EN

İqlim dəyişmələri və neokolonializm

Azərbaycan yeni müstəmləkəçiliyi qətiyyətlə ifşa edir

Hesab edirik ki, COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) sammitində səslənmiş fikirlər, xüsusən, Prezident İlham Əliyevin bildirdikləri hələ uzun müddət həmin dövlətləri istismara məruz qoyanların yaddaşından silinməyəcək. Yazımızda bu barədə söz açacaq, tədbirdə səslənən bəzi fikirləri diqqətə çatdıracaq, ölkəmizin COP29-a evsahibliyi ilə ortaya qoyduğu qətiyyətli mövqeyin ayrı-ayrı təzahürlərinə nəzər salacağıq.

Ondan başlayaq ki, sammitin moderatoru, Millətlər Birliyi Təşkilatının (Commonwealth) baş katibi Patrisia Skotlend toplantının iqlim dəyişmələrinin ən kəskin təsiri ilə üzləşən ölkələrin rəhbərlərinin eşidilməsi baxımından əhəmiyyətindən söz açdı. Həqiqətən, tədbirdə belə bir imkan nəinki yarandı, habelə XXI əsrdə müstəmləkəçiliyi siyasətə çevirənlər, sözün əsl mənasında, ifşa edildilər. Əlbəttə, Prezident İlham Əliyev mövcud istiqamətdə daha qətiyyətli yanaşmanı ortaya qoyaraq, bir növ, hər şeyi öz adı ilə çağırdı.

Bəli, dövlətimizin başçısının timsalında ölkəmizin, belə demək mümkünsə, ifşa ritorikasına üstünlük verməyə tam haqqı çatır. Çünki xanım Skotlendin bildirdiyi kimi, Azərbaycan öz iqtisadiyyatının tam və yaddaqalan transformasiyasına nail olub: “Biz onun iqlim fəaliyyətində rolunun artmasının, daha güclü beynəlxalq tərəfdaşlığın qurulmasının, xüsusən də BMT, Qoşulmama Hərəkatı və Millətlər Birliyi kimi təşkilatlar vasitəsilə əməkdaşlığı gücləndirdiyinin şahidiyik. Həmin təşkilatlarda Azərbaycan etibarlı iqtisadi artım və müqavimət gücünü təşviq edib”.

Prezident İlham Əliyev sammitdəki çıxışına kiçik ada dövlətlərinin səsinin qlobal arenada eşidilməli olduğunu vurğulamaqla başlayıb: “Mən inkişaf etmiş bütün ölkələrə, xüsusən də müstəmləkə keçmişi olan ölkələrə müraciət edirəm ki, kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərsinlər ki, onlar ölkələrini iqlim dəyişmələrinin fəsadlarından qoruya bilsinlər”.

Məlum olduğu kimi, inkişaf etmiş ölkələrin, demək olar, hamısının müstəmləkə keçmişi var. Onlar indi nə qədər mütərəqqi dəyərlərlə çıxış etsələr də, kübar və nəcib görünmək istəsələr də, həmin keçmiş yaxalarından sanki möhkəm-möhkəm yapışıb. Dövlətimizin başçısı isə onlara, daşımalı olduqları mənəvi iztirabdan çıxış yolunu göstərərək maliyyə dəstəyinin əhəmiyyəti üzərində dayanıb. Təxminən belə: müstəmləkələr hesabına varlananlar “əllərini ciblərinə atmalıdırlar.” Həm də ona görə atmalıdırlar ki, hazırda qlobal iqlim dəyişmələri, eyni zamanda, vaxtilə ekoloji mühitə vurulmuş zərbənin acı nəticəsidir. Zərbə vuranlar ziyanın aradan qaldırılmasına daha səmərəli töhfə verməlidirlər. Bu, sadə məntiqdən irəli gələn ədalətli yanaşmadır.

Ölkəmiz kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir. “Biz fəlakət qarşısında zəif olan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardım göstərmişik. Biz, həmçinin su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək vermişik. Ondan çox kiçik ada dövləti Azərbaycan universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramımızdan yararlanıb. Qoşulmama Hərəkatında dördillik sədrliyimiz dövründə biz 80-dən artıq ölkəyə, o cümlədən, 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərmişik – deyən Prezident İlham Əliyev həmin ölkələrin üzləşdikləri çağırışların aradan qaldırılmasının COP29-da Azərbaycanın göstərdiyi səylərin əsasını təşkil etdiyini diqqətə çatdırıb. Dövlətimizin başçısı respublikamızın Millətlər Birliyinin kiçik ada dövlətlərindəki birgə layihələrini dəstəkləmək üçün 10 milyon dollar vəsait ayırdığını da vurğulayıb.

