EN

İqlim maliyyələşməsində YENİ SƏHİFƏ – İnkişaf etmiş ölkələr hansı öhdəlikləri GÖTÜRƏCƏKLƏR? – TƏHLİL

Xəbər verdiyimiz kimi Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) öz işini uğurla davam etdirir. Tədbir bir çox məqamları ilə beynəlxalq aləm üçün yaddaqalan və əlamətdar olub. Ən əlamətdar hadisə isə təbii ki, yaşıl gələcək proqramlarının maliyyələşdirilməsi məsələlərinə dair yüksəksəviyyəli  danışıqlar və razılaşmalardır.

COP29-un hədəfi nədir?

Məlum olduğu ki, son illər atmosferə atılan CO2 emissiyasının həcmi durmadan artır. Bu da ölkələrin iqtisadiyyatını zəiflətməklə yanaşı temperaturu yüksəldir. Amma bu gün BMT başda olmaqla dünya dövlətlərinin məqsədi odur ki, yaxın gələcəkdə temperatur 2,5 selsidən yuxarı qalxmasın. Bunun üçün qlobal emissiya hər il 9 faiz azaldılmalıdır. Ümumilikdə isə 2030-cu ilə qədər bu 43 faiz azalmalıdır. Baxmayaraq ki, 2019-cu ilin baza xəttinə əsasən bu emissiyalar hələ də artmağa davam edir. Bu isə sivilizasiyaya ancaq təbii fəlakətlər vəd edir.

Ona görə də COP-un Bakı sammitindən əsas gözlənti böyük dövlətlərin kasıb və nisbətən az inkişaf etmiş ölkələrə iqlim dəyişikliyi ilə mübarizədə dəstəyini artırmaqdır. Nəzərə alaq ki, COP28-dan sonra böyük dövlətlər iqlim dəyişikliyinə qarşı mübarizə üçün kasıb dövlətlərə 50 milyard dollar yardım edib.

Ekspertlərin hesablamalarına görə, COP29-dan sonra bu rəqəm ən azı 100 milyard dollar olacaq. Bundan başqa dünya dövlətləri alternativ enerjiyə qoyulan investisiyanın həcmini ən yaxın zamanda 2 trilyon dollara çatdırmağı düşünür. Təbii ki, bu nəticələrə çatmaq kifayət qədər real görünür. Çünki beynəlxalq maliyyə qurumları COP29-un işinə həvəslə qatılır. Dünya Bankının, Beynəlxalq Maliyyə Korporasiyasının icraçı direktorunun,  AYİB-in prezidentinin və digər nəhəng maliyyə institutlarının COP29-un işində fəal iştirakı da optimizmə imkan yaradır.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Still COP29-da çıxışı zamanı deyib ki, biz qlobal orta temperaturun 1,5 dərəcə selsi ilə məhdudlaşdırılması hədəfinin əlçatmaz olmasına imkan verməməliyik:

“Hətta temperatur yüksəlməyə davam etsə belə, bizim razılaşmaların həyata keçirilməsi prosesi geri qaytarmalı olacaq və infrastruktura investisiyalar 2 trilyon dollara çatacaq”.

O, həmçinin qeyd edib ki, bu məbləğ mədən yanacaqlarından demək olar ki, iki dəfə çoxdur.

Still onu da bildirib ki, təmiz enerjiyə keçid və iqlimə davamlılıq qarşısı alınmazdır və sürətləndirilməlidir.

İcraçı direktorun sözlərinə görə COP29 bu mənada dünya dövlətlərinə yeni mesajlar verəcək. Dünya dövlətləri iqlim dəyişikliyinə qarşı mübarizədə bu il ən azı 100 milyard dollar xərcləyəcəyi gözlənilir.

Nəzərə alaq ki, Dubayda keçirilən COP28 tədbirindən sonra dünya ölkələri iqlim dəyişikliyi ilə mübarizəyə 50 milyarda dollar civarında vəsait ayırıb.

COP29 iqlim maliyyələşməsinə hansı töhfələri verəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən millət vəkili Vüqar Bayramovun sözlərinə görə, COP29 iqlim maliyyələşməsi baxımından yeni bir mərhələnin başlanğıcıdır:

“Nəticə etibarı ilə COP tədbirləri iqlim dəyişikliyi və eləcə də iqlim maliyyəsi resurslarının mobilizasiyası baxımından çox əhəmiyyətlidir. Bu mənada COP29 ünvanlı və sistemli maliyyələşmə mexanizmlərini müzakirə edir. Nəzərə alaq ki, əvvəlki COP-larda daha çox iqlim dəyişikliyi sayəsində qlobal problemlər müzakirə olunurdu.

Amma bu tədbirdə qlobal problemlərin müzakirəsi ilə yanaşı həm də problemlərin həlli üçün mexanizmlər təklif edilir. Xüsusən də, inkişaf etmiş ölkələr hesabına kasıb ölkələrə iqlim dəyişikliyinə qarşı mübarizə üçün maliyyə resurslarının cəlb edilməsi  ətraflı öyrənilir. Məqsəd odur ki, yaxın 1 ildə kasıb ölkələrə problemlə bağlı daha çox vəsait verilsin”.

Müsahibimiz hesab edir ki, COP29-da əsaslı şəkildə gündəmə gətirilən iqlim maliyyəsi çox böyük hadisədir:

“Yeni maliyyələşmə COP30-a qədər dünyada çox şeyi dəyişə bilər. Tələb edilən vəsaitin həcmi kifayət qədər böyükdür. Amma nəzərə alaq ki, karbon emissiyası ən çox inkişaf etmiş ölkələrin payına düşür. Çünki onların sənayeləri daha güclüdür. Təbii ki, bu konteksdən daha çox uyğundur ki, inkişaf etmiş ölkələr COP layihələrinə daha böyük vəsait ayırsınlar. Bu mənada COP29 sözügedən istiqamətdə yeni bir səhifənin açılmasına imkan yaradacaq”.


Surxay Atakişiyev, Bizim.Media

Chosen
31
bizim.media

1Sources