EN

Azərbaycan daha güclü regional əməkdaşlıq və inteqrasiyanın təşviqinə sadiqdir -Mikayıl Cabbarov

Asiya İnkişaf Bankı (ADB) və Bankın Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramına (CAREC) üzv olan ölkələr regional əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində səmərəli səylər göstərirlər.

“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində keçirilən "İqlim, İnnovasiya və Ticarət üzrə CAREC Tərəfdaşlığı üzrə Nazirlər Görüşü"ndə bildirib.

Onun sözlərinə görə, Azərbaycan daha güclü regional əməkdaşlıq və inteqrasiyanın təşviqinə sadiqdir: "Azərbaycan və Mərkəzi Asiya ölkələri qlobal arenada getdikcə daha çox əhəmiyyət kəsb edən unikal tarixi, mədəni və geosiyasi məkanı bölüşürlər. Bu mənada hazırkı proqram regionun birgə və davamlı inkişafı üçün birləşdirilməsində həyati rol oynayır. İyirmi il ərzində CAREC proqramı regionumuzun inkişafına ciddi töhfə verib. Proqram yeni prioritet sahələri daxil olmaqla müxtəlif sektorlarda yüksək keyfiyyətli layihələrə sərmayə qoymaqla regional əlaqələrin gücləndirilməsini dəstəkləyir və eyni zamanda tədqiqat, bilik mübadiləsi və ən yaxşı təcrübələrdə regional əməkdaşlıq üçün katalizator rolunu oynayır".

ADB-nin prezidenti Masatsuqu Asakava vurğulayıb ki, CAREC üzv ölkələrdə ekoloji davamlılığı və iqtisadi rifahı prioritetləşdirən aşağı karbonlu gələcək üçün qətiyyətlə hərəkət etməyin vaxtıdır: "Məqsəd və fəaliyyətdə birləşərək gələcək nəsillər üçün davamlı dəyişiklik yarada bilərik. ADB bu transformasiya yolunda hər addımda dəstək olmağa hazırdır".

Qeyd edək ki, ADB tərəfindən 1997-ci ildə təsis edilmiş CAREC Proqramının əsas məqsədi Mərkəzi Asiya, Cənubi Qafqaz və Cənubi Asiya ölkələri arasında iqtisadi əməkdaşlığın təşviqidir.

Chosen
7
10
ikisahil.az

10Sources