EN

Ədalət Məhkəməsinin İrəvanın altına “mina” qoyan qərarı

Hüquqşünas: “Ermənistanın törətdiyi cinayətlərə hüquqi qiymət verilməsi üçün bütün addımlar atılacaq”

Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib ki, Beynəlxalq Ədalət Məhkəməsi azərbaycanlılara qarşı törədilən kütləvi insan hüquqları pozuntuları ilə əlaqədar Azərbaycanın Ermənistana qarşı davam edən beynəlxalq hüquqi iddiaları üzrə noyabrın 12-də qərar qəbul edib. 

“Ermənistanın onilliklər boyunca Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisini işğalda saxladığı müddətdə həyata keçirdiyi etnik təmizləmə və digər qeyri-qanuni əməllər bundan sonra məhkəmə tərəfindən mahiyyəti üzrə ətraflı şəkildə araşdırılacaq. Bundan əlavə,  məhkəmə haqlı olaraq Ermənistanın mina və gizli mina tələləri yerləşdirməsi təcrübəsinə dair iddiaların qərarda istisna olunması cəhdlərini rədd edib. Ermənistanın mina təhdidi nəticəsində sayının indiyədək faciəvi şəkildə artdığı qurbanlar üçün ədalətin təmin edilməsi müstəsna əhəmiyyət kəsb edir. Son olaraq, 10 noyabr tarixində daha bir Azərbaycan vətəndaşı mina partlayışı nəticəsində xəsarət alıb”, - XİN-dən bildirilib.

Qeyd olunur ki, yaşayış ərazilərinin minalarla hədəfə alınması günahsız mülki insanların həyatını təhlükəyə atmaqla yanaşı, həmçinin Azərbaycanın əldə olunmasına sadiq qaldığı sülh sazişini təhdid altında qoyur: “Azərbaycanın ilkin etirazlarına gəlincə, məhkəmənin Ermənistanın irqi ayrı-seçkiliyə dair yalan iddiaları ilə bağlı faktların və dəlillərin mahiyyəti üzrə tam təhlili hüququnu özündə saxlaması əhəmiyyət kəsb edir. Azərbaycan dəlillərin araşdırılmasının beynəlxalq hüququn heç bir pozuntusuna yol verilmədiyini göstərəcəyinə əmindir”.

O da vurğulanır ki, Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycanın Ermənistana qarşı iddia qaldırdığı yeganə hüquqi platforma deyil.    Ermənistanın digər cinayətlərdə məsuliyyətə cəlb edilməsi üçün Azərbaycanın səyləri davam etdirilir. 

Xəyal

Xəyal Bəşirov

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov “Yeni Müsavat”a bildirdi ki, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Ermənistanın  Azərbaycan dövlətinə və xalqına qarşı törətdiyi cinayətlərin sübutlarını əldə edib: “Əvvəldən də bəlli idi ki,  Azərbaycana qarşı vandalizm həyata keçirdikləri, lakin miqyasının bu qədər olduğunu məhz ərazilər işğaldan azad edildikdən sonra birbaşa görə bildik. Həmin cinayətlərin cəzasız qalması həm beynəlxalq hüququn prinsiplərinə, haqq-ədalətə qarşı addım olardı. İkinci Qarabağ müharibəsindən sonrakı illərdə də ermənilər azərbaycanlılara qarşı cinayətlərini davam etdirdilər. Ermənilərin basdırdıqları minaların partlaması nəticəsində müharibədən sonra 300-ə yaxın vətəndaşımız həyatını itirib. 30 ilə yaxın işğal dövründə Azərbaycana qarşı ekosid, genosid, kultursid, urbusid cinayətləri ilə bağlı biz beynəlxalq hüquq müstəvisində, ayrı-ayrı məhkəmə platformalarında Ermənistana qarşı prosedurları reallaşdırırıq”.

Hüquqşünas qeyd etdi ki, bu böyük miqyaslı işləri həyata keçirmək bir günün işi deyil. Burada müəyyən mərhələli proseslər mövcuddur: “12 noyabrda Beynəlxalq Ədalət Məhkəməsinin qəbul etdiyi qərar Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi cinayətlərlə bağlı şikayətlərə əsaslanan hüquqi prosedurların başladılması ilə bağlı qərardır. Ermənistanın həm etnik təmizləmə məsələsi ilə bağlı, həm işğal dönəmində Azərbaycana qarşı törətdiyi müxtəlif istiqamətlərdə cinayətlərin araşdırılması ilə bağlı addımlar atılacaq. Amma Beynəlxalq Ədalət Məhkəməsi yeganə instansiya deyil. Azərbaycan digər istiqamətlərdə də beynəlxalq konvensiyalarla tənzimlənən ayrı-ayrı platformalarda da Ermənistanın törətdiyi cinayətlərlə bağlı məsələlər qaldırmaq niyyətini ortaya qoyub və proses davam edir. Məsələn, infrastrukturumuza qarşı, ekologiyamıza, təbiətimizə qarşı, dini tarixi mədəni abidələrimizə qarşı Ermənistanın törətdiyi cinayətlərlə bağlı müxtəlif məhkəmə instansiyalarına şikayətlər ünvanlamaq prosesini həyata keçirir. Mina məsələsi ilə bağlı da müraciətlər edilib və edilir. Azərbaycan hüquqlarının bərpasından əl çəkməyəcək. Ermənistanın törətdiyi cinayətlərə hüquqi qiymət verilməsi üçün gərəkən bütün addımlar atılacaq”.  

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

Chosen
4
50
musavat.com

10Sources