonra Amerika artıq mayeləşdirilmiş təbii qaz ixrac edə bilməyəcək. Onu süni intellektin artan istehlakı, elektrik doldurma stansiyaları və başqa hər şey üçün istifadə edəcək. Bəs onda biz nə edəcəyik? Rusiya qazını qadağan edənlərin hamısı Moskvanın qarşısında növbəyə duraraq deyəcək: "Qışdan sağ çıxa bilmək üçün qazı bizə qaytarın". 

Rüfət Sultan
Chosen
20
qaynarinfo.az

1Sources