EN

Qırğızıstan COP29 iştirakçılarını regional layihə olan Kambarata SES-1-ə qoşulmağa çağırıb

Bakı, TurkicWorld

Qırğızıstan COP29 iştirakçılarını regional layihə olan Kambarata SES-1-ə qoşulmağa çağırıb.

TurkicWorld xəbər verir ki, bu barədə Qırğızıstanın energetika naziri Taalaybek İbrayev COP29 çərçivəsində Mərkəzi Asiya üzrə enerji keçidi məsələlərinə dair İnvestisiya Forumunda bildirib.

"Bərpa olunan enerji mənbələri sahəsində birgə layihələrin icrası Qırğızıstanda və ümumilikdə regionda su resurslarının daha səmərəli istifadəsinə və idarə olunmasına şərait yaradaraq, ekoloji cəhətdən təmiz enerji istehsalını təmin edəcək. Bu tədbirlər təkcə bizim ölkəmizin deyil, digər dövlətlərin və regionların da enerji, ekoloji və qida təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verəcək.

Energetika nazirlərini, beynəlxalq ictimaiyyətin nümayəndələrini və konfrans iştirakçılarını Mərkəzi Asiyanın çaylarının mənbəyində yerləşən regional Kambarata SES-1 layihəsinə qoşulmağa çağırıram," – deyə İbrayev vurğulayıb.

Onun sözlərinə görə, bu layihənin unikallığı Qırğızıstan, Qazaxıstan və Özbəkistanın, eləcə də Dünya Bankının dəstəyi ilə bütün səylərinin əlaqələndirilmiş şəkildə birləşməsindən ibarətdir.

"Əminəm ki, yalnız "yaşıl" gündəm çərçivəsində koordinasiyalı fəaliyyət hər kəsin inkişafına, həmçinin hökumətlər, özəl sektor və beynəlxalq maliyyə institutları arasında tərəfdaşlıq layihələrinin möhkəmlənməsinə imkan yaradacaq", – deyə nazir vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Chosen
2
1
turkic.world

2Sources