EN

Bakıda MÜHÜM FORUM - Nazir DETALLARI AÇIQLADI - FOTO

Azərbaycan Respublikasının Energetika Nazirliyi və Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) tərəfindən regionda bərpa olunan enerjinin tətbiqini sürətləndirmək və yaşıl sənayeləşməni təşviq etmək məqsədilə Mərkəzi Asiyada enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib.

Musavat.com xəbər verir ki, COP29 çərçivəsində təşkil edilən Forumda Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğız Respublikası, Tacikistan, Özbəkistan və Birləşmiş Ərəb Əmirliklərindən olan nazirlər, nazir müavinləri iştirak ediblər.

Forumda Mərkəzi Asiya ölkələrində artan enerji tələbatını ödəmək, enerji mənbələrinin müxtəlifliyini təmin etmək, iqtisadi artımı dəstəkləmək və iqlim məqsədlərinə nail olmaq üçün “yaşıl enerji” dən istifadəni artırmağın yolları müzakirə edilib. Bu məqsədlərə çatmaq istiqamətdə “Orta Asiyada Sürətləndirilmiş Bərpa Olunan Enerji Tərəfdaşlığı” (APRECA) adlı proqram təsis edilib. Proqram Mərkəzi Asiya ölkələrinin potensialını səfərbər edərək regional əməkdaşlıq çərçivəsində investisiyaların genişləndirilməsini, regionlararası əlaqələrin gücləndirilməsini və sosial-iqtisadi faydaların artırılmasını hədəfləyir.

Energetika naziri Pərviz Şahbazov bildirib ki, Mərkəzi Asiyada enerji keçidi üzrə İnvestisiya Forumu regionda dayanıqlı enerji transformasiyasını sürətləndirmək, bərpa olunan enerji sahəsində əməkdaşlığı dərinləşdirmək və strateji layihələrin reallaşdırılması üçün investorları cəlb etmək baxımından mühüm platformadır:

“Azərbaycan Mərkəzi Asiya ölkələri ilə “yaşıl enerji” keçidində güclü əməkdaşlığa böyük önəm verir. Bu çərçivədə ölkələrimizin enerji təhlükəsizliyini və enerji təchizatında strateji mövqeyini gücləndirmək üçün Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizinin qurulması istiqamətində işbirliyinə başlamışıq. COP çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında imzalanan yaşıl enerji tərəfdaşlığı sazişi, Səudiyyə Ərəbistanın üçtərəfli layihəyə qoşulması bu istiqamətdə atılan strateji addımlardan biridir və beynəlxalq enerji əməkdaşlığına, yaşıl investisiyaların cəlbinə güclü təkan verəcək. Biz Forum vasitəsilə bütün investorları və potensial tərəfdaşları bu tarixi dəyişimin bir hissəsi olmağa dəvət edirik”.

IRENA-nın baş direktoru Francesco La Camera isə Mərkəzi Asiyanın zəngin bərpa olunan enerji resursları, strateji coğrafi mövqeyi və qonşu regionları birləşdirən “yaşıl enerji” dəhlizinin yaradılması istiqamətində davam edən səylərinin regionun dəyişən enerji mənzərəsinin önündə yer almaq üçün mühüm imkanlar yaratdığına diqqət çəkib:

“APRECA regionun öz potensialını səfərbər etməsi üçün hərtərəfli, ölkələrin rəhbərlik etdiyi, ambisiya, planlaşdırma və icranı birləşdirən mühüm bir fürsət təqdim edir”.

Qeyd edək ki, Forum Mərkəzi Asiyada enerji keçidinə dair investisiya və maliyyə siyasətləri, maliyyə ehtiyacları və prioritetləri, iqlim maliyyəsi üçün çərçivələr və digər maliyyə alətlərinə dair müzakirələrlə iki gün davam edəcək.

Nigar HƏSƏNLİ,
Musavat.com

Chosen
17
11
musavat.com

10Sources