EN

BTQ müstəmləkəçilərin ekoloji cinayətlərini ittiham edib

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan Milli QHT Forumu Pavilyonunda Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən “Ekomüstəmləkə: müstəmləkə və neokolonial istismarın ətraf mühit mirası” adlı beynəlxalq konfrans təşkil olunub.

Tədbiri açan BTQ-nin icraçı direktoru Abbas Abbasov beynəlxalq konfransın məqsədinin müstəmləkəçi güclərin vurduğu ekoloji ziyanı araşdırmaq və müstəmləkə altında olan xalqlara xüsusi diqqət yetirmək olduğunu bildirib. O, BTQ-nin müstəmləkəçiliyin ləğvi ilə bağlı fəaliyyəti haqqında məlumat verib.

Beynəlxalq konfransda hələ də müstəmləkə idarəçiliyi altında olan xalqlar, müstəmləkəçi dövlətlər tərəfindən təbii resursların istismarı, meşələrin qırılması, xlordekonla torpağın çirklənməsi və məcburi kənd təsərrüfatı monokulturası kimi tarixi müstəmləkəçilik təcrübələrindən söz açılıb. Bu xalqların üzləşdiyi iqlim böhranları, onların uzunmüddətli mənfi ekoloji nəticələri ilə bağlı fikirlər səsləndirilib.

Tədbirdə Fransanın və Niderlandın müstəmləkəsi altında olan xalqların nümayəndələri ölkələrindəki ətraf mühitin acınacaqlı vəziyyətindən danışıblar. Bu baxımdan Fransa hökumətinin fransız Polineziyasında, Qvadelupada, Martinikada, Mayotda, Yeni Kaledoniyada həyata keçirdiyi nüvə sınaqları, istifadə etdiyi zəhərli pestisidlərin ağır nəticələri müzakirə olunub.

Qeyd edilib ki, Fransanın müstəmləkəsi altında olduğu üçün müstəqil qərar qəbul edə bilməyən Qvadelupada kənd təsərrüfatı sahələrinin əksəriyyəti çox təhlükəli olan xlordekon pestisidi ilə zəhərlənib və bu, biomüxtəlifliyi məhv edib. Vurğulanıb ki, dünyada xlordekon pestisidinin ləğv edilməsinə baxmayaraq, Fransa hökuməti Qvadelupada və Martinikada bu pestisiddən istifadəyə yol verərək, müstəmləkə altında saxladığı xalqlara müstəqil qərar qəbul etmək imkanı yaratmır. Nəticədə, həmin ərazilərdə kənd təsərrüfatının inkişafı mümkün deyil. Diqqətə çatdırılıb ki, xlordekon insanlar üçün son dərəcə zəhərli bir maddədir.

Çıxışlarda, həmçinin Fransız Polineziyasında Fransa tərəfindən həyata keçirilən nüvə sınaqlarının ekoloji fəsadlarının yaratdığı dəhşətli vəziyyət, radiasiyaya məruz qalmış əhaliyə Fransa tərəfindən kompensasiyanın hələ də ödənilməməsi, Yeni Kaledoniyada nikel yataqlarının istismarı, eləcə də Mayotun istismarı nəticəsində müxtəlif xəstəliklərin yayılması diqqətə çatdırılıb.

XQ

Chosen
13
1
xalqqazeti.az

2Sources