EN

Qərbi Azərbaycan Xronikası: Cənubi Qafqazın yeni Çernobılı - “Metsamor” - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

"Ölkə.az" xəbər verir ki, "Cənubi Qafqazın yeni Çernobılı: "Metsamor" adlı süjetdə rəsmi İrəvanın “Metsamor” Atom Elektrik Stansiyasının istismar müddətini 2036-cı ilə qədər uzatmaq qərarından, bu məqsədlə 2025-ci il dövlət büdcəsindən 150 milyon dolların ayrılması planından bəhs olunur.

Bildirilir ki, Ermənistanın “Metsamor”la bağlı rəsmi açıqlaması Bakıda dünyanın iqlim problemlərinin müzakirə edildiyi vaxt bütün regionumuz üçün ekoloji fəlakətin davam etdiriləcəyinin etirafı hesab oluna bilər: “COP29 qlobal iqlim fəlakətlərinin qarşısını almaq üçün çıxış yollarının tapılması platformasıdır. Bu platformaya ev sahibliyi edən Azərbaycan 30 ildən çox Ermənistanın ekoloji hücumlarına da məruz qalıb. Qarabağın işğaldan azad edilməsindən sonra 30 il ərzində Ermənistanın törətdiyi və gizlətdiyi ekosid fəlakəti əyani şəkildə ortaya çıxdı. Eyni ssenari – təbiətin məhv edilməsi, bunun şüurlu və məqsədyönlü şəkildə baş verməsi tarixi torpaqlarımız olan Qərbi Azərbaycanda – Ermənistan adlanan ölkədə davam edir”.

Qeyd olunur ki, “Metsamor” AES bunun ən dəhşətli nümunələrindən biridir və bu, Cənubi Qafqazın yeni Çernobılı adlandırılır: “Çünki istismar müddətini çoxdan başa vurmuş AES-in fəaliyyəti bütün çağırışlara baxmayaraq, Ermənistan hökuməti tərəfindən dayandırılmır. Beynəlxalq ictimaiyyət “Metsamor”un bağlanması üçün Ermənistan hakimiyyətinə çağırışlar etsə də, Paşinyan hakimiyyəti sələflərindən də irəli gedərək, AES-dən 2036-cı ilə qədər istifadə edəcəyini söyləyir.

Süjetdə diqqətə çatdırılır ki, “Metsamor” AES bütün region ölkələri üçün “atom bombası” təhlükəsini yaradır: “Burada baş verə biləcək sızıntı, yaxud hansısa partlayış təkcə Ermənistanı yox, regionun bütün ölkələrini II Çernobıl təhlükəsi ilə üz-üzə qoyacaq. Azərbaycandan 120, Gürcüstandan 120, Türkiyədən 16, İrandan 60 kilometr məsafədə yerləşən “Metsamor”un hələ də fəaliyyət göstərməsi regionun ekoloji mühitini məhv edir”.

Sonda vurğulanır ki, Ermənistan bütün bu beynəlxalq tələblərə məhəl qoymadan, “Metsamor”un istismar müddətini uzatmaqda israrlıdır: “Bu qərar dünya üçün “SOS” olmalıdır, çünki “Metsamor”un fəaliyyəti regionda ekosid təhlükəsini hər keçən gün artırır və bütün regionun ekologiyası üçün “atom bombası” riskini aktual olaraq saxlayır”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında noyabrın 14-də saat 19:30-da "Baku Tv"nin efirində və saat 21:30-da "YouTube" kanalında yayımlanıb.

Chosen
76
2
olke.az

4Sources