EN

Günümüzün ən yayılan 10 psixoloji problemi

Texnologiya və informasiya çağında həyat daha dinamik, sürətli və qarmaqarışıq olub. İnsanlar bir yandan iş yerində müvəffəqiyyət qazanmaq, digər tərəfdən şəxsi həyatlarında sağlam və balanslı münasibətlər qurmaq istəyir. Lakin artan təzyiqlər və dəyişən sosial normalar psixoloji problemlərin yayılmasına zəmin yaradır. Statistikalara görə, dünyada hər 4 nəfərdən biri həyatının müəyyən  dövründə psixoloji problemlə üzləşir. Gəlin,  problemləri və onların cəmiyyətə təsirlərini daha ətraflı araşdıraq:

Depressiya: Səssiz Böhran
Dünyada 280 milyon insan depressiyadan əziyyət çəkir, bu isə qlobal əhalinin təxminən 4%-nə bərabərdir. Depressiya çox vaxt ani əhval dəyişikliyi kimi qəbul edilsə də,  təsiri çox dərindir. Gündəlik fəaliyyətə maraq itirilməsi, enerji azalması və davamlı ümidini itirmə hissi ilə müşayiət olunur. Xüsusilə COVID-19 pandemiyasından sonra işsizlik, tənhalıq və sosial izolasiya depressiyanı daha da artırıb. Depressiyanın ciddi təsiri, yalnız fərdin həyatını deyil, ümumi cəmiyyətin məhsuldarlığını və sosial rifahını da sarsıdır.

Narahatlıq Pozuntusu: Daimi Gərginlik
Narahatlıq pozuntusu müasir cəmiyyətdə hər addım başı rast gəlinən problemlərdəndir. Statistikalara görə, təxminən hər 5 nəfərdən biri narahatlıq pozuntusu yaşayır. Bu pozuntu, insanların daimi qorxu və narahatlıq hissi ilə yaşamasına səbəb olur və gündəlik fəaliyyətlərini əngəlləyir. Müasir iş həyatının tələbləri, gələcəklə bağlı qeyri-müəyyənliklər və sosial gözləntilər narahatlığın əsas səbəbləri arasındadır. narahatlıq pozuntusu olanlar çox vaxt “normal”  həyatı arzulayır, lakin daxili gərginlik və qorxu onların bu arzularını həyata keçirməsini çətinləşdirir.

Panik Ataklar: Ani və Şiddətli Həyəcan
Panik ataklarnarahatlıq pozuntusunun bir hissəsi kimi meydana gəlir və dünyada milyonlarla insan bu problemi yaşayır. Panik atak zamanı nəfəs darlığı, ürək döyüntüsünün sürətlənməsi, başgicəllənmə və bədən istiliyinin artması kimi simptomlar ortaya çıxır. Ümumi bir statistika göstərir ki, yetkinlərin təxminən 2,7%-i hər il panik atakla üzləşir. Urbanizasiya və texnologiyanın verdiyi stress insanların bu vəziyyəti yaşamasına səbəb olan əsas amillərdəndir. Həyatın sürətli ritmi və yüksək tələbə uyğunlaşmaq zərurəti panik atakların tez-tez yaşanmasına gətirib çıxarır.

 Bipolyar Pozğunluq: Duyğusal Dalğalanmalar
Bipolyar pozğunluq, insanların həyatı boyunca yüksək enerjili və çox aşağı əhvalda olduqları dövrləri yaşadığı ciddi bir psixoloji problemdir. Dünya əhalisinin təxminən 1-2%-i bipolyar pozğunluqdan əziyyət çəkir. Bu xəstəlik yalnız şəxsi həyatı deyil, iş həyatını və sosial münasibətləri də dərin təsir altında saxlayır. Bipolyar pozğunluq, yaradıcılıq dövrləri və ciddi enerji azlığı ilə müşayiət olunan depressiv dövrlər arasında balanssız bir keçidlə xarakterizə olunur. Bu insanlar üçün stabilliyi tapmaq bir ömürlük mübarizə halını alır.

Şizofreniya: Realllıqdan Uzaqlaşma
Şizofreniya çox nadir görülən və ciddi psixoloji xəstəlikdir. Təxminən dünya əhalisinin 1%-i şizofreniya əlamətləri ilə üzləşir. Bu xəstəlik, reallıqla əlaqənin itməsi, duyğu və düşüncə pozğunluqları ilə xarakterizə olunur. Şizofreniya diaqnozu qoyulan insanlar halusinasiya, paranoya və ya həqiqətdən uzaq inanclarla yaşaya bilər. Bu, onların cəmiyyətdən uzaqlaşmasına və ya ağırlaşmış sosial problemlərlə üzləşməsinə gətirib çıxarır. Şizofreniya, psixoloji xəstəliklər arasında ən az anlaşılan və ən çox təcrid edici xəstəliklərdən biridir.

