EN

“Turan”da tovuzlu məşqçilərə niyə etibar etmirlər?

«Turan Tovuz»u «Səbail»ə dəyişən Cavid Hüseynovun yerini Yunis Hüseynov tutdu. Kurban Berdiyevin yeni köməkçisi ilə bağlanan müqavilənin müddəti 2025-ci ilin yayınadək qüvvədə olacaq.
Bu izdivac rusiyalı mütəxəssisin azərbaycanlı tanışlarının vasitəsilə baş tutub. Onların Berdiyevlə birbaşa əlaqəsi Hüseynovun «Turan»a yolunu açıb.
Verdiyi qərardan dolayı Yunis bəyi qınamaqdan uzağıq. Hər halda bu, onun şəxsi tərcihidir. İstəyi olmasaydı, yəqin ki, razılaşmazdı, AFFA-nın Elit-məşq layihəsinə rəhbərliyi davam etdirərdi. Görünür, klub işi üçün çox darıxıb və odur ki, ilk dəfə bir başqasının yardımçısı funksiyasını daşımağa müsbət yanaşıb. 53 yaşında belə qərarın özü də çox maraqlıdır. Gözləyək görək, Berdiyev-Hüseynov əməkdaşlığı «Turan»ı hara aparıb çıxaracaq.
Bizim sözümüz Eltay Aslanov, Nizami Ocaqverdiyev, Etimad Qurbanov və Nizami Sadıqovun timsalında tovuzlu məşqçilərədir. Niyə ağzınıza su alıb oturmusuz, səsnizi çıxarmırsız, etirazınızı bildirmirsiz?
Kurban Berdiyev iyundan bəri Tovuzdadır. Eni-uzunu bilinməyən korpusu var. Amma gəl ki, orada bir tovuzlu məşqçinin adına rast gəlmirik. Hamısı oradan-buradan gələnlərdir. Bəs özgə vaxt dad döyürdüz ki, ay Tovuz Azərbaycan futbolunun «Məkkə»sidir, ay Tovuz bulaqdır, falandır, filandır. Nə oldu, hə? Tovuzda bir məşqçi yoxdurmu ki, Berdiyevin korpusunda görək? Olmaya, özünüzü orada işləməyə layiq saymırsız? Elə isə buyurun, səmimi şəkildə o etirafı edin.
Tovuzda ilk peşəkar klub 1992-cu ildə yaradılıb. Həmin tarixdən üzü bəri rayonda həmişə futbol olub. Tovuz məşqçi yetişdirə bilməsəydi, Ayxan Abbasov 2 il öncə Vüsal və Xəyal Qarayev qardaşlarını özünə köməkçi götürməzdi. Abbasov «Turan»da xidmətindən yararlandığı qardaşları bu yay özüylə «Şamaxı»ya da apardı. Dünyanın gərdişinə bax, Ayxan bəy Tovuzdan iki nəfər məşqçi tapıb Şamaxıya götürə bilir, buradan-bura Berdiyev onların hamısını əliylə yana itələyir.
Berdiyev burada hökmrandır. Klub rəsmiləri onu görəndə tük salır. Üz-üzə gələndə tir-tir əsirlər. Üzünü bir az bozartıdısa, həmin gün düşərgəyə yas çökür. Adamlar bazada ayaqqabılarını çızarıb barmalarının ucunda gəzirlər ki, birdən səs məşqçinin başına düşər, aləmi qatar bir-birinə. İdman və marketinq üzrə direktor Səməd Nəsibov gecə birinci mərtəbədəki divanda uzanıb yatır ki, Berdiyevə təsadüfən nəsə lazım olsa, onu burada görsün, hirslənməsin. İndi digər funksionerlərin yaşadığı halları özünüz də təsəvvür edə bilərsiz.
O Ayxan Abbasov idi, tovuzlu məşqçilərə hörmət qoyurdu. Hər həftə birini əsas komandanın məşqlərinə cəlb edir, toplanışlara aparırdı. Kurban Berdiyev gələndən sanki gölə daş atıblar, bir yerli məşqçinin də cınqırını çıxarmır, «mən niyə o korpusda yoxam» demir?
«Turan Tovuz»da rusiyalı çalışdırıcı nəsə demək cəsarəti ola biləcək biri varsa, o da Ehtiram Quliyevdir. Bu da hələ sual altındadır. İdarə Heyətinin sədri, görünür, hələ özündə həmin gücü tapmayıb, yoxsa Berdiyevə «bizim məşqçilərdən də birini özünə köməkçi götür, qoy öyrənsin» tapşırığı verərdi. Deyibsə, pis, deməyibsə, ondan da pis.
Deyibsə, bəs hanı sözünün keçərliliyi? Deməyibsə, deməli, tovuzlu məşqçilər onun da gözündə heç zaddır.
Çıxış yolu… Var, əlbəttə! «Turan»da qalmaq vaxt itkisidir. Dünənə kimi əsas komandada çalışmaq üstündə bir-biriylə az qala düşmən olan yerli mütəxəssislər özlərinə həqiqətən hörmət edirsə, Berdiyevin bəlli münasibətindən sonra burada qalmamalıdır, Ruzini yetirən Allahdır, yetər ki, sən bacarığına, savadına, fərasətinə güvənəsən! 73 yaşında biri sizə sayğı duymur, rəhbər də belə - niyə bir tikə çörək üçün akademiyanın bir küncünə çəkilib, dilinizi qısırsız, qısmayın.

SPORTİNFO.AZ

Chosen
30
sportinfo.az

1Sources