EN

COP29 tədbirinə könüllüllərin BAXIŞI - SORĞU

Ötən illər ərzində ölkəmizin ev sahibliyi etdiyi irimiqyaslı tədbirlərin icrasında olduğu kimi, könüllülər qlobal əhəmiyyətli COP29-un təşkilində də mühüm rol oynayırlar. COP29-un Könüllülük proqramının əsas məqsədləri dayanıqlılıq səfirləri kimi çıxış edəcək könüllülərin unikal bacarıqlarının real həllərin dəstəklənməsinə yönəldilməsi, əməkdaşlıq mədəniyyətinin təşviqi üçün hər səsin eşidildiyi, hər töhfənin qiymətləndirildiyi inklüziv mühitin təmin edilməsidir. Bu məqsədlə seçim və təlimlər prosesi zamanı yüksək motivasiyalı və müştərək öhdəliklə bir araya gələn gənclərdən ibarət komanda formalaşdırılıb.

COP29 Könüllülük proqramı ölkənin gələcək kadr potensialının formalaşmasında əhəmiyyətli rol oynayır. Qeyd edək ki, daha öncə ölkəmizdə keçirilən müxtəlif irimiqyaslı tədbirlərdə könüllülük proqramının iştirakçısı olmuş gənclər, hazırda COP29-un peşəkar komandasının üzvləridir.

SİA olaraq COP29 könüllülərindən könüllülük fəaliyyəti, tədbirin əhəmiyyətinin nədən ibarət olduğu haqqında sorğu keçirdik.

COP29 könüllüsü Fidan Kərimova: "Könüllülük mənim üçün cəmiyyətə faydalı olmaq, sosial məsuliyyət hissini dərinləşdirmək və eyni zamanda özümü inkişaf etdirmək üçün böyük bir fürsətdir. Könüllülük həm də yeni insanlarla tanış olmaq, onların təcrübələrindən faydalanmaq, müxtəlif fərqli baxışlarla zənginləşməkdir. Bu gün burada olmaq mənim üçün çox böyük anlam ifadə edir. Könüllülük fəaliyyətimizin artıq 3-cü günündəyik və bu qısa müddət ərzində bir çox yeni insanla tanış oldum, fərqli mədəniyyətlərdən insanlarla ünsiyyət qurdum və bu sadəcə möhtəşəmdir. Burada hər kəsin ortaq məqsəd üçün birlikdə çalışması, iqlim dəyişikliyinə qarşı həqiqi addımlar atmağa çalışması və bu məqsədlə hər gün yorulmadan işləməsi mənə çox böyük ilham verir. Bu tədbir yalnız iqlim dəyişikliyi məsələsini gündəmə gətirmək deyil, həm də bu qlobal problemi həll etmək üçün konkret addımlar atmaq məqsədini daşıyır. Burada olmaq bir tərəfdən dünyadakı ekoloji problemlərə dair məlumatlılığımı artırmaq, digər tərəfdən isə bu problemlə mübarizədə birbaşa iştirak etmək imkanı verir. Hər bir müzakirə və təqdimat iqlim dəyişikliyinin ciddi nəticələrindən xəbər verir və bu məsələyə qarşı daha çox əməkdaşlıq və innovativ həllərin tapılmasının nə qədər vacib olduğunu bir daha vurğulayır. Bizə belə qlobal əhəmmiyyət daşıyan tədbirdə könüllülük şansı yaratdığı üçün Extreme Hangout komandasına, həmçinin könüllü yoldaşlarıma təşəkkürlərimi bildirirəm".

COP29 könüllüsü Aynurə Məmmədova: "COP29 kimi məşhur bir tədbirə ölkəmizin ev sahibliyi etməsi, iqlim dəyişikliyi ilə bağlı qərarların qəbulunda yaxından iştirak etməsi Azərbaycanın beynəlxalq arenada vacib aktora çevrilməsinə səbəb olur. Mən də çox məmnunam ki, ölkəmizdə belə bir tədbirin təşkil edilməsində yaxından iştirak edə bilirəm. Bunun üçün öncə qrup yoldaşlarıma, sonra isə Extreme Hangout şirkətinə minnətdarlığımı bildirirəm ki, bizim üçün belə şanslar yaradırlar. Bu tədbir sayəsində praktiki bacarıqlarım daha da artmış olacaq, çünki hər bir prosesdə yaxından iştirak edərək yeni məlumatlar öyrənə bilirəm. Həmçinin yeni dostluqlar quraraq sosial çevrəmi genişləndirmək şansım yarandı, xarici vətəndaşlarla səmimi ünsiyyətimiz zamanı da, həm onlara ölkəmizin gözəlliyindən, vətənpərliyindən məlumatlar verə bilirəm, həm də turistlərin ölkəmiz barəsində təəssüratlarını öyrənirəm.Turistlərin yüksək səviyyədə qarşılanıb, qulluğun edilməsi, onların məmnunluğu ölkəmiz barəsində xoş təəssüratlarla ayrılması bir azərbaycanlı olaraq mənim fəxrimdir".

