EN

Zəhərlənmiş Xəzərdə balıqlardan sonra suitilərin də kütləvi ölümü baş verdi

Qazaxıstan Resspublikasına məxsus Stan.kz saytı təəssüf doğuran məlumat yayıb. Yazır ki, 2024-cü il oktyabrın 24-dən noyabrın 13-dək Xəzər dənizinin Manqistau vilayətində sahillərində 1034 ölü suiti aşkar edilib.

Sayt dübarə yazır:"Qazaxısanın Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq Komitəsinin mütəxəssisləri bunun səbəbinin təbii hadisələr, o cümlədən sualtı zəlzələlər nəticəsində atmosferə buraxılan qaz emissiyaları ola biləcəyini ehtimal edirlər.

Suitilərin ölüm səbəbləri ilə bağlı yekun nəticələr, elmi təşkilatların fikrincə, 3-4 ay çəkəcək laboratoriya tədqiqatları başa çatdıqdan sonra əldə olunacaq. Bundan əvvəl bildirilib ki, sahilyanı monitorinqlər zamanı yüzlərlə ölü heyvan aşkar edilib.

Xəzərin ən böyük fəlakəti

Mütəxəssislərin deməyinə ehtiyac yoxdu, bunu adi gözlə də görmək mümkündür. Bəli, dünyanın ən böyük gölü - Xəzərimiz sürətlə quruyur. Getdikcə taleyi Aral (göl) dənizinin və  Urmiya gölünün taleyinə daha çox bənzəyir.  İddia edilir ki, son 25 ildə dənizin səviyyəsi 2 metr azalıb. Onun sahil xətti getdikcə uzaqlaşır və indi bəzi yerlərdə su 1 kilometr çəkilib.

 Dayazlaşma isə ekoloji təhlükə yaradır. Sahilboyu zonaların vəziyyətinə və iqtisadiyyatın dənizlə bağlı olan bir sıra sahələrinə – balıqçılıq, dəniz nəqliyyatı, limanların fəaliyyəti, tikinti kimi müxtəlif sektorlara, eləcə də sahil zonasında yaşayan əhaliyə təsir göstərir. BMT nümayəndəsi Muhammad Nasar bildirib ki, Azərbaycan su qıtlığından ən çox əziyyət çəkən 20 ölkə arasındadır.

 Onun sözlərinə görə, Azərbaycanda su ehtiyatlarının 70 %-dən çoxu kənd təsərrüfatı üçün istifadə olunur:"Ümid edirəm ki, Kənd təsərrüfatı və Qida elmləri fakültəsi su ehtiyatlarının daha səmərəli istifadəsinə, həmçinin, kənd təsərrüfatının inkişafına öz töhfəsini verəcək”,- Nasar çox bədbin bir proqnoz verib....

Onu da qeyd etmədən məsələyə giriş etməyin düzgün olmadığını düşünürük. Beləki, 2024-cü ilin çimərlik mövsümündə dəniz suyunun yüksək bakterioloji çirklənmə göstəricilərinin əhalinin sağlamlığı üçün təhlükə yarada biləcəyini nəzərə alaraq, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil, Suraxanı rayonunun Hövsan, Xəzər rayonunun Türkan, Sumqayıt şəhəri, şimal bölgəsinin (Yalama, Nabran, İstisu, Seyidli kəndi), cənub bölgəsinin Lənkəran və Astara çimərliklərindən istifadənin müvəqqəti olaraq tövsiyə olunmadığı barədə qərar qəbul edilib.

Yəni, Xəzərin suyu çimilmək üçün də artıq yararlı deyil...

 Axı, Xəzər niyə belə çirklənib? 

İlk ağıllara gələn səbəb isə Qazaxısanın Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq Komitəsinin mütəxəssislərinin dediyi kimi tək “təbii hadisələr, o cümlədən sualtı zəlzələlər nəticəsində atmosferə buraxılan qaz emissiyaları” deyil. Əlbəttə ki, Xəzərin ətrafındakı 5 ölkə tərəfindən sürətlə  çirklənməsi ilkin variantdır.

Məsələn  Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmisinin 2020-ci il açıqlamasına görə, ən çox tullantı Xəzər dənizinə çaylar vasitəsilə daxil olur:” Eyni zamanda, sahil ərazilərində təsərrüfat fəaliyyətindən, məişət tullantıları nəticəsində çirklənmə davam edir. Bu, çox böyük problemdir.Xəzər dənizi təkcə Azərbaycan tərəfindən çirklənmir. Xəzər regional dənizdir və 5 Xəzəryanı dövlətdən daxil olan tullantılar dənizin çirklənməsinə səbəb olur”.

Daha sonra qurumun rəsmisi bildirir ki, hazırda Bakı şəhəri tam şəkildə mərkəzləşmiş kanalizasiya sistemi ilə təchiz olunmayıb: ”Sutəmizləyici qurğuların çox hissəsi ya köhnə olduğu üçün işləmir, qalanlarının əksəriyyəti isə normativlərə uyğun təmizləməni təmin etmir. Bunun nəticəsində də Xəzər dənizinə böyük həcmdə çirkli su axır”.

