EN

Təbiət insafa çağırır bizi...

Bu il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Həm bu müstəvidə, həm də Bakıda dünya liderlərinin iqlim dəyişmələrini hərtərəfli sərf-nəzər etdikləri COP29 kuluarlarında ekoloji problemlərin həlli yolları xüsusi aktuallıq kəsb edir. İstər-istəməz düşünürsən ki, qədim zamanlardan müdriklər təbiətin nizamı ilə bağlı müşküllərə diqqəti cəlb edib, ətraf mühiti qorumağı tövsiyə ediblər.

Ulu fəlsəfəsi müdriklik dərsimiz olan Zərdüşt hələ bizim eradan əvvəl insan həyatı üçün ən zəruri olan dörd ünsürün – od, torpaq, hava və suyun adını çəkib. Ədəbiyyat da dünyanın xilasını təbiətə sevgidə görüb və görür. Bu baxımdan şeiriyyət insani hiss və həyəcanlara hər zaman daha gücü təsir edib. Təbiət mövzusu poetik prosesdə xüsusi ab-hava yaradıb. Başqa sözlə, ədəbiyyatda təbiət həm nəfəs dərimi, həm də poetik mətləbin ifadə üsulu.

Bu kontekstdən yanaşanda zamanı XII əsr olsa da, bütün dövrlərin mütəfəkkir Nizami Gəncəvini təkcə şair kimi deyil, həm də təbiətşünas alim kimi xarakterizə edə bilərik. Onun əsərlərində 50-yə qədər heyvan növünün, Azərbaycanda və digər ölkələrdə yetişən çoxsaylı dərman bitkilərinin adı çəkilir. Şairin yaradıcılığında fotosintez prosesi, dünyanın yaranışı ilə bağlı məlumatlar, anatomiya, fiziologiya, maddələr mübadiləsi kimi proseslərlə bağlı qiymətli fikirlər yer alıb. “Xəmsə”də təbiətdə suyun böyük və kiçik dövranına, okeanların, dənizlərin, çayların, göllərin yaranmasına aid maraqlı bilgilər var. “Sirlər xəzinəsi” poemasında dahi şair təbiətin hər bir canlısını qiymətli “inci” adlandıraraq deyir ki, insanın can verməyə qüdrəti yoxdursa, can almağa da ixtiyarı yoxdur:

Üstünlükdə varlığın birincidir dünyada,
Hər canlı da sənintək bir incidir dünyada.
Qan bahası istəyən çoxdur deyə can alma,
Can verməyə qüdrətin yoxdur deyə can alma.

“Yeddi gözəl” poemasında belə bir yer var: Bəhram şah gurları (ceyranları) azadlığa buraxanda damğa vurardı ki, heç kim onları ovlaya bilməsin. Şair bu yolla insanları təbiəti qorumağa və mərhəmət sahibi olmağa çağırıb. “İsgəndərnamə” əsərində atmosferin, suyun, torpağın çirklənməsini əsas ekoloji problemlərdən biri kimi göstərən Nizami hələ XII əsrdə bu fəlakətləri qabaqlamağa çalışıb:

Hər kim axar sudan istəsə içmək,
Onu ehtiyatla durultsun gərək.

Əfzələddin Xaqani, İmaməddin Nəsimi və digər klassiklərimizin də əsərlərində həyat çeşməsi olan təbiət bol sevgilərlə süsləndirilib. XX əsrin böyük şairi Səməd Vurğun isə yazırdı:

Yenə də yam-yaşıl geyinir dağlar,
Göz kimi durulur qaynar bulaqlar.
Əriyir güneylər döşündəki qar,
Yağış da isladır o göy çəməni,
Təbiət ilhama çağırır məni!

Amma, eyni zamanda, ötən əsr Azərbaycan ədəbiyyatında təbiət mövzusunun aktuallığı həm də ona görə artıb ki, elmi-texniki nailiyyətlər təbiətə mənfi təsir edib, söz adamları isə buna biganə qala bilməyib və akademik Həsən Əliyevin təbiri ilə desək, “həyəcan təbili” çalıblar ki, təbiət deqradasiyaya uğramasın. Hüseyn Arif söhbətlərinin birində bu fikri söyləyib: İnsan o qədər mehriban, qayğıkeş olmalıdır ki, “Bülbül enib budaqdan çiynimizə otursun”. Təbiət “filosof”u Musa Yaqub, görün, nə deyib: “Ağaclara olan sevgimə görə bəlkə Allah mənə əlimdəki çəliyi mükafat verdi”. Onun Vətən sevgisi də təbiətə sevgi ilə bəzənib:

Bəlkə də, borcundan çıxmadım, Vətən!
Ömür bahar deyil bir də qayıtsın.
Ölsəm də qoynunda qoy ölüm ki, mən,
Çürüyüm, bir ovuc torpağın artsın.

Yeni əsrimizdə ekoloji kataklizmlər o qədər kəskin xarakter alıb ki, artıq BMT səviyyəsində bu mövzuda sayca 29-cu sammit keçirilir. Əlbəttə, söz-sənət adamları da ekoloji problemlərin vurduğu ziyana biganə qalmırlar. Bəzi misallar çəkək:

Altı qandı, üstü qandı,
göz yaşıdı bu torpağın.
Göz yaşı - qan yaddaşıdı,
bu torpağın.
(Nəriman Həsənzadə)

Qara pəncərələr – tutqun baxışlar,
Yaxının, uzağın görkəmi birdi.
Zavod boruları – nəhəng palıdlar,
İldırım vurmuşdu, tüstülənirdi.
(Sabir Rüstəmxanlı)

Şərt kəsmir bu şumlar, bu yabalıqlar,
Oynadır ümmanı xırda balıqlar,
Yer-yerdən böyüyür xarabalıqlar
Göyün təlimləri yerində deyil…
(Ramiz Qusarçaylı)

Bəli, şairlərin harayı dünyanı, təbiəti, insanları qorumaq harayıdır. Günəşi, Ayı, ulduzu, torpağı, dağı, meşələri, çayları, dənizləri itirməmək məramıdır. COP29 da elə buna həsr olunub ki, təbiətin problemlərinin həllini insanın ona olan məhəbbətində, həssas münasibətində axtarmalıyıq. Elə etməliyik ki, təbiət ilhama çağırsın bizi.

Əli NƏCƏFXANLI
XQ

Chosen
6
xalqqazeti.az

1Sources