EN

COP29 çərçivəsində müstəmləkəçiliklə bağlı tədbir keçirilib

Bakı Təşəbbüs Qrupu (BTQ) və SAHEL Konfederasiyasını təmsil edən ASRAD təşkilatı COP29 çərçivəsində “Müstəmləkəçiliyin Afrikada investisiya perspektivlərinə mənfi təsirləri” mövzusunda tədbir keçirib. SİA xəbər verir ki, tədbirdə Afrikada kolonial keçmişin yaratdığı dərin sosial-iqtisadi problemlər və onların qitədə investisiya imkanlarına mənfi təsiri müzakirə olunub.

Tədbirdə Fransanın Afrikadakı keçmiş müstəmləkələrindən, digər fransız dənizaşırı ərazilərindən, Niderland koloniyalarından olan nümayəndələr, xarici və yerli jurnalistlər iştirak ediblər.

Çıxışlarda müstəmləkəçilikdən miras qalan qeyri-bərabərlik, resursların ədalətsiz və qanunsuz istifadəsi, qitənin inkişafını ləngidən səbəblər barədə ətraflı fikir mübadiləsi aparılıb. Həmçinin investisiya sahəsində yaranan problemlər, dayanıqlı inkişaf və kənar müdaxilə olmadan Afrikada investisiyaların perspektivləri müzakirə olunub.

Tədbirdə müstəmləkəçiliyin hazırda planetimizin üzləşdiyi dağıdıcı iqlim böhranına mənfi təsirləri xüsusi vurğulanıb. Müstəmləkəçiliyin Afrika ölkələrinin, dənizaşırı ərazilərin artıq daha tez-tez üzləşdiyi dağıdıcı iqlim hadisələrinə dərin və davamlı mənfi təsirlərinin göz-ardı edilməsi şiddətlə qınanıb. Müstəmləkəçiliyin Afrika ölkələrində, eləcə də dənizaşırı ərazilərdə bütün sahələrdə, o cümlədən iqtisadiyyatda, mədəniyyətdə, siyasətdə, ətraf mühitdə dərin mənfi izlər qoyduğu qeyd edilib. Bildirilib ki, müstəmləkəçiliyin bu ölkələrdə yaratdığı sosial və siyasi nizamsızlıq, iqtisadi istismar və yoxsullaşma, yerli xalqların mədəniyyətlərinin və milli kimliyinin itirilməsi, etnik bölünmə və icmalar arasında gərginliyin yaradılması siyasəti, ətraf mühitin deqradasiyası, iqtisadi və siyasi asılılığın mirası kimi bir çox mənfi təsirlər artıq dözülməz həddə çatıb. Buna baxmayaraq, yerli xalqlar iqlim dəyişikliyinin dağıdıcı təsirləri ilə bağlı müstəqil qərarlar qəbul edə bilmirlər. Müstəmləkəçilik bu ölkələrin strukturunu dağıdıb, onları xaricdən idarə olunan sistemlə əvəzləyib. Nəticədə həmin xalqların qərar qəbuletmə səlahiyyətləri onlardan alınıb.

Çıxışlarda qeyd olunub ki, müstəmləkəçiliyin əsas məqsədi Afrika ölkələrinin və dənizaşırı ərazilərin zəngin təbii ehtiyatlarını istismar etməkdir. Müstəmləkə istismarı ətraf mühiti çirkləndirən intensiv kənd təsərrüfatı və mədənçilik sahələrində daha ağır nəticələr doğurur. Monokultura torpağı tükəndirib, bəzi ölkələrdə və ərazilərdə səhralaşmaya səbəb olub. Müstəmləkə dövründə başlayan bu ekoloji deqradasiya bu gün də kənd təsərrüfatına və dolanışıq vasitələrinə təsir edir, ərzaq təhlükəsizliyi üçün ciddi təhdid yaradır.

Tədbir iştirakçıları Fransanın və Niderlandın müstəmləkəsi altında olan ölkə və ərazilərdə ətraf mühitə ziyan vuran bütün qeyri-qanuni fəaliyyətlərin dayandırılması, yerli xalqların hüquqlarına hörmətlə yanaşılması ilə bağlı çağırış ediblər.

Chosen
1
2
sia.az

3Sources