 Bu fikirlərin gerçəkliyinə qətiyyən şübhəmiz yoxdu. Ötən ay yağan "normadan artıq yağıntılar", paytaxtın selə qərq olması, 2 vətəndaşımızın faciəli ölümü  sübut etdi ki, Bakı şəhəri həqiqətən də  tam şəkildə mərkəzləşmiş kanalizasiya sistemi ilə təchiz olunmayıb, bu açıqlamadan 4 il ötsə belə...

Bundan başqa o digər bir fikir də səsləndirib: “Dənizdə fəaliyyət göstərən neft şirkətləri müasir texnologiyalardan istifadə edirlər. Onların fəaliyyəti tam nəzarət altında olduğu üçün tullantıların qat-qat azaldılmasına, bir sıra hallarda minimuma endirilməsinə nail olunub.
Amma yenə də fəaliyyət zamanı sözsüz ki, tullantılar olur və bu da ətraf mühitə, Xəzərin biomüxtəlifliyinə, su bioloji resurslarına mənfi təsir göstərir”.

Buna misal olaraq ötən il baş vermiş bir hadisəni sizə xatırlladırıq: Xəzər rayonu, Şüvəlan qəsəbəsində Xəzər dənizinin neftlə çirklənməsi ilə bağlı şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən araşdırılıb.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı sahil zolağı ətrafındakı qayalıq ərazinin 200 metrlik məsafəsində, həmçinin dəniz səthində neft ləkələrinin olması müşahidə edilib”.

Tanınmış ekoloq Bəxtiyar Hüseynov bidirir ki, dəniz sularının xüsusilə neft məhsulları ilə çox çirklənməsi aerasiya prosesini ciddi pozur, dəniz fauna və florasının məhv olmasına gətirib çıxarır:” Dənizdə neft yataqlarının istismarı və neft məhsullarının daşınması, habelə dəniz nəqliyyatı da Xəzər sularını xeyli çirkləndirir”.

Ekoloq onu da qeyd edir ki, Xəzər dənizini çirkləndirən əsas mənbələr sırasında təmizlənməmiş sənaye məhsulları və kənd təsərrüfatı tullantıları, çay və dəniz gəmiçiliyi, quru və su sahillərində qaz və neft buruqlarının istismarı, dəniz dibinin dərinləşdirilməsi işləri zamanı ikinci çirklənmə, atmosfer və su vasitəsilə uzaq zonalardan çirkli maddələrin gəlməsi kimi məsələlər yer alır. Qeyd etmək lazımdır ki, çaylar vasitəsilə hər il Xəzərə 45 kubkilometr çirkab daxil olur ki, onun da 60 faizi Volqa çayının payına düşür. Əgər bu çirkli sular dənizin üst qatında bərabər paylansaydı, onda il ərzində həmin qatın qalınlığı 10-11 santimetrə çatardı.
Xəzər sularının çirklənməsinə Kür və Ural çayları da mənfi təsir göstərir. Tbilisi, Rustavi şəhərlərinin və sənaye müəssisələrinin çirkab suları, həmçinin kənd təsərrüfatında işlədilən müxtəlif toksiki maddələr Kür çayı vasitəsilə Xəzərə axıdılır. Dəniz sahillərində yerləşən şəhərlərdən Bakı, Sumqayıt, Mahaçqala, Həştərxan, Türkmənbaşı, Rəşt, Ənzəli şəhərlərindən də dənizə daxil olan çirkab suları onun əsas çirkləndiricilərindən hesab edilir”.

Xəzər çirklənmirsə, balıqlar niyə qırıldı?

Yeri gəlmişkən, bu ilin sentyabrında Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ceyhun Muradov jurnalistlərə açıqlamasında deyib ki, son illər Xəzər dənizində çirklənmə müşahidə olunmur, zoobentosların inkişafı mövsümə uyğun davam edir:
"Çimərlik ərazilərdə qurulan modul tipli qurğular əsasən platformalarda, üzən vasitələrdə son texnologiyaların tətbiqi müsbət tendensiyalarla nəticələnir və dənizin suyunda təmizlənmə müşahidə olunur".
Hörməti Ceyhun müəlimin açıqlamasından sonra sonra ağıla ilk gələn sual bu olur: Bu ilin İyul ayında Xəzər dənizinin Hövsan və Türkan sahillərində balıqların kütləvi ölümü ilə bağlı açıqlamaasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev dedi ki, balıqların Hövsan və Türkan sahillərində kütləvi ölümü suda həll olmuş oksigenin miqdarının qeyri-optimal səviyyəyədək azalması səbəbindən baş verib
Son olaraq, Xəzərin çirklənməsinə təkcə Azərbaycanı günahkar çıxarmaq fikrimiz yoxdu. Azərbaycanla yanaşı, Qazaxıstan, Türkmənistan, İran və Rusiyanın da bu prosesdə əli var. 3 həftə ərzində kütləvi şəkildə ölən 1034 suitinin günahkarı da tək Qazaxısan deyil... Xəzərin sahilində yerləşən 5 ölkənin 5 də günahkardır.

 Əntiqə Rəşid

Chosen
9
adalet.az

1Sources