COP29 könüllüsü Turanə Ömərova: "Azərbaycan Dövlət İqtisad Universitetində logistika təhsili alıram, üçüncü kurs tələbəsiyəm. "Sabah" qrupları tələbəsiyəm. Burada könüllü kimi iştirak edirəm. COP29-un məqsədi iqlim dəyişikliklərinə qarşı mübarizə aparmaqdır. Buraya dünyanın hər yerindən nümayəndələr gələrək istixana qazlarının azaldılması, bərpa edilən enerjiyə keçid və dayanıqlı inkişaf haqqında konfrans keçirirlər. Ortaq qərar qəbul etməyə çalışırlar. Bu, logistika tələbəsi olaraq məni çox cəlb edir. Logistika tələbəsi kimi COP29-un məqsədlərini dəyərləndirərkən görürəm ki, bu, nəqliyyat sektoruna da böyük təsir edir. Eyni zamanda logistika sahəsində fəaliyyət göstərən şirkətlərin də nəqliyyat vasitələrində bərpa olunan enerjiyə keçməsini və daha səmərəli tədarük zəncirlərinin qurulmasını tələb edir".

COP29 könüllüsü İnci Əlizadə: "Bakı Dövlət Universitetini bitirmişəm. Hal-hazırda könüllü kimi COP29 tədbirində iştirak edirəm. COP29-da Extreme zonasının könüllüsüyəm. Burada əsas rolumuz asistentlikdir. Səhnənin qurulması işləri, tərcümə, notların alınması tipli işləri görürük. Ümumi olaraq yaxşı təcrübədir. Sosiallaşmaq, yeni dostlar qazanmaq, təcrübə toplamaq üçün çox yaxşıdır. Gündəlik buraya haradasa 1000-ə yaxın xarici gəlib-gedir. Onların hər biri ilə ünsiyyətdə olmaq, onları qarşılamaq, ünsiyyətdə olmaq çox maraqlıdır. Onların hər birinin ayrıca öz perspektivi olur. Düşünürəm ki, bu, çox yaxşı təcrübədir".

COP29 könüllüsü Kamilə Əsədova: ""Extreme Hangout"da könüllüyəm. Mənim üçün maraqlı olan budur ki, birincisi, xarici şirkət olması, komandanın xarici olmasıdır. Dil bariyeri ortadan götürülür. Həm də maraqlı spikerlər gəlir. Onları görmək, onların tədbirlərini görmək və yaxından iştirak etmək önəmlidir. Bir var ki, pavilionda uzaq gəzim, bir də var, içində olum. Tədbirdə iştirak etmək, təbii ki, böyük təcrübə qazandıracaq. Keçən 10-11 gün burada dəyərli olacaq. Xariclə sosiallaşmaq imkanı yaranır, yeni insanlar tanıyıram. Digər ölkələrin mədəniyyətindən də xəbərim olur. Dünyagörüşü artır, dil daha da inkişaf edir. Hər gün Azərbaycanda olaraq ingilis dilində danışmırıq. Burada ingilis dilində danışmağa fürsət yaranır".

COP29 könüllüsü Arzu Hüseynli: "Keçən il Bakı Mühəndislik Universitetindən məzun olmuşam. COP-u görən kimi həmin dəqiqə atıldım. Beynəlxalq əhəmiyyətli tədbirdir. Əminəm ki, burada mənim kimi çox könüllü var ki, COP-da olmaqdan qürur duyur. Ölkəmizin dünya səviyyəsində bilinməsi sevindirici haldır. Burada olmaq mənə özəl hiss etdirir. Ona görə ki, belə böyük layihənin bir parçası olmaq, kömək etmək, insanlarla ünsiyyətdə olmaq, yaxşı dostlar qazanmaq, həqiqətən də, könül açıcı haldır. Həmçinin, multikultural mühitdə iştirak etmək, xaricilərlə bir yerdə olmaq, onların təbiətini görmək, COP-da nələr baş verir, nədən söhbət gedir, əhəmiyyəti nədir, bizim ölkəmizə hansı köməklik göstərəcək, bunları bilmək və digər ölkələrin bizdən hansı gözləntidə olduqlarını bilmək, biz necə yararlana bilərik, iqlim haqqında dəyişikliklər, necə fayda verə biləcəyimizi bilmək çox qürurvericidir".

COP29 könüllüsü Həsənəli Əhmədov: "COP29 tədbirinə internetdən görüb qoşuldum. Mənə maraqlı gəldi, qoşulduğum üçün isə çox sevindim. Burada iştirak etmək mənə, əlbəttə ki, təcrübə yaradacaq. Beynəlxalq əhəmiyyətli tədbirdir. Dil biliklərindən başqa, məncə, insanlarla kommunikasiyaya imkan yaradır. Dünyanın hər yerindən qonaqlar gəlir, hərəsi ilə başqa cür danışmaq lazımdır. Ümumiyyətlə, Azərbaycanda belə bir tədbirin keçirilməsi həm bizim üçün, həm də xaricilərin Azərbaycanı tanıması üçün də çox gözəldir. Boş vaxtım olanda qonaqlarla Azərbaycan haqqında danışıram. Onların təsərrüfatlarını bilmək istəyirəm. Könüllülük bizə yeni imkanlar da açacaq. BMT-nin tədbirində iştirak etmək də əhəmiyyətli addımdır. Kariyeramız üçün önəmlidir. Dünyagörüşümüza də təsir edir. Xəzər Universitetində, Avropaşünaslıq ixtisasında təhsil alıram. COP-da Avropanın hər yerindən qonaqlar var. Digərləri ilə müqayisədə BMT-nin tədbiri olduğuna görə mənim üçün fərqli olaraq yaxşıdır".

Müəllif: Söylü Ağazadə
Chosen
24
sia.az

1Sources