EN

Makron hakimiyyəti itirə-itirə dünyadan qaçır

Fransa indiyə qədər var gücüylə özünü iqlim sahəsində lider dövlətlərdən biri kimi təqdim etməyə çalışırdı


  Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Fransa rəsmisinin COP29-da iştirakdan imtina etməsini tənqid edib. XİN başçısı bildirib ki, fransalı nazirin COP29-da iştirakdan imtina etməsi qeyri-konstruktiv yanaşmadır. C.Bayramovun sözlərinə görə, özünü iqlim sahəsində lider dövlətlərdən biri hesab edən Aİ-nin aparıcı ölkəsi olan Fransanın istənilən bəhanə ilə iqlim mövzusundan kənarda qalması, konfransda iştirak etməməsi yanlış addımdır: “Ən azı Azərbaycan heç vaxt iqlim mövzusunu Fransa ilə münasibətlərinə qarışdırmır. Bizim COP-dan öncə də tədbirlərimiz olub və onların hamısına fransalı danışıqçılar, Fransa nümayəndələri dəvət olunublar və bu tədbirlərdə iştirak ediblər. Bizim COP komandamız da onlarla çox konstruktiv işləyiblər. Bundan öncə də söylədiyim kimi, Fransanın iştirak etməməsi onların öz seçimidir”.
  Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov "Sherg.az"a açıqlamasında deyib ki, Fransanın COP29-a münasibəti təəccüb və təəssüf hissi doğurur. Ona görə ki, Fransa indiyə qədər var gücüylə özünü iqlim sahəsində lider dövlətlərdən biri kimi təqdim etməyə çalışırdı. Ekspertə görə, bu kontekstdə Fransanın ekologiya, energetika və iqlim naziri Anyes Pannye-Runaşenin Bakıya, COP29-a gəlməmək barədə verdiyi qərar həqiqətən də təəccüb doğurur: 

"Əlbəttə, Anyes Pannye-Runaşe bu qərarı özü müstəqil şəkildə verməyib. Bu cür qeyri-konstruktiv qərarı Fransa Prezidenti Emmanuel Makronun verdiyinə şübhə etmirik. 
  Makronun ermənipərəst siyasətinin girovuna çevrilmiş Fransanın COP29 kimi mötəbər iqlim sammitindən kənarda qalması bu ölkənin öz imicinə zərbədir. Anyes Pannye-Runaşenin COP29-a gəlməməsi ilə Fransa özünü qlobal iqlim siyasətinin liderliyindən məhrum etdi. Fransa liderinin bundan sonra iqlim problemləri ilə bağlı pafoslu çıxışlar etməyə heç bir haqqı yoxdur. Dünyanın böyük iqlim fəlakətləri ilə üzləşməsinin əsas günahkarlarından biri olan Fransanın Bakıda keçirilən qlobal iqlim sammitinə qatılmaması bu ölkənin iqlim problemlərinin həllinə münasibətdə qeyri-səmimiliyini göstərir".
  Analitik vurğulayıb ki, Emmanuel Makron və onun energetika naziri Fransanın yürütməyə davam etdiyi neokolonialist siyasətinin Afrika ölkələrində, Əlcəzairdə və Vyetnamda, “dənizaşırı ərazilər” adlandırdıqları adalarda doğurduğu iqlim fəsadlarının qarşısının alınmamasına aydınlıq gətirməlidir: "Makron bu ölkələr qarşısında Fransanın üzərinə düşən öhdəlikləri niyə yerinə yetirmədiyi sualını cavablandırmalıydı. Bu baxımdan, fransalı nazirin COP29-da iştirakı məntiqli olardı. Anyes Pannye-Runaşe gəlib bu sammitdə Fransanın müstəmləkəçi davranışlarından əziyyət çəkən “dənizaşırı ərazilər”in nümayəndələrinin çıxışlarını dinləməli, onların haqlı tənqidlərinə münasibət bildirməli və ölkəsinin törətdiyi cinayətlərə görə üzr istəməliydi. Ancaq Fransa prezidenti və energetika naziri bu məsuliyyətdən yayındılar. Bu isə Azərbaycan Prezidenti İlham Əliyevin COP29 çərçivəsində kiçik ada dövlətlərinin Sammitində Fransa və Niderlandın müstəmləkəçilik siyasəti barədə səsləndirdiyi sərt tənqidi fikirlərin bir daha haqlı olduğunu göstərdi. Ümid edək ki, Fransa rəhbərliyi bu tənqidlərdən düzgün nəticə çıxaracaq və cinayətkar siyasətini davam etdirməkdən əl çəkəcək".

Chosen
38
sherg.az

1Sources