EN

Monteneqro – Türkiyə oyununun stadionu dəqiqləşdi

Türkiyə yığmasını qarşıda Millətlər Liqasının son iki oyunu gözləyir. Qardaş ölkənin komandası noyabrın 16-da Kayseridə Uelslə qarşılaşacaqsa, noyabrın 19-da qrupun son matçında Monteneqronun qonağı olacaq.

“Ay-ulduzlular”ın Monteneqroya qarşı keçirəcəyi matçın stadionuna aydınlıq gəlib. Bu ölkənin əsas stadionu paytaxt Podqoritsada yerləşən və 15 mindən çox azarkeş tutumuna malik olan arenadı. Monteneqro ev oyunlarını əsasən bu stadionda keçirir. Amma son aylarda bu stadionda ot örtüyünün dəyişdirilməsi prosesi gedirdi. Belə güman olunurdu ki, bu prosesdən sonra Monteneqronun İslandiya və Türkiyəyə qarşı oyunları bu arenada keçiriləcək. Amma UEFA rəsmiləri yenə də Monteneqroya burda oyun keçirməyə icazə verməyib. Ot örtüyü sentyabrla müqayisədə yaxşı durumda olsa da, UEFA-nın fikrincə, hələ də istənilən səviyyədə deyil.

Ona görə də Monteneqro həm noyabrın 16-da İslandiyanı, həm də 3 gün sonra Türkiyəni Nikşiç şəhərindəki “Kray Bıstritse” stadionunda qəbul edəcək. 10800 azarkeş tutumuna malik bu arenada “Sutyeska” ev oyunlarını keçirir. Monteneqro sentyabrda Uelsi də bu stadionda qəbul etmiş və 1:2 hesabı ilə uduzmuşdu. Türkiyə noyabrın 16-da evdə Uelsi məğlub edə bilsə, qrup liderliyini təmin edəcək. Belə olan halda son turda Monteneqro səfəri Vinçentso Montellanın komandası üçün formallığa çevriləcək.

Chosen
23
football-plus.az

1Sources