EN

Cavid Hüseynov üçün yeni çağırış

22 yaşlı Camal Cəfərovun Tovuzda keçirilən "Kəpəz” - "Səbail” qarşılaşmasının son saniyələrindən vurduğu qol bir neçə nəfərin gələcək karyerasını dəyişdirdi. Mən iddia etmirəm ki, həmin gün "Səbail” Tovuzdan 1 xalla qayıtsaydı, komandanın baş məşqçisi Şahin Diniyev indi Bayıl təmsilçisindəki işinə davam etdirəcəkdi. "Dənizçilər” "Kəpəz”ə uduzmasaydı, Diniyev baş məşqçi postundan istefa verməzdi. Amma bu istefanın gec-tez gerçəkləşəcəyi çoxdan gözlənilirdi.

Şahin bəyin Bayıl təmsilçisindən ayrılacağı ilə bağlı söz-söhbət hələ ötən mövsümün sonlarından yayılmışdı. "Səbail” avrokuboklar zonasından uzaq düşəndən baş məşqçi dəyişikliyi ilə bağlı xəbərlər çıxırdı, hətta onun yerinə gəlməyə namizəd olanların adları yazılırdı. Həmin vaxt rəhbərliklə Diniyev ortaq məxrəcə gəlməyi bacardı, "Səbail”də baş məşqçi dəyişikliyi olmadı. Yeni mövsüm də "dənizçilər” üçün pis başladı. Avrokuboklarda uğurlu çıxış edən, yaxşı forma yığan "Zirə” ilə görüş "Səbail” üçün darmadağınla nəticələndi, Bayıl təmsilçisi 1:4 hesablı məğlubiyyətlə barışmalı oldu. Sonrakı üç turda isə bu ağır yenilgini unutdurmaq mümkün oldu. Hər halda "Neftçi” ilə oyunun gedişatı dəyişdi, "Səbail” məğlubiyyətdən qaçmağı bacarıb ilk xalını qazandı. "Sumqayıt”la görüşün taleyini isə son dəqiqələrdə vurulan qol həll etdi və "dənizçilər” heç də pis təsir bağışlamadı. "Kəpəz” üzərindəki 4:0 hesablı qələbə isə əməlli-başlı toy-bayrama çevrildi.

Maraqlısı odur ki, məhz elə "Kəpəz”lə növbəti qarşılaşma Şahin Diniyev üçün "Səbail”in "sükanı arxasında” sonuncu oldu. Camal Cəfərovun qolu Gəncə təmsilçisinə qələbə gətirdi və Diniyev istefa verdiyini elə Tovuzdaca açıqladı. Buna görə də deyirəm ki, Cəfərovun künc zərbəsindən sonra vurduğu qol azı üç nəfərin gələcək karyerasına təsir etdi, taleyini dəyişdirdi. Diniyev "Səbail”in baş məşqçi postunu boşaltı, Cavid Hüseynov isə onun yerini tutmaq üçün "Turan Tovuz”dakı işindən ayrıldı. Yunis Hüseynov da Kurban Berdiyevə kömət etmək üçün qərb təmsilçisinə üz tutdu. Artıq Cavid Hüseynov artıq "Səbail”in baş məşqçisidir, Yunis Hüseynov isə "Turan Tovuz”da baş məşqçinin köməkçisi kimi fəaliyyətə başlayıb.

Cavid Hüseynovun "Səbail”dəki perespektivi hər kəs üçün maraqlıdır. Gənc mütəxəssisin artıq elitada iş təcrübəsi buna qədər var idi. Düzdür, "Şamaxı”da çalışarkən onun adı rəsmi şəkildə baş məşqçi kimi göstərilmirdi. Bu da tələb edilən kateqoriyanın olmaması ilə bağlı idi. İndi isə durum tamam fərqlidir. Hüseynov Bayıl təmsilçisində daha çox söz sahibi olacaq, həm də "Şamaxı”dakı dövrə nisbətən indi daha təcrübəlidir. Əsas fərq isə heyətlə bağlıdır. "Şamaxı” bütünlüklə yerli futbolçulardan ibarət heyətlə mübaruzə aparırdı və bəzən bu məqam nəticə qazanmağa mane olurdu. "Səbail”in heyətində isə səkkiz fərqli ölkədən eyni sayda legioner var. Deməli, indi heyətlə bağlı şikayətlənməyə əsas olmayacaq. Elvin Məmmədovun müvəqqəti baş məşqçi kimi çıxdığı oyunda liderlər qrupundakı "Turan Tovuz”dan xal qoparması da heyətin potensialını qiymətləndirmək üçün vacib nüansdır. Belə çıxır ki, "Səbail”in potensialı pis deyil, qalır bu futbolçulardan düzgün istifadə etmək, komandanı yeni səviyyəyə qaldırmaq.

Hər halda "Səbail”in baş məşqçi postuna təyinat Cavid Hüseynov üçün yeni çağırışdır. Ümid edək ki, bu işbirliyindən klubla yanaşı Hüseynovun özü də, Azərbaycan futbolu da qazanclıq çıxacaq.

Amal Abuşov
Chosen
16
qaynarinfo.az

1Sources