Bəli, sözümüzlə əməlimiz eynidir. Söz demək haqqına sahibik. Deməli, Prezident İlham Əliyevin mühüm məsələlərdən biri kimi neokolonializm və iqlim dəyişikləri mövzusunu qaldırmasında məntiqi qanunauyğunluq var. Qanunauyğunluq dövlətimizin başçısının Fransa və Niderlandın, xüsusən Karib dənizi və Sakit Okean regionundakı “dəniz əraziləri”ndəki vəziyyətdən söz açmasında da gözlənilir. Nəzərə alaq ki, bu akvatoriya iqlim dəyişmələrinin ən ciddi təsirinə məruz qalır. Ölkəmizin liderinin bildirdiyi kimi, artan dəniz səviyyəsi, kəskin hava şəraiti və biomüxtəlifliyin pozulması həmin regionlara təhlükə yaradır. Ən pisi isə odur ki, məsələ barədə söz açan icmalar susdurulur.

Neolokolonializm klassik müstəmləkəçilikdən fərqlidir. Birinci ikinci kimi birbaşa zor alətlərinin işə salınması ilə müşayiət olunmur. Hərçənd, artan ziddiyyətlər fonunda zora da üstünlük verildiyi diqqətdən yayınmır. Bu barədə çox söz açılıb və açılacaq. Hələlik isə Prezident İlham Əliyevin, belə demək mümkünsə, alqış məntiqinə diqqət yetirək: “Yeni Kaledoniya, Fransa Polineziyası, Mayot, Vallis və Futuna, Korsika, Reunion, Qvadelupa, Martinika, Fransa Qvianası, Sen-Pyer və Mikelon, Sent-Mert və Sent Varfolomey kimi Fransa müstəmləkələrinin xalqları, eləcə də Niderlandın Aruba, Kurasao, Sənt-Maarten, Boneyr, Sent Yefstaxiy və Saba kimi müstəmləkələrinin xalqları – gəlin, həmin ərazidəki xalqları alqışlayaq, – bu gün XXI əsrdə də müstəmləkə hakimiyyətindən əziyyət çəkirlər. Hazırda Fransa Polineziyası və Yeni Kaledoniya 1946–1947-ci illərdə BMT tərəfindən qeyri-özünü idarə edən ərazilər kimi tanınırlar. Bununla belə, onların dekolonizasiya prosesi hələ də yubanır”.

Dövlətimizin başçısı çox vacib məqama diqqət yetirir. Fransa və Niderland kimi dövlətlər keçmişdə ilişib qalıblar. Onlar müstəmləkəçilikdən uzaq durmaq istəmirlər. Nəinki bu niyyətlərindən əl çəkmək fikrində deyillər, eyni zamanda, Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrellin ölkəmizin liderinin bildirdiklərinə reaksiyasından görünür ki, neokolonializmin ən yüksək səviyyəli müdafiəsi təşkil olunmaqdadır. Borrelin nələri dediyinə sonda diqqət yetirəcəyik. İndilik Prezident İlham Əliyevin digər fikirlərinə, daha doğrusu, açıqladığı faktlara nəzər salaq. Dövlətimizin başçısı bildirib ki, 1966–1996-cı illər ərzində Fransa Polineziyası Fransanın apardığı 193 nüvə sınağı səbəbindən ətraf mühitin ciddi pozulması ilə üzləşib: “Fransa orada torpaq və suyun kəskin dərəcədə zəhərlənməsi və radiasiyasına görə məsuliyyət daşıyır. Radiasiya səviyyəsi 4900 faizi keçib. Əgər buna Fransanın Əlcəzairdə illər boyu işğalı zamanı həyata keçirdiyi 17 nüvə sınağını əlavə etsək, biz həmin ölkə tərəfindən planetin ekosisteminə hansı zərərin vurulduğunu görərik. Fransanın “dəniz əraziləri”ndə törətdiyi cinayətlər siyahısı rejimin bu yaxınlarda insan hüquqları pozulmalarını qeyd etməsək, tam olmazdı. Prezident Makronun rejimi Yeni Kaledoniyada kanakların builki legitim etiraz aksiyasında 13 nəfərin həyatına son qoymuş, 169 nəfəri yaralamışdır. 1700 insan həbs edilmişdir. Həmçinin bu il Martinika və Qvadelupada etirazlar zamanı 38 nəfər həbs olunub. Bütün bunlarla yanaşı, Fransa nə Avropa Komissiyası, nə Avropa Parlamenti, nə də ki, Avropa Şurasının Parlament Assambleyası tərəfindən pislənildi. Bu, siyasi riyakarlıqdır. Siyasi korrupsiya rəmzinə çevrilmiş iki təsisat – Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası günahsız insanların qətlinə görə Prezident Makronun hökuməti ilə məsuliyyəti bölüşür. Fransadakı bütün siyası məhbuslar dərhal azad olunmalıdır”.

