EN

YAP ilə Çin Kommunist Partiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti Çin Kommunist Partiyasının (ÇKP) dəvəti ilə Çin Xalq Respublikasında səfərdədir.

"Unikal" xəbər verir ki, səfər çərçivəsində noyabrın 13-də YAP nümayəndə heyəti ilə ÇKP Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, nazir Lyu Cyançao arasında görüş keçirilib.

Nümayəndə heyətini salamlayan və ölkəsində görməkdən məmnunluğunu ifadə edən Lyu Cyançao Azərbaycan-Çin münasibətlərinin yüksələn xətt üzrə inkişafının təqdirəlayiq olduğunu vurğulayıb. Bir-birinin maraqlarına hörmət edən, ərazi bütövlüyü və suverenliyini dəstəkləyən iki ölkə arasında əlaqələrin siyasi, iqtisadi, mədəni, humanitar, nəqliyyyat-logistika və digər sahələri əhatə etməklə çoxşaxəli xarakter daşıdığını bildirən L.Cyançao Çinin Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu diqqətə çatdırıb.

2024-cü ilin iyul ayında Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpinin görüşünə diqqəti cəlb edən L.Cyançao iki dövlət arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamənin imzalanmasının işbirliyinin dərinləşdirilməsi baxımından önəmini qeyd edib. O, Azərbaycan ilə Çin arasında qlobal arenada, xüsusilə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın hər iki ölkənin maraqlarının qorunması üçün müstəsna əhəmiyyət daşıdığını bildirib. L.Cyançao Çinin Azərbaycanın müxtəlif platformalarda, o cümlədən BRICS çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığı inkişaf etdirməsinə dəstək verdiyini qeyd edib.

Çinin Azərbaycanın beynəlxalq əhəmiyyətli təşəbbüslərini təqdir etdiyini söyləyən Lyu Cyançao ölkəmizin qlobal iqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizədə əhəmiyyətli rolunu və dəyərli töhfələrini xüsusi vurğulayıb. O, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırıb və ölkəsinin də bu tədbirdə geniş nümayəndə heyəti ilə yüksək səviyyədə təmsil olunduğunu ifadə edib.

Qarşılıqlı səfərlərin səmərəli fikir və təcrübə mübadiləsi baxımından önəminə diqqəti cəlb edən L.Cyançao dövlətlər və partiyalar arasında hər bir təmasın əməkdaşlığın genişlənməsinə xidmət etdiyini vurğulayıb. O, Çin Kommunist Partiyasının geniş beynəlxalq əlaqələrə malik olduğunu və Yeni Azərbaycan Partiyası ilə münasibətlərin inkişafına böyük önəm verdiyini bildirib. Ötən il YAP nümayəndə heyətinin Çinə səfərini məmnunluqla xatırlayan Lyu Cyançao səfər çərçivəsində kifayət qədər əhəmiyyətli və məhsuldar görüşlərin keçirildiyini vurğulayaraq “Əminəm ki, YAP nümayəndə heyətinin ölkəmizə budəfəki səfəri də hərtərəfli əməkdaşlığa stimul verəcək. Xüsusilə də, partiyalarımız arasında əməkdaşlıq memorandumunun imzalanması yeni imkanlar və perspektivlər yaradır. Memorandumdan irəli gələn vəzifələrin yerinə yetirilməsi dostluq və tərəfdaşlıq münasibətlərinin inkişafına, prioritetlərin reallaşdırılmasına – ortaq hədəflərin gerçəkləşməsinə xidmət edəcək”, - deyə vurğulayıb.

Lyu Çyançao YAP nümayəndə heyətinin İkinci Qlobal Cənub Beyin Mərkəzləri Dialoqunda iştirakının ortaq hədəflər naminə səmərəli müzakirələrin aparılması və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənəlşdirilməsi baxımından böyük önəm kəsb etdiyini vurğulayıb.

Dəvətə, yüksək qonaqpərvərliyə və səmimi qəbula görə rəhbərlik etdiyi nümayəndə heyəti adından minnətdarlıq ifadə edən YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov dostluq, qarşılıqlı faydalı əməkdaşlıq və strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Çin münasibətlərinin hər iki ölkənin liderlərinin siyasi iradəsi sayəsində dinamik inkişafa malik olduğunu və mühüm perspektivlər vəd etdiyini söyləyib.

O, Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamənin qəbulunun tarixi əhəmiyyətə malik olduğunu vurğulayaraq hazırda müxtəlif sahələri əhatə edən çoxşaxəli əməkdaşlığın dərinləşdirilməsi üçün əlverişli şəraitin olduğunu diqqətə çatdırıb: "Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Çin Xalq Respublikası və Azərbaycan Respublikasının rəsmi olaraq strateji tərəfdaşlara çevrilməsi böyük nailiyyət və yüksək məsuliyyətdir”.

Tahir Budaqov iki ölkənin beynəlxalq müstəvidə əməkdaşlığının əhəmiyyətinə diqqəti cəlb edərək Çinin ölkəmizin BRICS platformasında təmsilçiliyinə və Şanxay Əməkdaşlıq Təşkilatı ilə  əlaqələrinin inkişafına dəstəyinin dostluq və etibarlı strateji tərəfdaşlıq nümunəsi olduğunu söyləyib.