Bulimiya və Anoreksiya: Cəmiyyətin Gözəllik Standartları ilə Mübarizə
Yemək pozuntuları (anoreksiya və bulimiya kimi) xüsusilə yeniyetmələr və gənc qadınlar arasında yayılıb. Statistikalar göstərir ki, hər 1000 nəfərdən 1-i bu problemi yaşayır. Sosial mediada yayılmış estetik və ideal bədən standartları bu pozğunluqların artmasında böyük rol oynayır. İnsanlar cəmiyyətin “mükəmməl bədən” təzyiqinə qarşı çıxa bilmir və qidalanma pozuntularına qapılır. Bu xəstəliklər ciddi sağlamlıq problemləri və özünü təcridlə nəticələnir.

Obsessiv-Kompulsiv Pozuntu (OKP): Təkrarlanan Məcburi Davranışlar
OKP, insanları davamlı narahat edən və təkrarlanan davranışlara məcbur edən psixoloji bir xəstəlikdir. Hər 50 nəfərdən biri OKP əlamətləri göstərir. Bu insanlar daim əllərini yuma, müəyyən şeyləri təkrar yoxlama kimi davranışları təkzib edə bilmirlər. OKP-nin səbəbləri arasında genetik və ətraf mühit faktorları mühüm rol oynayır. OKP, həm şəxsi həyat, həm də iş həyatında ciddi çətinliklər yaradır və insanları vərdişlərinin  əsiri halına salır.

Post-travmatik Stress Pozuntusu (PTSB): Travmanın Dərin İzi
PTSB adətən travmatik hadisələrdən sonra meydana gəlir. Döyüş zonalarında iştirak etmiş şəxslər, təbii fəlakətlərdən sağ çıxanlar və ya zorakılıq təcrübəsi yaşayanlar bu xəstəliklə üzləşir. Hər 100 nəfərdən 7-si həyatının müəyyən bir mərhələsində PTSB yaşayır. Bu xəstəlik daimi qorxu və narahatlıqla müşayiət olunur. Travmaların təsiri dərindir və uzun illər boyunca həyatın bütün aspektlərinə təsir edə bilər.

Diqqət Əskikliyi və Hiperaktivlik Pozuntusu (DEHB): Çevik Düşüncə və Hiperaktivlik
DEHB xüsusilə uşaqlar və gənclər arasında yayılmışdır və bu vəziyyət əhalinin 5-10%-ni təsir edir. DEHB olan uşaqlar diqqətlərini toplamaqda çətinlik çəkir və impulsiv davranışlarla diqqət çəkirlər. Bu pozuntu məktəbdə uğursuzluğa və sosial əlaqələrdə çətinliklərə səbəb olur. Müasir təhsil sisteminin yüksək tələbləri bu uşaqların əlavə çətinliklərlə üzləşməsinə gətirib çıxarır.

Uyğunlaşma Problemləri (Adaptasiya pozuntusu): Dəyişikliklərlə Mübarizə
Müasir həyatın gətirdiyi sürətli dəyişikliklər, uyğunlaşma çətinliklərini artırır. Bu problem, işdə dəyişikliklər, yeni bir məkan və ya ailə problemləri kimi müxtəlif faktorlarla ortaya çıxır. Əhalinin böyük bir qismi həyatının müəyyən dövrlərində bu çətinliyi yaşayıb. Uğursuz münasibətlər, yeni bir şəhərə köçmək və ya karyera dəyişiklikləri uyğunlaşma çətinliklərini artırır. Milyonlarla insan bu problem üçün terapevtik dəstəyə müraciət edir və uyğunlaşma pozğunluğu onların cəmiyyətlə harmoniyalı yaşamasına mane olur.

Bu problemlər, cəmiyyətin dəyişən şərtləri səbəbilə günbəgün daha çox yayılır və insanların gündəlik həyatında ciddi çətinliklər yaradır. Psixoloji problemlərin statistikası, cəmiyyətin yalnız iqtisadi deyil, eyni zamanda emosional və mental rifahının da vacib olduğunu göstərir. İndi isə psixoloji sağlamlığımıza daha çox diqqət göstərmək, müsbət dəyişikliklərə addım atmaq və cəmiyyətin hər bir fərdi üçün daha sağlam  gələcək qurmaq vaxtıdır.

EDnews

Chosen
10
ednews.net

1Sources