Gürcüstanın keçmiş lideri Mixail Saakaşvili prezident Salome Zurabişvili tərəfindən əfv edilsə belə, həbsxanadan çıxa bilməyəcək.
Azpost.info bildirir ki, bu barədə “İmedi” telekanalına müsahibəsində hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze deyib.
Kaladze deyib ki, Saakaşviliyə qarşı başqa cinayət işləri açılıb: “Mən bildiyimə görə, Saakaşviliyə qarşı digər mühüm işlərə baxılır və prezidentin onu əfv etməsi o baxımdan mənasını itirir. O, belə bir qərar versə belə, o, azadlığa çıxa bilməyəcək, çünki Sakaşviliyə qarşı digər işlər qaldırılıb”, – Kaladze bildirib.
Hazırda Ukrayna vətəndaşı olan Saakaşvili 2013-cü ildə Gürcüstanı tərk edib. Bundan sonra ölkədə ona qarşı 4 cinayət işi açılıb, onlardan ikisi qiyabi olaraq 3 il və əlavə olaraq 6 il müddətinə azadlıqdan məhrum edilib. 2007-ci il noyabrın 7-də müxalifətin mitinqinin dağıdılması, “İmedi” televiziya şirkətinin ofisinin dağıdılması və təxminən 9 milyon lari (3,3 milyon dollardan çox) məbləğində dövlət vəsaitinin mənimsənilməsi ilə bağlı işlərə baxılır.
2021-ci ilin oktyabrında Saakaşvili gizli şəkildə Gürcüstana gəlib, lakin saxlanılıb. Bundan sonra o, sərhədi qanunsuz keçməkdə ittiham olunub. 2022-ci ilin mayında səhhəti pisləşdiyi üçün siyasətçi hələ də qaldığı Tbilisidəki özəl “Vivamed” klinikasına aparılıb.