EN

"Azərpoçt" lektrik və ya hibrid avtomobildən istifadə etməyi planlaşdırır

“Azərpoçt” MMC poçt əməliyyatlarının həyata keçirilməsində elektrik və ya hibrid nəqliyyat vasitələrindən istifadə etməyi planlaşdırır.

FED.az xəbər verir ki, bunu “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən İsi Mustafayev “Yük daşımalarında qlobal emissiyalara təsir göstərmək üçün poçt şəbəkələrindən istifadə” mövzusunda keçirilən panel müzakirəsində bildirib.

“Azərbaycanın milli poçt operatoru ətraf mühitə təsiri minimuma endirmək üçün iqlim təşəbbüslərini fəal şəkildə həyata keçirir. “Azərpoçt” MMC yanacaq sərfiyyatını və karbon tullantılarını azaltmaq məqsədilə çatdırılma marşrutlarını optimallaşdırır. Bundan əlavə, biz elektrik və ya hibrid nəqliyyat vasitələrindən istifadə etməyi planlaşdırırıq. Şirkət həmçinin kağız istehlakını azaldır və rəqəmsallaşmanı təşviq edir. Bununla yanaşı, biz kağız istifadəsini minimuma endirmək üçün çap prosesini optimallaşdırırıq.

Enerji səmərəliliyi, davamlı logistika, kağız istehlakının azaldılması və beynəlxalq əməkdaşlıq Azərbaycanda poçt sənayesinin “yaşıl” gələcəyini qurmaq üçün inkişafın əsas istiqamətləridir”, - deyə o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək. (Trend)

Chosen
9
1
fed.az

2Sources