Bütün sahələrdə, xüsusilə də innovativ texnologiyalar, "yaşıl iqtisadiyyata" keçid və nəqliyyat-logistika sahəsində işbirliyinin dərinləşdirilməsi üçün geniş imkanlara diqqəti cəlb edən Tahir Budaqov Azərbaycanın Çinin "Bir kəmər, bir yol" layihəsinə ilk dəstək verən ölkələrdən biri kimi bu layihə və Orta Dəhliz çərçivəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. O, Azərbaycanın təşəbbüsü olan Zəngəzur dəhlizinin reallaşdırılmasının bir çox dövlətlərin mənafəyinə xidmət edən qlobal xarakterli yeni əməkdaşlıq platformasının formalaşması baxımından əhəmiyyətini vurğulayıb.

Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini bərpa etməsi nəticəsində yeni geostrateji reallıqların yarandığını söyləyən YAP Sədrinin müavini hazırda regionda mövcud olan vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri barədə ətraflı məlumat verib. O, Azərbaycanın beynəlxalq hüququn təməlində dayanan suverenlik və ərazi bütövlüyü prinsiplərinə böyük önəm verdiyini, beynəlxalq münasibətlər sisteminin subyekti olan ölkələrin, o cümlədən Çinin ərazi bütövlüyünə, eləcə də Vahid Çin prinsipinə dəstəyini daim ifadə etdiyini nəzərə çatdırıb. YAP Sədrinin müavini Çinin Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsini də minnətdarlıqla vurğulayıb.

Azərbaycanın bəşəriyyəti narahat edən qlobal problemlərin həllində yaxından iştirak etdiyini, o cümlədən iqlim dəyişmələrinə qarşı fəal mübarizə mövqeyi sərgilədiyini söyləyən Tahir Budaqov Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu və ölkəmizin hazırda COP29-a uğurla ev sahibliyi etdiyini diqqətə çatdırıb. O, belə bir mötəbər tədbirin Azərbaycanda keçirilməsinin respublikamıza beynəlxalq müstəvidə böyük etimadın daha bir bariz nümunəsi olduğunu vurğularaq Çinin bu məsələdə ölkəmizə dəstəyinə görə minnətdarlıq ifadə edib.

Azərbaycan-Çin münasibətlərinin inkişafında iki ölkənin hakim partiyalarının əməkdaşlıq əlaqələrinin rolundan bəhs edən Tahir Budaqov qeyd edib ki, iki ölkə arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamədə əksini tapan başlıca məsələlərdən biri də partiyalararası əlaqələrin gücləndirilməsidir. O bildirib ki, qarşılıqlı səfərlər partiyalararası münasibətlərin bütün istiqamətlərdə inkişafına təkan verir. Son illərdə hakim partiyalar arasında təmasların artması və dialoqun güclənməsinin önəmini qeyd edən YAP Sədrinin müavini “Sizin də qeyd etdiyiniz kimi, ötən il YAP nümayəndə heyətinin Çinə səfəri çərçivəsində istər Azərbaycan-Çin münasibətləri, istərsə də Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında çoxşaxəli əməkdaşlığa dair ətraflı fikir mübadiləsi aparıldı. Həmin səfər ikitərəfli əlaqələrin inkişafında mühüm bir amil kimi xüsusi əhəmiyyətə malikdir. Bu işbirliyinin davamı kimi bu gün Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında əməkdaşlıq memorandumunun imzalanması isə əlamətdar hadisə kimi müstəsna önəm daşıyır. Memorandum qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlığın siyasi və hüquqi əsaslarını möhkəmləndirməklə partiyalar arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsini təmin edəcək. Əminik ki, birlikdə görəcəyimiz işlər həm partiyalar, həm də ölkələrarası əlaqələrin inkişafına təkan verəcək”,- deyə bildirib.

Görüş zamanı bir sıra Qərb ölkələrinin müstəqil siyasət yürüdan dövlətlərə qarşı ikili standartlara əsaslanan, beynəlxalq hüquq normalarına zidd qərəzli siyasətinin beynəlxalq təhlükəsizlik və əməkdaşlığa təhdid yaratdığı qeyd olunaraq bu hallara qarşı qətiyyətli mübarizənin önəmi vurğulanıb, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb.

Sonra Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında əməkdaşlıq memorandumunun imzalanması mərasimi olub. Memorandumu YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və ÇKP Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, nazir Lyu Cyançao imzalayıblar.

Noyabrın 13-də YAP nümayəndə heyəti, həmçinin İkinci Qlobal Cənub Beyin Mərkəzləri Dialoqu iştirakçılarının şərəfinə verilən ziyafətə qatılıb.

Qeyd edək ki, YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyətinə partiyanın İdarə Heyətinin üzvləri, millət vəkilləri Hikmət Məmmədov, Pərvin Kərimzadə, Elnarə Akimova, Ülviyyə Həmzəyeva, Azər Badamov, YAP Təftiş Komissiyasının sədri, millət vəkili Sevinc Hüseynova, Təftiş Komissiyasının üzvləri, millət vəkilləri Elman Nəsirov, Vüqar İskəndərov, Naqif Həmzəyev, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, YAP Gənclər Birliyinin üzvü, millət vəkili Səbinə Xasayeva, partiyanın Mərkəzi Aparatının şöbə müdirləri və yerli təşkilat sədrləri daxildir.

Chosen
27
50
unikal.az

10Sources