***

Prezident İlham Əliyevin açıqladığı faktlar dünyanı ciddi şəkildə düşündürməlidir. Nə dərəcədə düşündürür, bu barədə qəti söz demək mümkünsüzdür. Çünki neokolonializmin ən böyük daşıyıcısı olan Fransa öz ampluasındadır. Dünyanın aparıcı ölkələri ona “Dur!” demirlər. Kiçik ada dövlətlərinin sammitində çıxış edən BMT-nin Baş katibi Antonio Quterreş müasir dövrdə müstəmləkəçilik siyasəti həyata keçirənlərə münasibətdə ünvanlı sərt mövqe ortaya qoymadı. Amma onun, ümumən, müzakirə edilən məsələ ilə həmrəy olduğunu açıq şəkildə bildirməsi indilik yetərli sayıla bilər.

Cənab Quterreş ümumi şəkildə inkişaf etməkdə olan kiçik ada dövlətlərinin böyük ədalətsizliklərlə üzləşdiklərini, iqlim dəyişmələrinin, artan qiymətlərin, COVID-19 pandemiyasının bu ölkələrə ciddi ziyan vurduğunu, onların hökumətlərinin çətin vəziyyətdə olduqlarını vurğulayaraq deyib: “Siz – kiçik ada dövlətləri nümayiş etdirirsiniz ki, iqlim ambisiyaları özünü necə büruzə verir. Siz cavab tədbirlərini görən ilk tərəfsiniz. Dünya sizi dəstəkləməli, ilk növbədə, temperatur artımının 1,5 dərəcədə saxlanılması üçün yorulmadan çalışmalıdır. Bu, o deməkdir ki, 2030-cu ilə qədər qlobal atılmalar illik əsasla 9 faiz azalacaq. Həmçinin ənənəvi yanacaqdan istifadə sürətlə və ədalətli şəkildə azalacaq, COP28-in nəticəsi təmin ediləcək. Bu, həmçinin o deməkdir ki, hər ölkə 1,5 dərəcəyə uyğun olması üçün COP30-a qədər yeni, iqtisadiyyatı əhatə edən milli iqlim fəaliyyəti planlarını və ya milli səviyyədə müəyyən edilmiş töhfələr sənədini təqdim edəcək”.

BMT-nin Baş katibinin diqqətə çatdırdığı faktlar son dərəcə vacibdir. Onun bildirdikləri ilə Prezident İlham Əliyevin mövzu barədə açıqladığı məsələləri bir araya gətirsək, belə nəticə hasil olur ki, Bakıda Fransa və Niderlandın timsalında müstəmləkə siyasəti ilə dünya iqlimini korlayanlara qarşı vahid müqavimət koalisiyası yaranıb. Müstəmləkəçilik iqlim dəyişmələrinə səbəb faktor kimi ön plana çəkilib ki, bu da birbaşa Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin xidmətidir.

Ölkəmiz COP29 məsələsində kiçik ada dövlətlərində iqlim dəyişmələri və müstəmləkəçilik məsələlərini qabartmaqla, böyük bəşəri missiyanı yerinə yetirir. A.Quterreş isə bu missiyanın real mahiyyəti baxımından daha bir vacib nüansı qabardır. Söhbət COP29-da dünya səviyyəli maliyyə arxitekturasının yaradılması istiqamətində mühüm addımların atılmasından gedir. “İş burada və indi başlayır. Bizə inkişaf etməkdə olan ölkələrin ehtiyac duyduğu trilyonlarla dollarlıq vəsaitləri toplayan yeni iqlim maliyyə məqsədi lazımdır və imtiyazlı dövlət vəsaitlərində xeyli artım olmalıdır”– deyən Baş katib əlavə edib ki, mövcud sahədə uğur qazanmaq üçün fəaliyyətin daha da gücləndirilməsi zəruridir: “Bu, COP çərçivəsində və ondan sonrakı dövrdə sizi öz səlahiyyətlərinizdən istifadə etməyə çağırıram. Ədaləti tələb edin. Çünki yubanmaq olmaz!”.

***

Bəli, iqlim dəyişmələrinin təsirlərini aradan qaldırmaq istiqamətində məqsədyönlü fəaliyyətin gerçəkləşməsində bir an belə yubanmaq olmaz. Mövcud məqamı Millətlər Birliyi Təşkilatının baş katibi P.Skotlend də vurğulayıb. 56 üzvündən 25-nin inkişaf etməkdə olan ada dövləti olduğunu və onların çox gözəl potensialının mövcudluğunu qeyd edən xanım Skotlend bildirib: “Onlar böyük çağırışlarla üzləşir. Onlar iqlim dəyişmələrinin intensivləşməsinə yüksək dərəcədə həssasdırlar. Bu, fiziki baxımdan daha az ərazi deməkdir. Bununla belə qlobal maliyyə qaydaları onların işini daha da çətinləşdirir. Bütün bunlar onların müqavimət gücünü zəiflədir. Bu səbəbdən kiçik ada dövlətlərinə verilən prioritet birlik proqramımızın əsasını və beynəlxalq sistemdə fəaliyyətimizin özəyini təşkil edir”.

