EN

Azərbaycanda karbon emissiyasının 15 faizi nəqliyyatın payına düşür

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Çinin NİO şirkətinin təşkilatçılığı ilə “Mavi səma yaxınlaşır: Ağıllı elektrik nəqliyyat vasitələrinin gələcəyinin formalaşdırılması” panel sessiyasi keçirilib.

Yenicag.az xəbər verir ki, tədbirdə çıxış edən energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanov qeyd edib ki, nəqliyyat sahəsi atmosferi karbon emissiyaları ilə daha çox çirkləndirən sahədir.

“Azərbaycanda karbon emissiyasının 15 faizi nəqliyyatın payına düşür. Atmosferi çirkləndirdiyinə görə digər sahələrlə müqayisədə nəqliyyat 3-cü yerdədir. Ölkəmiz bu problemin azaldılması üçün tədbirlər görür. Çinin NİO şirkətinin istehsal etdiyi elektromobilləri tək karbon emissiyasının azaldılmasına xidmət etmir, eyni zamanda qalıq yanacaqlardan imtinaya da səbəb olur. İnsanlar adi telefonlardan smartfonlara keçəndə proses sürətli oldu. Anoloji hal elektromobillərdə də özünü göstərir”, – deyə nazir müavini qeyd edib.

Çinin ekologiya və ətraf mühit nazirinin müavini Zhao Yingmin bildirib ki iqlim dəyişmələri bəşəriyyətin üzləşdiyi ən ağır sınaqlardan biridir.

“Çin bu sahədə böyük addımlar atır. Biz iqlim dəyişikliyinə qarşı mübarizə ilə bağlı milli strategiya tərtib etmişik və NİO kimi müxtəlif avtomobil brendləri dünyada alternativ enerji sahəsinə keçidə böyük töhfə verir. Biz karbon emissiyasının azaldılması sahəsində təcrübəmizi və biliklərinizi dünya ilə bölüşmək istəyirik”, – deyə Çinin ekologiya və ətraf mühit nazirinin müavini bildirib.

Sonda Azərbaycanın “Green Car” ilə Çinin NİO şirkətləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb./Azertag/

Chosen
14
yenicag.az

1Sources