EN

Leninqradın “Qanlı Filip”i – O, 30-dan çox insanı qida əldə etmək üçün öldürüb

II dünya müharibəsi bitdikdən sonra Leninqrad (Rusiya, Sankt-Peterburq şəhəri) şəhərinin sakinləri rahat nəfəs almağa başlayır. 900 günlük dəhşətli blokada dövrü unudulmasa da, şəhər tədricən dinc həyata qayıdır. Lakin bu dinclik çox davam etmir. Çünki gündüz vaxtları insanlar yoxa çıxırdılar. Milis qüvvələri onları axtarsa da, nəticəsi olmur.

İtən hər adamın hekayəsi eyni idi: bazara getdi və yox oldu! Hadisələr yalnız Predteçenski və ya Smolenski bazarlarında baş verirdi. Bazarlar leninqradlılar arasında məşhur olsa da, bir-birindən kifayət qədər uzaq məsafədə yerləşirdi.

1946-cı ilin payızında milisə eyni faktla bağlı başqa bir şikayət daxil olur. Bu dəfə itən şəxsin qohumu yox, Barayev soyadlı rəis yazır. O, işçisinin yoxa çıxdığını bildirir. Yenə də axtarışlar heç bir nəticə vermir. Yalnız bir fakt ipucu üçün əsas olur - Predteçenski bazarında bir nəfər Barayevlə görüşür və əşyalarını qidaya dəyişdirmək barədə razılaşır.

qat-3.jpg

Eyni zamanda Leninqrad əməliyyatçıları yoxa çıxan digər şəxs- - Anatoli Sidorovu axtarmağa başlayanda oxşar əhvalatla qarşılaşırlar. Cəbhədən yeni qayıdan gənc alman qrammofonunu yeməklə dəyişmək üçün bazara gedib və sonra ondan heç bir xəbər çıxmayıb. İtkin düşənlərin sayı artıq iyirmiyə çatsa da, istintaq heç bir nəticə əldə edə bilmir.

Ryazan quberniyasının Sumerki kəndində anadan olan Filip Petroviç Tyurin II dünya müharibəsi başlayanda vətənini uzun müddət müdafiə edə bilmir, yaralanır və tərxis edilir. O, doğma kəndinə qayıtmaq istəmir və Leninqrad xəstəxanasından çıxandan sonra şəhərdə qalır, “Bolşevik” zavodunun regional təchizatının yeməkxanasında sürücü kimi işə düzəlir. Filipə yeməkxananın köməkçi otaqlarından birində yer ayrılır, ona yemək üçün talon verilir. Tutqun və ünsiyyətsiz Tyurin həmkarları arasında heç bir dost tapmırdı. Ancaq rəhbərlik buna əhəmiyyət vermirdi. Çünki, o işləyir, verilən tapşırıqları vaxtında icra edirdi və ən əsası spirtli içki qəbul etmirdi.

Filip Tyurin doğma kəndində olduğu kimi şəhərdə də sadə bir həyat sürürdü. Bazarlarda o, leninqradlıların sadə qiymətli əşyaları yeməyə dəyişdirdikləri sürətli barterə həsədlə baxırdı. Talonla verilən qida az qala özünə güclə çatırdı və yeməklə dəyişmək üçün kasıb kəndlinin əşyaları da yox idi. Nəticədə o, qida və qiymətli əşya tapmağın yolunu tapır.

Tyurinin planı sadə idi: bazara gəlir və insanlara özünü sevdirən tamam başqa bir insana çevrilirdi. Tez ünsiyyət qurur, əşyanı bir kisə kartofla dəyişəcəyini vəd edirdi. İnsanlar bazardan fabrikə az məsafə olmasına baxmayaraq, barterə razılaşırdılar. Artıq evində olan Tyurin qonağı yemək üçün zirzəmiyə enməyə dəvət edir. Sonra soyuqqanlılıqla qonağın həyatına qəsd edirdi.

qat-2.jpg

Ancaq qatil “ürəyi yumşaq” idi, qətlə yetirdiyi şəxslərin ailəsinin evini tanıyırdısa, mərhumun paltarlarını evinə təhvil verirdi. Daha sonra cəsədləri gizlədirdi. Bəzilərini yaxınlıqdakı gölməçəyə, digərlərini müharibədən qalan bunkerlərə atırdı. Bu, o qədər dəhşətli idi ki, metal qırıntıları toplayan yerli sakinlər təsadüfən cəsədləri aşkarlayanda şoka düşmüşdülər.

Meyitlərin çoxu hissələrə bölünmüşdü. Hadisə yerinə milis çağırılır. Onlarda bunkerdə tapılan meyitlərin müharibədən qalmadığına dair şübhələr yaranır. Ölənlərin şəxsiyyəti tez bir zamanda müəyyən edilir: onlardan birinin Anatoli Sidorov olduğu üzə çıxır. Cəsədlərin olduğu bunker “Bolşevik” zavodunun yanında idi və milis bu barədə artıq şahidlərdən eşitmişdi. Tyurin itkin düşənləri məhz bu əraziyə dəvət edirdi.

Zavodu yoxlayan müstəntiqlər ilk növbədə yeməkxanaya baxış keçirirlər. Tyurinin otağında axtarış aparılan zaman qan izləri və hətta içərisində donmuş qan olan qazan aşkarlanır.

İşçilər Filipin burada yaşadığını, lakin bu yaxınlarda işdən çıxaraq, evə, Sumerki kəndinə çoxlu çamadanla getdiyini deyirlər. Artıq əməliyyatçılar qatilin kim olduğuna şübhə etmirdilər. Tyurin saxlanılır və o, müstəntiqlərə sakitcə “Günahkar deyiləm” deyir. Ancaq milisin təzyiqindən sonra, növbəti dindirilmə zamanı o, təkcə insanlarla necə davrandığını deyil, həm də cəsədləri harada gizlətdiyini göstərir. Tyurin 30 nəfərdən çox adam öldürdüyünü etiraf etsə də, yalnız 14 cəsəd tapılır.

qat-1.jpg

Digər cəsədləri tapmaq mümkün olmur. İfadədən məlum olur ki, qatil onları qalın lil təbəqəsi ilə örtülmüş çaya atıb. Qurbanlardan birini isə dəmiryol relslərinin çəkildiyi yerdə basdırıb. Məhkəmənin qərarı ilə Tyurin 1947-ci ildə güllələnir və xalq arasında o, “Qanlı Filip” ləqəbini alır. O dövrün qəzetləri onun vəhşiliklərindən yazmır. Çünki sistem müharibənin insanlara vurduğu zərbənin təsirlərini böyütmək istəmirdi.

Cinayətkarın fəaliyyət göstərdiyi bazarlar artıq mövcud deyil. Predteçenskinin yerində avtovağzal tikilib. Smolenskinin yerində isə indi tərk edilmiş Nevski bazarının binası var.

İlkin Nəcəf

 

Chosen
15
1
musavat.com

2Sources