P.Skotlend COP29 çərçivəsində kiçik ada dövlətləri ilə bağlı xüsusi tədbirin təşkilinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirərək, Azərbaycanın qaldırdığı son dərəcə mühüm təşəbbüsə də toxunub: “COP29-a sədrlik edən tərəfin elan etdiyi iqlim maliyyələşməsinə dair fondun yaradılması təşəbbüsü mənə böyük təəssürat bağışladı. Resursların açılmasını və paylanmasını təmin etmək üçün icra mexanizmlərinin işlənilməsinə dəstək verməyə hazırıq. Mən bu təklifi ona görə verirəm ki, üzv dövlətlərimiz təcili şəkildə iqlim maliyyəsi ilə bağlı vədlərə ehtiyac duyur. Onlar buna Yaşıl İqlim Fondu, İtki və Zərərlər Fondu xətti ilə nail ola bilər”.

***

İndi isə anons etdiyimiz kimi, C.Borrellin bildirdiklərindən söz açaq. Borrel “X” sosial şəbəkəsindəki hesabında, öz aləmində Azərbaycan Prezidentini tənqid edib, ölkəmizin liderinin Fransa və Niderland əleyhinə bəyanatlarından dərin təəssüf hissi keçirdiyini yazıb. “Bu qəbuledilməz bəyanatlar konfransın həyati iqlim məqsədlərinə və Azərbaycanın COP29-da sədrliyinin etibarına xələl gətirmək riski daşıyır” kimi fikirlər bölüşən Borrellin həyasızlığı sərhəd tanımır. Əvvəla, sual olunur: Nəyə görə Borrell və onun təmsil olunduğu qurum həyati iqlim məqsədlərinə həssas yanaşmır? Əgər məqsəd iqlimdirsə, hansı səbəbdən Fransa və Niderland COP29-da iştirak etmirlər? Görəsən, COP məsələsində ölkəmizə qarşı hədyanlar yağdırmaq, qarayaxma kampaniyası təşkil etmək çoxmu vacibdir? Bəlkə bu kimi hallar iqlim mövzusuna uyğundur?! Digər tərəfdən, Azərbaycan COP29–la əlaqədar hər iki ölkənin müstəmləkəçilik fəaliyyətini qabartmaqla heç də mövzudan yayınmır və bunu təkcə Prezident İlham Əliyevin deyil, eyni zamanda, kiçik ada dövlətlərinin sammitində çıxış edən digər liderlərin də fikirləri təsdiqləyir.

Söhbət Borrelldən düşmüşkən, Prezident İlham Əliyevin sözügedən Sammitdə səsləndirdiyi bir fikri də diqqətə çatdırmağı vacib sayırıq. “Əgər Avropanın əsas diplomatı Cozep Borrell Avropanı bağ, dünyanın qalan hissəsini isə cəngəllik adlandırırsa, onda Avropa Parlamenti ilə Avropa Şurası Parlament Assambleyasından daha nə gözləmək olar?! Əgər biz cəngəlliyiksə, onda bizdən kənar durun və işlərimizə qarışmayın!”.

Onu da bildirək ki, dövlətimizin başçısının Borrellə bağlı səsləndirdiyi fikirlər onun sammitdən sonrakı sərsəmləmələrinə də cavabdır. Həqiqətən, Avropa üzrə mühüm diplomatik missiya yerinə yetirən şəxs, yəni C.Borrell tutduğu posta daban-dabana zidd, müəyyən mənada, irqçi mahiyyət daşıyan mövqe bildirirsə, deməli, əvvəldə də dediyimiz kimi, bu şəxsin işi-gücü müstəmləkəçiliyə leqal obraz qazandırmaqdır. Halbuki, beləsinin danışmağa haqqı olmamalıdır. Eləcə də neokolonializmi dövlət siyasətinə çevirənlərin də.

Elə isə Prezident İlham Əliyevin COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin sammitində dilə gətirdiyi və ölkəmizin tutduğu yoldan dönməyəcəyini, borrellərə, makronlara və digərlərinə qarşı mübarizədə qətiyyətli davranacağını növbəti dəfə təsdiqləyən bir fikri ilə yazımızı tamamlayaq: “Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi kiçik ada dövlətlərinə dəstək verib, COP29-un sədri kimi onları dəstəkləyəcək və gələcəkdə dostlarımızı dəstəkləməkdə davam edəcək”.

Ə.CAHANGİROĞLU
XQ

Chosen
41
xalqqazeti.az

1Sources